Xəbər lenti
Dünən, 21:43
Dünən, 19:31
Dünən, 14:55
Dünən, 13:38
Dünən, 12:14
Dünən, 10:18
22-11-2024, 23:59
22-11-2024, 21:40
22-11-2024, 18:46
22-11-2024, 14:24
22-11-2024, 11:23
22-11-2024, 10:54
22-11-2024, 09:27
Ötükən əski türkün düşüncəsinə görə qutsal yer sayılırdı. Türküstanda ilk türk dövləti olan Hun İmperiyasının, sonralar isə Göytürk dövlətinin başkəndi burda yerləşirdi. Ötükənin harda olduğu tam dəqiqliklə bəlli deyil. Lakin məlumdur ki, bu yer hazırkı Monqolustan ərazisində Orxon çayının mənbəyinə yaxın ərazidə olub. Mahmud Kaşğarlı da Divani Lüğət-it-türk əsərində bu yer haqqında cəmi bir cümləlik bilgi verir: “Ötükən tatar çöllərində, Uyğur ölkəsinə yaxın bir yerin adıdır”.
Türkün daş yaddaşı olan Orxon-Yenisey yazılarında Ötükən adı tez-tez çəkilir. Bu haqda yazının davamında ayrıca bəhs olunacaq. Ötükən adı ilə bağlı iki fərqli düşüncə var. Birinci düşüncə odur ki, Ötükən başkəndin-paytaxt şəhərin adı idi. İkinci versiyaya görə Ötükən ərazinin, coğrafiyanın adıdır. Hun İmperiyasının və Göytürk Xaqanlığının baş kəndi də Ötükən ərazisində idi. Araşdırmalardan belə nəticəyə gəlmək olar ki, ikinci versiya daha ağlabatandır. Ötükən coğrafiyanın adıdır. Başkənd də bu coğrafiyada yerləşirdi.
Ötükən sözünün etimologiyası
Bu sözün anlamı haqqında bir çox versiyalar olsa da, hələlik bütün araşdırmaçıların üzərində dayandığı və razılaşdığı ortaq fikir yoxdur. Türkiyəli araşdırmaçı Dəniz Karakurtun açıqlamasına görə dua etmək anlamına gələn “ötümək” sözündən yaranmış ola bilir. Araşdırmaçının fikrincə “etmək (yapmaq) sözü ilə də bağlantılıdır. “Ötög” moğolca ayı deməkdir və ayının yuvası torpağın içində olub, eyni zamanda qutlu sayılan bir heyvandır” . Bu versiya o qədər də inandırıcı görünmür. Ötükənin Ut-Ot-Od sözündən törəyə biləcəyini ehtimal edənlər də var. Tanrıçılıqda Torpaq anaya verilən adlardan biri də Ötükən idi. Monqollarda bu sözün Etugen, Itügen və ya Odigan variantları var.
Əski türkcədə yaşayış, yurd yeri anlamına gələn “kən” sözü var idi. Kənd sözü də bu sözdən törəmişdir. Bəzi araşdırmaçılara görə Ötükən sözündəki “kən” də bu anlamda işlənmiş ola bilir. Ötükən sözünün etimologiyası haqqında şəxsi versiyamı dəyərli oxucuların diqqətinə çatdırmağı gərəkli bilirəm; Ötükən adı iki sözün birləşməsindən yaranmış ola bilir. Türk dillərində öt(mək) feili var. Üstün, uca, daha yüksək anlamlarına gələn “ötə” sözü də bu sözdən törəmişdir. “Kən” isə dediyimiz kimi əski türklərdə yaşayış məntəqəsi anlamını verirdi. Deməli, böyük ehtimalla Ötükən “üstün, uca məkan”, anlamında işlənib. Bu sözü “qutsal yurd” və ya “müqəddəs torpaq” kimi də izah etmək olar. Nədən ki, Kül Tikin abidəsində türk millətinə ünvanlanan “Ötükəndən dağılmayın”, “Ötükəni tərk etməyin” kimi çağırışlar və “Qutsal Ötükən...” kimi ifadələr var. Digər versiyam da var, amma onu sonda deyəcəm.
Ötükən adının ən doğru anlamını sözsüz ki, min illər öncə burada yurd salan dədələrimiz daha yaxşı bilirdilər. Ancaq əfsuslar olsun ki, ulularımız Ötükənin adını tez-tez sevgi və sayğı ilə daşlara yazsalar da, bu sözün hansı anlam daşıması haqqında bizə heç bir yazılı bilgi ötürməyiblər. Bəlkə də ötürüblər, ancaq biz hələ tariximizi yetərincə araşdırmamışıq.
Ötükən Orxon-Yenisey yazılı abidələrində
Yazılı abidələrdən anlaşılır ki, Ulu Türk Xaqanlarının hamısı Ötükənə yüksək dəyər verib. Bu yeri qutsal sayıblar və buranı təkcə Türküstanın deyil, eləcə də dünyanın mərkəzi olduğunu düşünüblər. Türk Xaqanları zaman-zaman ulusa səslənərək, bu yerləri tərk etməməyi vəsiyyət ediblər. Onlar sanki min illər öncəni görürmüş kimi xəbərdarlıq ediblər. “Ötükəndə olduğunuz sürəcə əbədi var olacaqsız, qüdrətli və böyük olacaqsız” – demişdilər. Bu abidələrdə Xaqanların Ötükənlə bağlı uyarılarını oxuyanda heyrətlənməmək olmur. Nədən ki, zaman ulularımızı haqlı çıxardı, onların nə qədər uzaqgörən olduğunu isbatladı. Orxon-Yenisey abidələrində Ötükənlə bağlı yazılardan bəzilərinə diqqət edək;
- Türk xaqanı Ötükən dağında oturarsa yurdda sıxıntı olmaz. (Kül Tikin)
- Ötükən dağından daha yaxşı yer (məkan) əsla yoxdur. Yurd salınacaq ən yaxşı yer Ötükən dağıdır. (Kül Tikin)
- Ötükən dağında otursanız, əbədi yurd edib oturacaqsız... (Kül Tikin)
- Qutsal Ötükən dağı (Kül Tikin)
- Türk xaqanı Ötükən dağında oturarsa (qərargahını burda qurarsa) ölkədə sıxıntı olmaz. (Bilgə Xaqan)
- Qutsal Ötükən dağı ulusu... (Bilgə Xaqan)
- Türk xaqanını, türk ulusunu Ötükənə mən Bilgə Tonyukuk gətirdim. Ötükənə yerləşdiyimizi eşidən güney, batı, quzey və doğudakı boylar (yığışıb) gəldi. (Tonyukuk abidəsi)
Ötükənlə bağlı örnək gətirdiyimiz misallar Orxon-Yenisey abidələrində Ötükən adı keçən yazıların kiçik bir qismidir. Əski türkün daş yaddaşı olan bu abidələrdə “Qutsal Ötükən” yurdunun adı sıx-sıx keçməkdədir. Yazılı daş abidələrimizdə ümumilikdə 30 dəfəyə yaxın Ötükənin adı çəkilir. Bu hələ araşdırılan, bəlli olan rəqəmlərdir. Bu da onu göstərir ki, Xaqanlar və eləcə də digər yetki sahibləri bu yerə çox yüksək dəyər veriblər, buranı çox seviblər. Gələcək nəsillərə də buranı tərk etməməyi, Ötükəni əbədi yurd etməyi tapşırıblar. Ötükəndə olduğumuz sürəcə birliyimizin pozulmayacağını, qüdrətimizin azalmayacağını və yenilməz olacağımızı əminliklə ifadə ediblər. Ulu dədələrimiz törələrdən uzaqlaşmamağı tapşırmışdılar. Əslində ulu Xaqanlar özlərindən və sözlərindən əmin olduqları üçün vəsiyyətlərini daşlara yazdırırdılar. Ötükəndən dağıldıq, enerjimiz və gücümüz parçalandı, özümüzdən və özlüyümüzdən uzaq düşdük. Birliyimiz pozuldu, törələrdən uzaqlaşdıq, farslaşdıq, ərəbləşdik, hələ bir az da manqurtlaşdıq...
Günümüzdə Ötükənin izləri
Hazırda türk dünyasında, eləcə də türklərin məskunlaşdığı ayrı-ayrı coğrafiyalarda bir sıra yer adları var ki, onların Ötükən adından törədiyini ehtimal etmək olar. Onlardan bir qisminə diqqət edək;
Ödəmiş (Ötəmiş) - Türkiyədə İzmirdə yer adıdır. Bəzi araşdırmaçılara görə bu ad Odamıs sözündən meydana çıxmış, “Ana tanrıça” və ya İlahə anlamını verir. Ötükən sözünün də eyni anlam ifadə etdiyini iddia edən araşdırmaçılar var.
Otemis – Qazaxstanda bu adda iki yer var. Onlardan biri Kaskop bataqlığı yaxınlığında yerləşən, əhalisi təxminən 450 nəfərdən ibarət olan kiçik kənddir. Digəri isə Qazaxstanın güneyində yerləşən, nisbətən böyük kəndin adıdır
Otamış (Utamış) – Dağıstanın Dərbənd rayonunda qəsəbə adıdıdır. Burada əsasən türk boylarından biri olan kumıklar yaşayır. 16-17-ci yüzillikdə kalmıkların Otamış Sultanlığının paytaxtı burda yerləşirdi.
Araşdırma apardıqda Orta Asiyada, Doğu Türküstanda, Çində, ümumiyyətlə Asiya ərazisində xeyli sayda bu kimi toponimlərə - Ötükənin izlərinə rast gəlmək olur. Bütün bunlar “Qutsal Ötükən”in bir qədər fərqli variantda ya bilərəkdən bu yerlərə ad kimi seçildiyini ya da bilmədən genetik yaddaşlarda yaşadıldığının göstəricisidir.
Könül istərdi ki...
Əski Çin, yunan, yəhudi, türk, ərəb, hind və digər toplumların düşüncəsinə görə bəzi dağlar qutsal sayılırdı. Onlar bu dağların Tanrıya daha yaxın olduğuna və bu dağları tərk edərdilərsə, fəlakətlə üzləşəcəyinə inanırdılar. Yəhudilərdə Sina dağı, ərəblərdə Ərəfat dağı, yunanlarda Olimp dağı, hindlilərdə Himalay dağı, moğollarda Burhan-Haldun dağı belə yerlərdən sayılırdı. Əski türklərdə də qutsal yüksəklik Tanrı dağları idi. Ötükənin bir Tərəfi Tanrı dağlarının ətəyi, bir tərəfi Orxon (Orhun) çayının mənbəyinə yaxın ərazi, bir tərəfi ilə yaşıl ormanlar idi. Ötükənin özünün də yerləşdiyi ərazi yüksəklik – yayla idi. Türkün ən qədim dastanlarından olan “Yaradılış” dastanına görə Tanrı ilk insanı ağacdan yaratmışdı. Ötükənin ətrafının ormanlar olması onun dəyərini bir qədər də artırırdı. Göründüyü kimi Ötükən təkcə coğrafi cəhətdən və hərbi-strateji baxımdan deyil, həm də inanc baxımından vazkeçilməz bir yer idi.
Ayrıca, əski türklərin inancına görə;
- Dağlar, çaylar, göllər və ormanlar canlıdır, onların ruhları var. Bu səbəbdən onları incitmək, ziyan vurmaq olmaz.
-Su həyatvericidir, safdır, təmizdir. Su biliyi, ağlı və gücü simvolizə edir.
Bu və bu kimi nədənlərdən ulu xaqanlar türk ulusuna bu yerləri tərk etməməyi dönə-dönə vəsiyyət etmişdi. Ulu xaqanların vəsiyyəti pozulunca ulusun birliyi, bütünlüyü və böyüklüyü çat verdi, nizamı pozuldu. Nizamı pozulan türk millətinin enerjisi də parçalandı, Tanrı ilə əzəli bağını itirdi...
Yaxşı olardı ki, Ötükənlə bağlı türk ölkələrinin ortaq araşdırma komissiyası təşkil edilsin. Ötükən – Qutsal yurd dərindən və hərtərəfli araşdırılsın. Və könül istərdi ki, Türküstanın min illik başkəndində onun tarixini və qutsallığını özündə əks etdirən abidə ucaldılsın. Bu yer türk dünyasının birləşmə, toplanma, bütünləşmə simvoluna çevrilsin və hər il Böyük Ziyarət Günü təşkil edilsin. Bu qutsal yerləri ziyarət etmək hər bir türk üçün yerinə yetirilməsi vacib olan borc sayılsın. Nədən ki, türkün Ərəfatı Tanrı dağları, Məkkəsi Ötükəndir.
Sonda xüsusi olaraq vurğulamaq istəyirəm ki, Şumerlərdə günəş tanrısının adı Utu idi. Şumer düşüncəsinə görə hər şeyə can verən Utu tanrıdır və o, yalnız yaxşılıqlar və gözəlliklər tanrısıdır. Şumer düşüncəsinə görə Utu tanrı Nananın (Nanna) övladıdır. Ötükən xalqı da Ötükənin qoruyucu mələyinin adının Nanu (Namu) olduğunu deyirdilər.
Ötükən, Utukən – Utunun kəndi – “Günəş tanrısının yurdu” da ola bilərdi.
Həm Ötükən, həm də Şumer sivilizasiyasının qurucuları eyni törənin daşıyıcıları idi...
Namiq Hacıheydərli
6 aprel 2017
Xəbəri paylaş
Paylaş:
Bənzər məqalələr
Seçilənlər
Prizma
Söhbət
Ədəbiyyat və mədəniyyət
Video
Ən çox oxunanlar