Xəbər lenti

 

İŞİD İraqın Səlahəddin vilayətinə bağlı Tuzxurmatu mahalının cənub-qərbindəki Xiləvi kəndinə hücum edib. Qarşıdurma nəticəsində biri komandir, 5 peşmərgə yaralanıb, təcavüzkarlar isə geri püskürdülüb.

Ovqat.com xəbər verir ki, Tuzxurmatu mahalının rəsmi şəxslərindən biri Şəlalə Əbdül mətbuata açıqlamasında bunu bildirib.

Onun dediyinə görə, yaralanan peşmərgələr ağır vəziyyətdədirlər.

Qeyd edək ki, Xiləvi kəndi öz hərbi aerodromuyla strateji əhəmiyyətə malikdir. İŞİD-çilərin vaxtaşırı bu kəndə hücum etməsinin əsas səbəbi də həmin aerodromu ələ keçirmək istəyindən doğur. Aerodrom zəbt edilərsə, bölgəyə göndərilən hərbi təchizatın qarşısı kəsilə və bu vilayət xilafətçilərin əlinə keçə bilər.

Tuzxurmatu Şimali İraqın ən çox türkmən yaşayan bölgələrindən hesab olunur. Şəhərdə yaşayan türkmənlər şiə mənsubu olduğundan sünni kürdlərlə aralarında ciddi ixtilaflar mövcuddur. Verilən məlumata görə, şəhər faktiki olaraq, türkmən və kürdlər arasında bölünüb; məhəllələr arasına divarlar hörülüb, keçid məntəqələri qurulub. Şiələrin məskunlaşdığı məhəllələrdə Həşdi-Şabi, kürd bölgələrində isə peşmərgələr postlarda dayanırlar. Şəhərin bu bölünmüş vəziyyəti hər an partlamağa hazır barıt çəlləyi təəssüratı yaradır.

Tuzxurmatu türkmənləri şiə olduqlarından və İŞİD, şiələri ən böyük düşmən hesab etdiklərindən, əsasən türkmən məhəllələri “xilafət” hücumuna məruz qalır. Bu baxımdan Xiləvinin peşmərgələr tərəfindən qorunması həmin kənddə əsasən kürdlərin məskunlaşdığından xəbər verir.

Vilayət Mosula yaxın olduğundan onun kəndlərində yatmış vəziyyətdə olan İŞİD hücrələri ən kritik anda aktiv hala gətirilir və Tuzxurmatuya hücum edilərək İraq hərbi güclərinin diqqəti əsas hədəfdən yayındırılır. Son hücum da bu məqsədlə həyata keçirilmiş ola bilər.

Xatırladaq ki, son günlər Mosul üzərində ağır döyüşlər gedir və məlumata əsasən, İraqın bu ikinci  şəhərindəki İŞİD əsarətinin bitməsinə çox az qalıb. Odur ki, bu hücum da İŞİD-in İraq əsarətinin son çırpıntısı ola bilər. Əgər bu gümanlar doğrudursa, yaxın saatlarda və ya günlərdə Mosulun tamamən işğaldan azad edilməsi xəbərini gözləməyə dəyər.




Ana səhifəyə qayıt        Baxış: 1 056          Tarix: 28-05-2017, 12:44      

Xəbəri paylaş


Paylaş:   

Prizma