Xəbər lenti

 

Keçən həftə Türkiyənin ATV kanalında nümayiş olunan, iranlı rejissor Məcid Məcidinin Məhəmməd peyğəmbərdən bəhs edən “Hz. Məhəmməd - Allahın elçisi” filmi sosial şəbəkələrdə böyük müzakirələrə səbəb olub. Reytinqlərə əsasən ilk dəfə televiziyada göstərilən film gecə 100 proqram arasında ən çox izlənilən ekran işi olub. 

Publika.az xəbər verir ki, tamaşaçıların bir qrupu filmi bəyəndiyini bildirsə də, Azərbaycanın ilahiyyatçı alimləri ssenaridən narazı qalıb. Bu da kinorejissorlarla ilahiyyatçılar arasında fikir ayrılığına səbəb olub.

İlk növbədə onu qeyd edək ki, filmdə Məhəmməd (s.ə.v.) peyğəmbərin doğumundan 13 yaşına qədərki yaşamı, həmin illərdə Məkkədə baş verən hadisələr əks olunub. Ekran işində Məhəmməd (s.ə.v.) peyğəmbərin üzü və səsi verilməyib, bununla belə vizual görünüşü var - saçı, geyimi və digərləri göstərilir. Peyğəmbərin fikirləri isə subtitrlərdə təqdim olunub.

Azərbaycanlı rejissor Samir Kərimoğlu belə hesab edir ki, ekran işi kifayət qədər uğurlu alınıb. Tanınmış rejissorun sözlərinə görə, filmdə məzhəbçiliyə yol verilməyib:

“Əslində bu filmi çoxdan gözləyirdim, “Hz. Məhəmməd – Allahın elçisi” filminin Azərbaycan kinoteatrlarında da göstərilməsi planlaşdırılırdı. Lakin alınmadı, sonradan da telekanallarda göstərilməyə başlandı. Ümumilikdə filmi bəyəndim. Musiqisi, görüntüsü, səsləndirilməsi, oyunçular, kostyum və rəssam işi çox mükəmməl səviyyədə tərtib olunub. Elşad Mirinin fikirləri (Elşad Miri bunu bir neçə gün öncə modern.az saytına filmlə bağlı fikir bildirərkən söyləyib - red.) ilə razılaşmıram. O, filmin yaradıcı heyətini şiəçiliyi təbliğ etməkdə günahlandırıb, eyni zamanda peyğəmbərin himayədarı olan Əbu Talibin kafir olduğu fikrini bildirərək, filmi çəkən şiələrin onu “islam dəvətçisi” olaraq təqdim etməsinə qarşı çıxıb. Halbuki onun kafir olmağı heç bir yerdə bilinmir. Əbu Talibin peyğəmbərin himayədarı kimi göstərilməsi isə özlüyündə onun böyük məqam sahibi olmasından xəbər verir. Əgər məzhəbçiliyə yol verilsəydi, peyğəmbərin uşaqlığından başqa, peyğəmbərlik dərəcəsinə çatmasını da göstərərdilər”.

S.Kərimoğlu açıqlamasında Məcid Məcidlinin dinə aid filmlər çəkən rejissor olmadığını xüsusi vurğulayıb:

“Bu film ona sırf peşəkar rejissor olduğu üçün həvalə olunub. Lakin qeyd etmək lazımdır ki, M.Məcidi həm rejissor, həm də ssenarist kimi istedadlıdır. Baxanda hiss olunur ki, rejissor filmi çox ehtiyatla işləyib, ifrata varmamağa çalışıb. Film xristianlıqda uşaqlar üçün olan “Детская Библия" tərzinə bir qədər yaxın idi. Heç bir aqressiya nəzərə çarpmadı, ekran işinin aurası həddən artıq xoş və yumşaq idi. Ümumiyyətlə, din həssas bir mövzudur, onu tamaşaçıya qıcıqlandırmadan çatdırmaq həqiqətən qəliz işdir. Rejissor bu məsələyə çox tolerant yanaşıb, eyni zamanda çox böyük mesajlar verə bilib. Məsələn, istər xristianlar, istəsə də yəhudilər peyğəmbərin gəlişini əvvəlcədən bilirdilər. Halbuki bu fakt inkar edilib. Həmin hissə çox qabardılmadan verilib. Həmçinin bildiyim qədərilə operator seçimində də peşəkarlığa üstünlük verilib. Ekran işinin baş operatoru italyandır”.

Rejissor xoşuna gəlməyən bir məqamı da qeyd edib: “Quşlar səhnəsi mənə görə pis təqdim olunub. Kaş ki, onu göstərməzdilər. Bu səhnə mənə 63-cı illərdə Xiçkokun “Quşlar” haqqında çəkilən mistik filmindəki effektləri xatırlatdı. Bu səhnənin dramaturji xəttdə ciddi rolu yox idi. Həm də bildiyimə görə, film üç hissədən ibarət olacaq. Film bitmədiyinə görə, dramaturji baxımdan nöqsanlı görünə bilər”.

S.Kərimoğlu “Əbu Bəkr” məscidinin imamı Hacı Qamət Süleymanovun “Din ümumiyyətlə filmin çəkilməsinə, surətin təsvir edilməsinə heç də yaxşı yanaşmır” (O, bunu bir neçə gün öncə modern.az saytına filmlə bağlı fikir bildirərkən deyib - red.) fikrinə də qarşı çıxıb:

“Əgər hər hansı bir ekran işi gözəlliyi, insanpərvərliyi təbliğ edirsə, yaxşılığa çağırırsa, niyə də çəkilməsin? Üzün göstərilib, göstərilməməsinin nə fərqi var ki? Hər halda Yusif peyğəmbərin filmində üzü göstərilmişdi. Dinindən və millətindən asılı olmayaraq bu filmi hər kəs sevə-sevə izləmişdi”.

Rejissor Mahir Dərviş də film haqqında təəssüratlarını bizimlə bölüşüb:

“Filmin çəkiliş zamanı gedən prosessləri izləyirdim və Məcidinin dünya şöhrətli istedadlı sənətkar olmasına şübhə yoxdur. Elşad Miriyə gəldikdə o, kinemotoqrafdır, yoxsa kino tənqidçi? Bu gün hamı ilahiyyatçı alimdir, lakin kinoşünas deyil. Kino xüsusi sənətdir. Elşad Miri ancaq tamaşaçı kimi öz fikrini deyə bilər, lakin filmi tənqid etməyə onun əsla ixtiyarı yoxdur. Filmin detallarından tutmuş bütün rəmzi mənalarına qədər hamısı rejissorun məharətlə tamaçıya çatdıracağı mesajlar əslində ariflik məqamıdır. İlahıyyatçı kino tənqidçisi deyil. Elşad Miriyə tövsiyəm budur ki, ilahiyyat aləmində belə bir ifadə var: onda bunda səhv axtaran adam, özü səhvlərin və nöqsanların mənbəyidir”.

Qeyd edək ki, ilahiyyatçı Elşad Miri modern.az-a verdiyi açıqlamada filmlə bağlı fikirlərini belə ifadə edib:

“Filmdə tamaşaçılara Məhəmməd (s.ə.v.) peyğəmbərin körpəliyi təqdim edilir. Saçı, bədəni, barmaqlarının arasından gözləri göstərilsə də, sadəcə üzü tam olaraq göstərilmirdi. Bu məqam nə qədər peyğəmbərimizə hörmət kimi təqdim edilsə də, unutmayaq ki, hazırda bəzi muzeylərdə Məhəmməd peyğəmbərə məxsus olduğu iddia edilən, guya peyğəmbər saqqalının tükü hələ də sərgilənir. Balaca Məhəmmədin başının üzərində buludun onu təqib etməsi, doğularkən eyni anda başqa ölkələrdə qeyri-adi hadisələrin baş verməsi, dağların, daşların “Məhəmməd” deyə səslənməsi, kiçik Məhəmmədin süd anası Həliməni sağaltması və s. məqamlar filmin xurafatdan bəhrələnməsinin bariz numunəsidir.

Peyğəmbərin körpəlik və gənclik dövrü möcüzəli tərzdə təqdim edilib. Peyğəmbərin insan, nümunə götürülməli bəşər olması deyil, əksi iddia edilir. Eyni zamanda məzhəbçilik özünü açıq şəkildə göstərir. Özünü sünni adlandıranlar hədislərə əsaslanaraq peyğəmbərin himayədarı olan Əbu Talibi “kafir” adlandırmalarına baxmayaraq, filmi çəkən şiələr isə onu “islam dəvətçisi” olaraq təqdim edirlər. Bu filmdə ikinci düşüncənin hakim olduğu açıq-aşkar vurğulanır. Ümid edirəm ki, bu sahənin peşəkarları çıxıb Allahın sonuncu elçisini onu göndərənin bəhs etdiyi kitabdakına uyğun olaraq, nümunə götürüləcək tərzdə bizlərə təqdim edəcək”.

Aytən




Ana səhifəyə qayıt        Baxış: 1 472          Tarix: 12-06-2017, 11:49      

Xəbəri paylaş


Paylaş:   

Prizma