Xəbər lenti

ABŞ-da Rusiyanın prezident seçkilərinə müdaxiləsini və Donald Trampın komandasının ruslarla işbirliyini araşdırmaq üçün təyin edilmiş xüsusi prokuror Robert Müller Trampın özünə qarşı təhqiqata başlayıb. Virtualaz.org xəbər verir ki, bu barədə “The Washington Post” beş anonim mənbəyə istinadən yazır. Bildirilir ki, xüsusi prokuror Trampın ədalətə əngəl yaratmasından şübhələnir və müstəntiqlərinə bu ittiham üzrə təhqiqat göstərişi verib. Bundan əvvəl hesab edilirdi ki, Rusiya təhqiqatının obyekti Tramp özü yox, onun ətrafında olan adamlardır. Bunu Trampın qəfil işdən azad etdiyi FTB direktoru Ceysm Komi də açıqlamışdı.

Lakin qəzet yazır ki, situasiya Ceyms Kominin işdən azad edilməsindən sonra kəskin dəyişib. Çünki Trampın Komini azad etməsi onun apardığı Rusiya təhqiqatını əngəlləmək cəhdi kimi qiymətləndirilib. İndi qəzetə məlumat verən mənbələr deyirlər ki, xüsusi prokuror Müller kəşfiyyatın yüksək vəzifəli əməkdaşlarını dindirir və Trampın ədalətə əngəl yaratması barədə dəlillər toplamağa çalışır.

Bu iş üzrə ifadə vermək üçün xüsusi prokuror Milli Kəşfiyyat Agentliyinin direktoru Denel Koatsı, Milli Təhlükəsizlik Agentliyinin rəhbəri Mayk Rocersi və onun bu yaxınlarda istefa vermiş müavini Riçard Leceti ifadə verməyə çağırıb. Müllerin daha kimləri dindirəcəyi məlum deyil, çünki təhqiqat olduqca məxfi aparılır.

Milli Kəşfiyyat Agentliyindən bildiriblər ki, onlar xüsusi prokurorla hərtərəfli əməkdaşlıq edəcəklər. Qəzet yazır ki, hətta ciddi dəlillərin aşkar edilməsi halında Trampa qarşı cinayət işi qaldırmaq mürəkkəb məsələdir, ancaq bu dəlillər impiçment üçün əsas ola bilər.

Robert Müller

Xəbər verildiyi kimi Tramp-Rusiya əlaqələrinə görə təhqiqatın getdikcə dərinləşdiyi bir vaxtda respublikaçı konqresmen, ABŞ prezidentinin yaxın tərəfdaşı Stiv Skalis demokratlardan prezidentliyə iddiaçı Berni Sandersin tərəfdarı olan 66 yaşlı şəxs tərəfindən güllələnib. Həmin şəxs özü Xüsusi Xidmət əməkdaşları ilə atışmada aldığı yaralardan ölüb. Konqresmen əməliyyat olunub və vəziyyəti ağırdır. Ona atəş açan şəxs Trampı “satqın” hesab edirdi.

Bu insidentdən az sonra Respublikaçılar partiyasının Konqresdəki digər nümayəndəsi Klodiya Tenni elektron poçtla ölüm təhdidi alıb. Məktubu göndərən şəxs yazır: “Biri getdi, qaldı 216-sı. Sən bunu gözləmirdin? Siz içərinizdəki varlıları daha da varlandırmaq üçün minlərlə sadə insanların həyatını qəsb edəndə bilməliydiniz ki buna görə həyatınızla cavab verəcəksiniz”.

Tenninin nümayəndəsi məktubu polisə təqdim edib. Onun nümayəndəsi bildirib ki, aldıqları təhdid son hadisələr fonunda olduqca narahatedicidir. Konqresmen Tenni seçki kampaniyasında Trampa dəstək verib.

 




Ana səhifəyə qayıt        Baxış: 790          Tarix: 15-06-2017, 12:06      

Xəbəri paylaş


Paylaş:   

Prizma