Xəbər lenti

 Xalaclar əski türk soylarından biridir.  IX – X yüzillikdə yaşamış ərəb səyyahlarının əsərlərində xalacların adına rast gəlmək mümkündür. Ən azı 2000 – 2500 illik tarixə malik olmalarına baxmayaraq, xalacların tarixi və tarixdəki rolu kifayət qədər araşdırılmamışdır. Yalnız 20-ci yüzillikdən başlayaraq avropalı, iranlı və daha sonra türkiyəli türkoloqlar tərəfindən araşdırmaya cəlb edilmişdir. Türkiyədə Faruk Sümərin, Fuat Köprülünün xalaclarla bağlı araşdırmaları var. İranda isə xalac türkləri ilə bağlı iki kitab nəşr olunub. Bunlar Əli Əsgər Cemrasinin “Halac-ha yadegari türk-hayi Bastan” (Əski türklərin yadigarı Xalaclar) və Abdullah Vaşganinin “Halac-ha der aineyi-tarix” (Xalaclar tarixin aynasında) kitablarıdır. Bunlardan əlavə ayrı-ayrı kitablarda xalaclar haqqında qismən də olsa bəhs edilmiş, internet saytlarında və dərgilərdə onların haqqında bir neçə məqalə yayımlanmışdır. Azərbaycanda isə indiyə qədər bu boy haqqında hərtərəfli araşdırma aparılmamışdır. Xalacların tarixi ilə az-çox tanış olduqda bəlli olur ki, onlar tarixdə yetərincə ünlü soylardan biri olmuş, bir neçə dövlətin yönətilməsində fəal rol oynamış, bəzi hallarda isə bütöv bir regionda ictimai-siyasi düşüncəyə yön verən toplumlardan olmuşlar. Tarixdə xalac boyuna mənsub olan kifayət qədər ünlü insanlar var. Onların haqqında araşdırmanın sonunda ayrıca söz açacağıq.

            Xalac adının anlamı

Mahmud Kaşğarlının “Divani lüğət-it türk”  əsərində adı şəkilən türk boylarından biri də xalac türkləridir. Burada xalac sözünün mənşəyi haqqında belə yazılır: “...İyirmi ikilər onlara qal ac deyirlər, “ac qal” deməkdir. Sonradan onlara xalac deyilmişdir”. Xalac adının anlamı haqqında danışan əksər araşdırmaçılar xalac sözünü  “qal ac” sözü ilə əlaqələndirirlər. Lakin bu variantın doğru olduğunu düşünmürük. Erkən orta yüzilliklərdə, özəlliklə Bizans qaynaqlarında xalac boyunun adı “xolas” şəklində də yazılıb. Fikrimizcə, xalac sözünün ilkin variantı məhz “xolas”, yaxud da “kolas” olub. As və ya az sözü ən əski türk soylarından birinin adıdır. Türklərin yaşadığı ərazilərdə bir çox toponimlərdə sıx-sıx “as”ın izlərinə rastlanırıq. Orxon-Yenisey abidələrində də “Az bodun” ifadəsi var. Çox böyük ehtimalla xalaclar əski azlardan (as – az – uz) bir qol olaraq ayrıldıqları üçün ilk adları Xolas və ya kolas olub. Sonralar yüz illər ərzində forma dəyişdirərək xalac və ya kalac şəklini alıb.

                             Xalacların kökəni

Xalaclar bizim eranın əvvəllərində Qazaxstanın güney ərazilərində Sır-Dərya və Amu-dərya çayları arasında, eləcə də Xorasanın quzey ərazilərində yaşamışlar. Lakin buraya nə zaman yerləşdikləri və yaxud daha əvvəl harada yaşamaları barədə hələ ki dəqiq bilgi yoxdur. Xalaclar 5-ci yüzilliyin əvvəllərinə qədər ayrı-ayrı türk dövlətlərinin tərkibində öz varlıqlarını qoruyub-saxlamışlar. Eyni zamanda döyüşçü türk toplumlarından biri kimi şöhrət qazanmışlar. Erkən orta yüzilliklərdən başlayaraq, Xorasanın quzeyindən içərilərinə doğru yerləşməyə başladılar. Türkiyəli professor Ahmed Taşağıl “İslamöncəsi dönəmdə Orta Asiyada yaşayan türk boyları” adlı monoqrafiyasında yazır:  “Xorasandan güneyə doğru irəliləyən xalaclar Sistana gələrək orada yurd saldılar”. Sistana köç edənlər sözsüz ki, xalacların bir qismi idi. Araşdırmaçı Bilal Hatami 2013-cü ildə Ankarada nəşr edilən bir monoqrafiyasında orta yüzilliklərin yazılı qaynaqlarına istinad edərək xalaclar haqqında bunları deyir:

“Böyük ehtimalla xalaclar İslamdan öncə hökumət qurmuşlar. Nədən ki, Səmərqəndin 6 kilometrliyində tapılan Pencik şəhərinin qalıntılarında üzə çıxan pullar üzərində soğdi dilində “Xalac Ordu”, yəni xalac başkəndi yazılıb. Bu pullara və Kasan qalasında tapılan yazılara dayanaraq demək olar, o dönəm xalac soyundan iki qadın və üç kişi hökm sürmüş və öz adlarına pul da buraxmışlar”. Göründüyü kimi hələ İslamdan öncə xalaclar Orta Asiya ərazilərində və Xorasan ətrafında ünlü türk soylarından biri olmuşdur.

Xalacların daha fəal şəkildə ortaya çıxması isə Ağ Hun dövlətinin yaranması ilə bağlıdır. 408-ci ildə (bəzi qaynaqlarda 420-ci il yazılır) Xəzərin doğu sahilindən Hindistanın quzey hissəsinə doğru uzanan ərazilərdə qüdrətli Ağ Hun dövləti quruldu. Bu dövlətin əsas qurucuları olan bir neçə türk boyundan biri məhz xalaclar idi. Xalaclar həmin dönəmdən başlayaraq, indiki Əfqanıstan və Hindistan ərazilərində güclü mövqe qazanmışdılar. Bu ərazilərə yerləşmələri isə ən azı Ağ Hun dövlətinin qurulmasından yüz illər əvvələ aiddir. Təsadüfi deyil ki, 13-cü yüzilliyin əvvəllərində Hindistan ərazisində meydana çıxan Dehli Türk Sultanlığını sonralar 30 ildən artıq xalac türkləri idarə etmişdi. Bu gün də bu ərazilərdə 10 minlərlə xalac türkü yaşamaqdadır. Sonralar Qaraqoyunlu dövlətində və Səfəvi hakimiyyəti dönəmində də xalaclar önəmli mövqeyə sahib olan türk boylarından biri oldular. Orta yüzilliklərdə xalacların yerləşmə arealı Orta Asiyadan Qafqaza, Hindistandan Kırıma qədər genişləndi. Hazırda bu ərazilərdə ümumilikdə yüz minlərlə xalac türkü yaşamaqdadır. Lakin təəssüflər olsun ki, son yüz illərdə əsasən Hindistanda və Əfqanıstanda, qismən isə İranda olmaqla on minlərlə xalac assimilyasiyaya uğradı, dillərini itirdi.

               Hindistan xalacları

                              “Hindistan bir anadır. Onun iki övladı var.

                              Bunların biri türklər, digəri isə hindlilərdir”.

                                                                     Mahatma Qandi

                                         Hindistan Azadlıq Hərəkatının lideri

 Türklər Hindistanda bizim eranın ilk yüzilliklərində məskunlaşmışdılar. Sonralar min ilə yaxın Hindistanı türklər idarə etmişdi. Bu anlamda Mahatma Qandi türklər və hindlər haqqında söylədiyi deyimdə çox haqlıdır.

Hindistanda məskunlanaşan ilk türk boylarından biri də xalac türkləridir. Təəssüflə qeyd edilməlidir ki, türklərin Hindistan tarixindəki yeri və rolu hələ yetərincə araşdırılmayıb. Bu səbəbdən burada yaşayan türklərin, eləcə də xalacların fəaliyyəti, adət-ənənələri və sayları barədə dəqiq bilgi yoxdur.

Xalaclar Hindistan tarixində silinməz izlər buraxıblar. Dehli Sultanlığının qurulmasında və yönətilməsində fəal rol oynadıqları kimi bu ölkədə mövcud olan maddi-mədəniyyət abidələrində də xalacların zəhməti var. Hindistanda 300 ildən artıq hökm sürən Dehli Sultanlığının başçılarından 3 nəfəri xalac olmuşdu. Yazının sonunda onların hər biri haqqında danışacağıq.

Dehli Sultanlığına xalacların rəhbərlik etdiyi dönəmdə bir sıra memarlıq nümunələri inşa edilmişdi, yeni yaşayış yerləri salınmışdı. Xalac türklərindən olan Firuzun dönəmində isə Firuzabad şəhəri salınmışdı. Hindistandakı məşhur “Qüvvətül-İslam” məscidində Əlaəddin türbəsi var. Əlaəddin isə ünlü xalac türklərindən biridir.

Bəzi qaynaqlara görə Hindistanda yaşayan türklərin ümumi sayı 100 milyondan artıqdır. Xalaclar bu ərazilərə ilk yerləşən  və üstəlik Hindistan tarixində önəmli yer tutan türk soylarından biridir. Burada xalac türklərinin sayının 100 mindən artıq olduğunu ehtimal etmək olar.

İran xalacları

İranda xalac adlı 40-dan artıq ərazi, kənd, dağ və sair yerlər  var. Abdullah Vaşqaninin “Tarix aynasında xalaclar” kitabında yazdığına görə İranda xalac türklərinin yaşadığı 47 kənd var.

Əli Əsgər Gemrasi “Əski türklərin yadigarı xalaclar” kitabında İranda Tehranla Qum arasında yerləşən Xalacistan adlanan ərazidən bəhs edir. Onun yazdığına görə İranda 54 kənddə xalac türkcəsində danışılır. Gemrasinin yazdığına görə İranda yaşayan xalaclar 13-cü yüzillikdə monqol hücumları zamanı Suriyaya, Livana və Fələstinə köç edir. Təxminən, yüz il sonra Əmir Teymur dönəmində yenidən tarixi torpaqlarına – İrana geri dönürlər. Araşdırmaçı Əli Əsgər Gemrasi bu haqda belə yazır:

“Xalac boyunun ağsaqqalları Əmir Teymurun qəbuluna getmiş və onları İrana öz torpaqlarına geri qaytarmasını xahiş etmişlər. Əmir Teymur onların xahişini qəbul etmiş və xalacların İrana dönüşünü təmin etmişdi”.

İranda xalaclar bir çox bölgələrdə yaşayırlar. Bəzi qaynaqlara görə İranda xalacların yaşadığı kəndlərin sayı 60-dan çoxdur. Onların ən çox məskunlaşdıqları bölgə isə  İranın mərkəzi – Tehrandan Quma qədər olan ərazilərdir.

İranda ayrı-ayrı soyların siyahıya alınması aparılmadığı üçün (yaxud da aparılıb, ancaq gizli saxlandığı üçün) burada xalacların sayı haqqında dəqiq bilgi yoxdur. Bu rəqəm 40 minlə 70 min arasında dəyişir. Lakin İranda xalacların sayının bundan ən azı 3 dəfə çox – 150-200 min civarında olduğunu düşünürük. Nədən ki, İran hakimiyyəti hər zaman bu ərazilərdə yaşayan türklərin sayını mümkün qədər gizlətməyə və rəqəmləri kiçiltməyə çalışır. Ayrıca, əhalisi 1 milyondan çox olan  Qum şəhərinin məhəllələrindən biri bütünlüklə xalac türklərindən ibarətdir. Üstəlik, bəzi araşdırmaçıların yazdığına görə təkcə Tehranda 20  minə yaxın xalac var.

Əfqanıstan xalacları

 Hazırda Əfqanıstanın 33 milyon əhalisi var. Ölkə əhalisinin 15 milyonu türk mənşəlidir. Lakin türk əhalinin böyük hissəsi assimilyasiyaya uğrayıb, ana dillərini unutmuşlar. Burada assimilyasiyaya məruz qalan türk soylarından biri də xalaclardır.

Əminliklə demək olar ki, Əfqanıstan ən əski türk yurdlarından biridir. Bu ölkəni miladdan 150 il əvvəldən başlayaraq, son yüz ilə qədər fasilələrlə türklər idarə etmişdir. Miladdan öncə 125-ci ildən miladın 40-cı ilinə qədər Saka türkləri, Miladın 40-cı ilindən 5-ci yüzilliyə qədər Kuşanlar, 5-ci-6-cı yüzillikdə Ağ Hunlar Əfqanıstanda hakimiyyət sürmüşlər. Sonrakı dövrlərdə Əfqanıstan yüz illər boyu Qəznəli türklərinin, Səlcukların, Əmir Teymur nəslindən olanların, Səfəvilərin, Afşarların və digər türk dövlətlərinin tərkibində olmuşdur.

Deməli, türklər hələ miladdan yüz illər öncə Əfqanıstan ərazilərində məskunlaşmağa başlamışlar. Xalaclar sakalardan sonra Əfqanıstan ərazilərinə yerləşən ilk türk boylarından biridir. Lakin Xorasanın bir hissəsinin Əfqanıstan sərhədlərinin daxilində yerləşdiyini nəzərə alsaq,  söyləmək olar ki, miladdan yüz illər deyil, bəlkə də min illər öncə də bu torpaqlarda türklər yaşayıb. Nədən ki, Xorasanın ən əski türk yurdlarından biri olduğu danılmazdır.

Görünən budur ki, erkən orta yüzilliklərdə xalac türkləri Əfqanıstan ərazisində sayılıb-seçilən türk boylarından biri olmuşdur. Sözsüz ki, onlar Əfqanıstan ərazisində hökm sürmüş türk dövlətlərinin ordusunda və yönətimində rol almışlar. Ağ Hun dövlətinin  qurulmasından sonra xalaclar Əfqanıstanda daha önəmli mövqeyə sahib olmuşdular. Həmin dönəmdə Əfqanıstan da Ağ Hun dövlətinin tərkibinə daxil idi. Bu dövləti quran əsas türk boylarından biri isə xalac türkləri idi. Deməli, xalaclar uzun illər Əfqanıstanı idarə edən boylardan biri olub.

Təəssüf ki, Əfqanıstan tarixində də türklərin yeri və rolu geniş şəkildə araşdırılmamışdır. Bu səbəbdən xalac türklərinin də Əfqanıstan tarixində oynadığı rol və bu ölkənin tarixində özünəməxsus yer tutmuş ünlü xalaclar haqqında bilgilər yox həddindədir. Əfqanıstan xalaclarının keçdiyi tarixi yol və onların bu günki durumu ayrıca öyrənilməlidir.

Azərbaycanda xalaclar

Türkiyədə nəşr olunan İslam ensiklopediyasında Xalacların “Azərbaycan və Anadolu ərazilərinə Monqol hücumları zamanı gəldiyi  təxmin edilir” –cümləsi yer alır. Müəlliflər fikirlərini əsaslandırmaq üçün “hətta Kırımda Xalac adlı kəndlər var” – fikrini əlavə edir.

Lakin araşdırmalar və ortada olan faktlar göstərir ki, Xalaclar Azərbaycan ərazilərinə min illər öncə köç etmişlər. Monqol hücumları zamanı xalacların gəlişi isə onların Azərbaycan ərazilərinə 2-ci köçü idi. Naxçıvan ərazisində Xalac adlı yaşayış massivində arxeoloji qazıntılar zamanı əldə edilən maddi-mədəniyyət nümunələri bizim eradan xeyli əvvəl xalacların bu ərazilərdə yaşamasını bəlli edir. Nədən ki, arxeoloq alimlərimiz bu ərazilərdən tapılan örnəklərin miladdan öncəyə aid olduğu qənaətindədirlər. Tarixçi alim Vəli Baxşəliyev yazır:

“Xalac yaşayış yeri Şərur rayonunun eyni adlı kəndi yaxınlığında, Arpaçayın sağ sahilində yerləşir. Yaşayış yeri, burada açılan mərmər daş karxanasında gedən işlər zamanı dağıdılmışdır. Onun salamat qalmış hissəsinin sahəsi 0,5 hektardır. Abidədən toplanan yerüstü materiallar boz və çəhrayı rəngli gil qab parçalarından, əmək alətlərindən ibarətdir”.

Aşağıdakı cümlələri isə “Arpaçay vadisinin tunc dövrü arxeoloji abidələri” monoqrafiyasının müəllifi Zeynəb Quliyeva yazır:

“1982-ci ildə Arpaçay vadisində V.H. Əliyev və A.Q. Seyidov tərəfindən daha bir qədim yaşayış yeri Xələc kəndində aşkar edilmişdir. 1984-cü ildə eyni tədqiqatçılar tərəfindən Ərəbyengicə yaşayış yerində aparılan qazıntılar nəticəsində daş alətlər və keramika nümunələri tapılmışdır . 2008-ci ildə A.Q. Seyidov və V.B. Baxşəliyev tərəfindən yenidən tədqiqat obyektinə çevrilən yaşayış yerindən Eneolit və Tunc dövrünə aid artefaktlar aşkar edilmişdir”.

Misalların sayını istənilən qədər artıqmaq olar. Qənaətimiz budur ki, xalac türkləri hələ miladdan yüz illər öncə Azərbaycan ərazisində yaşamışlar. 13-cü yüzillikdə Xorasandan və Xorasan ətrafı bölgələrdən Quzey Azərbaycana köç edən xalac türkləri min ildi bu torpaqlarda yaşayan qohum-əqrəbalarının yanına gəlmişdilər.

Qərbi Azərbaycanda  Zəngəzur qəzasında Qisar Xalac (1905-ci ildə əhalisi deportasiya olunaraq kənd tarixdən silinmişdir), Qafan rayonunda Xalac çayı və Xalac kəndi, İrəvan quberniyasının Şərur-Dərələyəz mahalında Xalaclar yurdu vardı. Erməni işğalı və vandalizmi nəticəsində həmin yerdə  bu adlar tarixdən silindi.

Anadoluda – Antaliyada, Boluda, Yozqatda, Ankarada, Tokatda və digər bölgələrdə ümumilikdə 20-yə yaxın Halaçlar, Halaçlı (bəzi hallarda Hallaç) adlı kəndlər qeydə alınıb.

Azərbaycanda 3 rayonda Sədərəkdə, Şərurda və Şamaxıda Xalac dağı var.

Bundan başqa ayrı-ayrı rayonlarımızda, o cümlədən Xızıda, Qubadlıda, Salyanda, Şərurda və Ucarda Xalac adlı kəndlərimiz var.

Abşeron ərazisində yerləşən Ataçayın sağ qolu əvvəllər Xələççay adlanıb. Hazırda xələnçəçay kimi yazılır.

Bundan əlavə Azərbaycanda Xalac türklərinin ayrı-ayrı tirələri (qolları) məskunlaşıb. Salyan ərazisində Çandar (çandarlılar), Beyləqan rayonunda Aşqallılar (onların yaşadığı ərazinin adını yanlış olaraq dəyişib Aşıqalılar qoyublar), yenə Beyləqanda Aşıqlılar, Xocavənd, Ağdam və Füzuli ərazisində Çəmənlilər, Beyləqanda Dünyamalılar (Dünyamalılar kəndinin əvvəlki adı Xələc olub), Gədəbəy rayonunda yaşayan Fərzalılar, Zərdab, Xaçmaz və Beyləqan rayonunda Gödəklilər və s. Azərbaycanın müxtəlif ərazilərində məskunlaşan Xalac tirələridir.

Bütün bunlar xalac türklərinin əski tarixə malik olmasının və çox geniş arealda yayıldığının göstəricisidir.

 

                     Tarixdə iz qoymuş ünlü xalaclar

                      Hallac Mənsur Xalac Mənsurdur

 IX-X yüzillikdə yaşamış ünlü sufi Həllac Mənsur haqqında çox yazılıb. Bu üzdən onun həyatı haqqında danışmaq fikrimiz yoxdur. Sadəcə adı üzərində düşüncələrimizi bildirəcəyik.

Əksər müəlliflər onun atasının sənətinin Hallac (yun darayan, pambıq darayan) olduğu üçün Mənsura da Hallac Mansur deyildiyini yazırlar. Ancaq bütün müəlliflər bunu ehtimallar üzərində yazır. Ortada heç bir tutarlı fakt və ya qaynaq yoxdur.

Həllac Mənsur Xorasanlıdır. Xorasanın Tur kəndində doğulub. Haqqında yazanların bir çoxu onun milliyətinə toxunmasalar da bəziləri onun fars olduğunu yazır. Biz isə onun türk, həm də məhz Xalac türkü olduğunu düşünürük;

- Xorasan ən əski zamanlardan türk yurdudur. Buraya farslar ilk dəfə gələndə artıq min illər idi ki, Xorasanda sıx şəkildə türklər yaşamaqda idi.

- Hallac Mənsurun doğulduğu kəndin adı Tur kəndidir. Tur türklə, turanla bağlı olan etnotoponimdir. Erkən orta yüzilliklərdə Turda farsların  yaşamasını nə tarixi qaynaqlar yazır, nə də məntiq qəbul edir.

- Türkiyədə yaşayan bəzi Xalaclar bu gün də özlərini məhz Hallaç türkü adlandırır. Türkiyənin Havran bölgəsində Hallaç adlı kənd var. Kəndin əhalisi özünü xalac türkü hesab edir. Bu kənddən olan araşdırmaçı Hasan Dəmirbaş bir neçə il öncə xalaclarla bağlı hazırladığı kitabı məhz “Türkiyədəki hallaç türkləri” adıyla yayımlayacağını bildirmişdi.

-Kiməsə atasının sənətinə görə ləqəb qoşmaq nə dərəcədə məntiqə uyğundur? Atası müəllim olanlara müəllim və ya atası həkim olanlara həkim deyilirmi?

- Peşə bildirən sözlər əksər hallarda addan sonra gəlir; Səməd müəllim, Həsən həkim çağırılır, müəllim Səməd, həkim Həsən çağırılmır.

-Etnik mənsubiyyət bildirən sözlər isə əksər hallarda addan əvvəl  deyilir və yazılır. Məsələn, kürd Əhməd, Kolanı Vəli, Padar Cəmil və sair.

Xalacların İslamdan ən azı yüz illər öncə Xorasana yerləşməsi və sıx şəkildə burada məskunlaşması ilə bağlı kifayət qədər tutarlı tarixi qaynaqlar var.

Roza Eyvazova tarixçi alim M. Vəliyevə istinadən yazır: “Xalac tayfası lap qədimlərdən Xorasanda və İraqda yaşayan qədim türk tayfalarından biridir”

Həllac Mənsur da əski türk yurdu olan Xorasanda – Tur kəndində doğulan türkdür və xalac türküdür.

Leknevti xalacları

Məhəmməd Bəxtiyar Xalaclı

13-cü yüzilliyin əvvəllərində Benqal körfəzi sahillərinə yaxın, Hindistanın quzey ərazilərində Leknevti Sultanlığı quruldu. Bu ərazilər xalac türklərinin sıx yaşadığı ərazi idi. Sultanlığın qurucusu bu torpaqlarda yaşayan xalac türklərindən olan Məhəmməd Bəxtiyar Xalaclı idi. O, ətraf bölgələrdə yaşayan xalacları ətrafına toplayaraq 1202-ci ildə Leknevti Xalaclı Xanədanlığını qurdu. 1205-ci ildə artıq onun komandanlığı altında 10 minlik qoşun vardı. Tibeti fəth etmək istəyinin nəticəsiz qalması və bura səfərinin uğursuz alınması onun nüfuzdan düşməsinə səbəb olmuşdu. Məhəmməd Bəxtiyar Xalaclı 1206-cı ildə ölür. Ölüm səbəbi haqqında 2 versiya var;  1-ci versiyaya görə ağır məğlubiyyətdən sonra xəstələnmiş və kədərindən ölmüşdür. 2-ci versiyaya görə Əli Mərdan adlı ordu başçısı (əmir) tərəfindən öldürülmüşdür.

İzzəddin Məhəmməd Xalaclı

1206-cı ildə Məhəmməd Bəxtiyarın ölümündən sonra Xalaclı Xanədanının başına keçmişdi. Ordu başçıları arasında xeyli tərəfdarının olması onun xanədan rəhbəri olmasını təmin etmişdi. O, 1211-ci ilə qədər hakimiyyətdə olmuşdu.

Əlaəddin Əli Xalaclı

1211-ci ildə İzzəddin Məhəmməd öldü. Əlaəddin Əli Xalaclı xanədanlığın rəhbəri oldu. Az müddət sonra hakimiyyətdə yerini möhkəmləndirmək üçün özünə rəqib hesab etdiyi ordu başçılarını sıra ilə müxtəlif bəhanələr gətirməklə aradan qaldırmağa başladı. Bu da onu xeyli nüfuzdan salmış oldu. Bir qədər sonra vergiləri artırması ondan narazı olanların sayını xeyli artırdı. 1213-cü ildə xalac ordu başçıları birləşərək Əlaəddin Əli Xalaclını devirdilər.

Qiyasəddin Xalaclı

Leknevti Xalaclı Xanədanlığının ən uzunömürlü başçısıdır. Hakimiyyətdə olduğu müddətdə xalqla ədalətli

davranmağa çalışmışdı. Daxili nizam intizam yaratmaq üçün bir sıra işlər görmüşdü. Onun zamanında Leknevti ərazilərinin Dehli Sultanlığı tərəfindən zəbt edilməsi xanədanlığı xeyli zəiflətmişdi. Qiyasəddin bu torpaqları geri almaq üçün çox çalışsa da mümkün olmamış, 1227-ci ildə Dehli Sultanlığı Leknevti Xalaclı xanədanlığına son vermişdi. Onlara məxsus olan bütün torpaqlar Dehli sultanlığının tərkibinə qatılmışdı.

Bilgə Məlik

1227-ci ildə Leknevti xalacları Bilgə Məliyi başçı seçmişdilər. Lakin bu seçim formal idi. Nədən ki, artıq nə torpaqlar vardı, nə də xanədanlıq. Bir neçə il yenidən xanədanlıq qurmaq uğrunda çalışmışdılar. 1230-cu ildə Bilgə Məliyin başçılığı ilə Dehli Sultanlığına qarşı üsyan qaldırmışdılar. Lakin nəticə uğursuz olmuşdu. Bilgə əski türklərdə ağıllı, müdrik və bilgili adama deyirdilər. Görünür xanədanlığın süquta uğradığı dönəmdə yenidən xanədanlıq qurmaq üçün bu dəfə bilgə başçı seçilməsinə ehtiyac duymuşdular.  Lakin bu da alınmadıqda, xalaclar başqa bir ağıllı seçim etmişdilər; Dehli Xanədanlığının içində nüfuz qazanmağa və yüksəlməyə çalışmışdılar.

 

                        Dehli Xanədanlığı və xalaclar

 Dehli Sultanlığı indiki Hindistan torpaqlarında 1206-cı ildə qurulmuşdu.  1526-cı ilə qədər hökm sürmüşdü. Leknevti Xanədanlığının məğlubiyyətindən sonra xalaclar güclənməkdə olan Dehli Sultanlığında mövqe qazanmağa başladılar. Bir qədər sonra orduda əsas güclərdən birinə çevrildilər. Nəhayət 1290-cı ildə Dehli Sultanlığının başına xalac türkü olan Cəlaləddin Firuz keçdi. Bundan sonra Dehli Sultanlığını 30 il xalac türkləri idarə etdi.

Cəlaləddin Firuz

O, Dehli Sultanlığının ordu başçılarından idi. Monqollara qarşı savaşda xüsusi xidmətlər göstərmişdi. Bu səbəbdən böyük nüfuz qazanmışdı. Sonralar sultan tərəfindən ordunun ən yüksək rütbəli başçılarından biri təyin edildi. Bundan sonra xalacların ordu içərisində çəkisi xeyli artmışdı. Nəhayət 1290-cı ildə xalac ordu komutanları birləşərək sultanı öldürdü və Cəlaləddin Firuzu taxta oturtdular.

Hakimiyyətdə olduğu müddətdə bir sıra uğurlar qazandı. 1292-ci ildə monqollarla savaşda qələbə qazandı. Orduda əsas vəzifələrə xalac türklərini gətirdi. Lakin sonralar xalac türklərinin özlərinin arasında ikitirəlik yaranır. Cəlaləddin Firuz 1296-cı ildə öz qohumu, ordu əmirlərindən olan Əlaəddin Xalaclı tərəfindən öldürülür.

Rüknəddin İbrahim Xalaclı

Cəlaləddin Firuzun ölümündən sonra onun xanımı Məlikcahan (Məliki-cahan) oğlu İbrahimi taxta çıxardı. Ancaq onun hakimiyyəti çox çəkmədi. Cəmi 5 ay sonra Əlaəddin Xalaclı ordusu ilə Dehliyə daxil oldu. Başçı ailəsini və onun ətrafında olan bir çox şəxsləri öldürdü.

Əlaəddin Məhəmməd Xalaclı

1296-cı ildən 1316-cı ilə qədər Dehli sultanlığının başçısı olmuşdu. Hakimiyyətinin ilk illərində sultanlıq ərazisində olan varlı və güclü ailələri sıra ilə aradan qaldırır, bəzilərini isə həbs edir. Onun ən çox ehtiyat etdiyi qüvvə Moğol İmperiyası idi. 1294-cü ildə Kubilay xanın ölümündən sonra Moğol İmperatorluğu 2 yerə parçalanır. 1299-cu ildə monqollar 200 minlik ordu ilə Dehli üzərinə gəlsə də nəticə əldə edə bilmirlər. Qaynaqlarda Əlaəddinin həm hiyləgər həm də qəddar olduğu yazılır. 1306-cı ildə Dehli üzərinə gələn monqol əsgərlərindən 50 min nəfəri əsir alınmışdı. Deyilənə görə Əlaəddin onların hamısını öldürtmüşdü. O, 1316-cı ildə xəstələnərək ölür. Məzarı Dehlidədir.

Səhabəddin Ömər Xalaclı

Əlaəddin ölümündən sonra – 1316-cı ildə Dehli Sultanlığının taxtına çıxmışdı. Lakin hakimiyyəti çox qısa sürmüşdü. Saray mühafizəçiləri tərəfindən öldürülmüşdü. Yerinə qardaşı Qütbəddin keçmişdi. Bəzi qaynaqlarda onun ölümündə qardaşı Qütbəddin Mübarəkin rolu olduğu yazılır.

Qütbəddin Mübarək Xalaclı

1316-cı ildə - qardaşı Səhabəddin Ömər öldürüləndən sonra Dehli Sultanlığının başçısı oldu. 1320-ci ilə qədər hakimiyyətdə olmuşdu. Ölüm tarixi bəzi qaynaqlarda 1320, bəzilərində isə 1321 olaraq göstərilir.

Onun ölümündən sonra hakimiyyət başına Nəsrəddin Hüsrəv gəlsə də hakimiyyətdə çox qısa vaxt ərzində qala bilmişdi. Beləliklə, Dehli sultanlığında xalacların 30 illik hakimiyyəti sona çatmışdı. Bundan sonra Dehli sultanlığının başına Tuğluq sülaləsi keçmişdi.

Malva xalaclıları

Malva xalaclıları Dehli xalaclarının nəslindən idi. 1436-cı ildə Hindistan ərazisində - Malvada xanədan qurmuşdular. Malva xalaclarının qurduğu xanədanlıq 100 ilə yaxın – 1531-ci ilə qədər davam etmişdi. Xanədanlığın qurucusu Mahmud şah idi. O, 1436-cı ildən 1469-cu ilə qədər hakimiyyətdə olmuşdu. Onun ölümündən sonra hakimiyyətə gələn Qiyas şah 1500-cü ilə qədər hökm sürmüşdü. 1500-cü ildə Nasir şah taxta oturur. Onun da hakimiyyəti 1511-ci ilə qədər çəkir. 1511-ci ildə hakimiyyətə gələn Mahmud şah Malva xalaclarının sonuncu hökmdarı olur. O, 1531-ci ildə öldürülür. Bununla da xanədanlığın ömrü başa çatır.

Hindistan tarixinin bir neçə ünlü şəxsiyyəti, o cümlədən şair və musiqiçi Əmir Xosrov Dəhləvi, tarixçi Ziyaəddin Bereni, məşhur sufi Nizaməddin Evliya xalacların Hindistanda hökm sürdüyü dönəmdə yaşamışlar.

Göründüyü kimi xalac türkləri Hindistan tarixində önəmli rol oynamşlar. Xalacların Hindistan tarixindəki yeri və rolu ayrıca araşdırma mövzusudur. Nədən ki, onlar bu ölkədə ayrı-ayrı türk dövlətlərin qurulmasında və yönətilməsində xüsusi çəkiyə malik olmuşlar. Bundan əlavə xalacların Hindistanda qurmuş olduğu 3 xanədanlıq üst-üstə 150 ildən artıq davam etmişdir. Hindistanda tarixi abidə hesab edilən bəzi qiymətli maddi dəyərlər məhz xalacların zamanında inşa edilmişdir. 

Bu gün Kırımdan Hindistana, Orta Asiyadan Anadoluya qədər geniş bir regionda yayılaraq yaşayan xalac türklərinin dünəni və bu günü dərindən,  hərtərəfli araşdırılmalı, öyrənilməli və kitablaşdırılmalıdır. Nədən ki, son 2 min illik ümumtürk tarixini xalaclarsız təsəvvür etmək mümkünsüzdür.

Qismət olarsa, davamı növbəti araşdırmalarda...

 

Qaynaqlar:

1. M.Kaşğari  “Divanü lüğat-it-Türk”  dörd cilddə, Tərcümə edən və nəşrə hazırlayanı Ramiz Əskər (Bakı – 2006)

2. Faruq Sümər “Oğuzlar”  (Bakı – 1992)

3. Buludxan Xəlilov  “Mahmud Kaşğarinin “Divani lüğət-it-türk” əsərində etnonimlər” (Bakı-2009)

4. Bahaeddin ÖGEL “İslamiyetten Önce Türk Kültür Tarihi (Türk Tarih Kurumu Yayınları – 2004)

5. Bahaeddin ÖGEL  “Türk Mitolojisi” (Ankara – 1971)

6. Ahmet Taşağıl  “İslamöncesi devrede Orta Asiyada yaşayan türk boyları” (Qaynaq: “Türkler” II cild)

7. Enver Konukçu "Akhunluların Kalıntısı Olarak Kalaçlar (Halaçlar) (Qaynaq: “Türkler” I cild)

8. Fuat Köprülü “Anadolu İstilasına Kadar Türkler” (Ankara – 2005)

9. Azərbaycan tarixi, 7 cilddə, I cild (Bakı – 2007)

10. Ziya Bünyadov  “Azərbaycan VII-IX əsrlərdə” (Bakı – 1989)

11. Azərbaycan toponimlərinin ensiklopedik lüğəti  I cild (Bakı – 2007)

12. Roza Eyvazova “Əfqanıstanda türk mənşəli toponimlər” (Bakı – 1995)

13. Roza Eyvazova  “Azərbaycan dili İrandakı türk etnoslarının dili kontekstində” (Türkologiya jurnalı, Bakı – 2011, N 4)

14. İbrahim Bayramov “Qərbi Azərbaycanın türk mənşəli toponimləri” (Bakı-2002)

15. Emel Esin “İslamiyetten önceki türk kültür tarihi və İslama giriş” (İstanbul -1978)

16. Abdulhey Habibi  “Afganistanın kısa tarihi” (İstanbul – 1998)

17. Mehmet Saray  “Afganistan ve Türkler”  (İstanbul – 1997)

18. “İslam Ansiklopedisi”  (Türkiye Diyanet Vakfı, 15-ci cild)

19. Fahri Temizyürek, Erol Barın,Mete Yusuf Ustabulut  “Afganistanın dil politikası ve Afganistanda türkçe egitimi tarihi” (Türkbilig – 2016)

20. “Afganistan türklerinin dini, inanç ve yaşayışları” (Hazırlayan: Najiba Ziyayi, İsparta – 2004)

21. Ali Ahmetbeyoğlu  “Afganistan üzerine araştırmalar”  (İstanbul - 1997)

22. Fazul Ahmed Burget  “Afganistan Türk soylularının edebiyati  (İzmir- 1999)

23. Hasan Orhan “Unutulan soydaşlarımız: Əfqanıstan türkləri”  (Orkun dergisi -2001, sayı 41)

24. Hanefi Palabıyık “Hindistan tarihində və hind kültüründe müslüman türkler” (EKEV Akademi dergisi -2007, say:33)

25. Hikmet Bayur  “Hindistan tarihi” (Ankara – 1950)

26. Enver Konukçu  “Hindistandakı türk devletleri, Doğuşdan günümze büyük İslam tarihi” (İstanbul – 1989)

27. Orhan GEDİKLİ   “Hindistanda Türk izleri” (PDF variantı)

28. Musa Taşdələn “Hindistanda 100 milyon türk var”  (Haberler.com saytı)

29. Bota BOKULEVA, Rauşangül AVAKOVA,  Jenisbek ABELDAYEV  “Türk kültürünün Hindistan uyğarlığına etkisi”  (Türk dünyası incelemeleri dergisi-2012)

30. “İrandakı türk boyları və boy mensubu kişiler” (Hazırlayan: Babak JAVANŞIR, İstanbul – 2007)

31. Ali Kafkasiyalı  “İran türkleri və İran türk edebiyyatı”  (Erzurum-2004)

32. İran türkləri (Türkməclisi.org)

33. Baba Kuhi Bakuvi “Hallacın həyatı və ölümü”  (Fars dilindən tərcümə edəni: Məsiağa Məhəmmədi, mesiha.blogspot.com)

34. Vəli  Baxşəliyev  “Azərbaycan arxeologiyası”  (Bakı – 2007)

35. Zeynəb Quliyeva  “Arpaçay vadisinin tunc dövrü arxeoloji abidələri” (Bakı-2014)

 

    Namiq Hacıheydərli

       

 

Əziz oxucular!

Bu araşdırma barədə düşüncələrinizi, iradlarınızı və təkliflərinizi aşağıdakı elektron ünvan vasitəsi ilə müəllifə yaza bilərsiz:

[email protected]




Ana səhifəyə qayıt        Baxış: 5 992          Tarix: 29-04-2017, 22:42      

Xəbəri paylaş


Paylaş:   

Prizma