Xəbər lenti

 

Hazırda Türk dünyasında bir sıra ciddi siyasi-fəlsəfi, mədəni-əxlaqi və sosial-psixoloji problemlər vardır. Bu problemləri aşağı-yuxarı Türk dünyasına aid hər bir yazar, araşdırmaçı ya da elm insanı bilməkdədir. Xüsusilə, bu cür problemlərin haradan qaynaqlanması, onun doğurduğu nəticələrlə bağlı bəlkə də on minlərlə  məqalələr, yüzlərlə isə kitablar yazılmışdır. Ancaq, Türk dünyasının problemlərinə həsr olunmuş yazılarda çatışmayan cəhətlərdən biri sadəcə məsələni ortaya qoymaq olmuş, yəni həll yolları ya göstərilməmiş ya da, əsasən, bilərəkdən bilməyərəkdən, Türk insanına yanlış bilgilərlə  təqdim olunmuşdur.

Türk dünyasının bu günü və gələcəyi Türkçülüyün hansı istiqamətdə inkişafından asılıdır. Əgər Türklük təxminən 2-3 əsr bundan öncəki həqiqi, gerçəkçi bütövlüyünü, birləşdiriciliyini bir sözlə, İnsanlıq fəlsəfəsini ortaya qoyarsa o zaman yeni bir sivilizasiya yaranacaqdır. Bizcə, dünyada yeni bir güc olmağın ilk yolu Türklüyü, Türkçülüyü yenidən, yeni ruhla bərpa etməyimizdir.

Hazırda Türk Dünyasının, Türk xalqlarının gələcəyi ilə bağlı mövcud dörd siyasi seçim vardır: 1. Türk-İslam məfkurəsi, 2. “Türk-Avropa” ya da “Türk-Qərb” ideyası, 3. “Türk-Rus” ya da Türk-Slavyan birliyi (Avrasiyaçılıq), 4. Türkçülük-Türk birliyi.

 

Türk-İslam məfkurəli birlik...

 

Türk xalqlarının (Türkiyə, Azərbaycan, Türkmənistan, Qazaxıstan, Tatarıstan, Başqırdıstan, Krım, İraq türkmənləri, Suriya türkmənləri, Uygurustan və b.) özləri üçün aydınlaşdırmalı olduğu ilk məsələ Türklüyün, Türkçülüyün İslam dini, İslam mədəniyyəti bir sözlə İslam dünyasıyla hansı anlamda, mahiyyətdə bütövlük təşkil etməsidir. Əslində bu gün Türk müsəlman xalqları özünü əsasən, İslam dünyasında görürsə (hər halda xristian, buddizm, şamançı və digər dini inanclı türklər də vardır), o zaman bütün problemlərinə də ilk növbədə bu yöndən yanaşmaq, eyni zamanda İslam dünyasının bütün məsələlərini də öz məsələləri kimi dəyərləndirmək və həll etmək məcburiyyətindədir. Bu heç də göründüyü qədər sadə deyildir. Ona görə də, bütün Türk aydınları İslam dünyasının məsələlərinə mürəkkəbdən sadəyə doğru deyil, tam əksinə sadədən mürəkkəbə doğru cavab verməlidir. Türk aydınları ilk öncə, İslam dini inanclı Türk xalqlarının çağırışlarına cavab verməli, problemlərinə həll yolları göstərməli, amma müsəlman olmayan digər dini, inanclı Türk-Turan xalqları (qaqauzlar, macarlar, bolqarlar, yakutlar, tuvalılar və b.) da unutmamalı­dırlar. Ancaq bundan sonra İslam dünyası xalqlarının, dünya xalqlarının problemləri və həll yolları gündəmə gələ bilər. Atalarımız demişkən, “öncə evin içi, sonra çölü”.

Konkret olaraq Türkiyə Cümhuriyyəti nümunəsində, burada yaşayan Türk aydınları birinci növbədə “evin içi” olan Türk toplumunun ya da Türk-Müsəlman toplumunun, daha sonra Türkiyə xaricindəki Türk-Müsəlman toplumlcan, Qazaxıstan, Türkmənistan, Özbəkistan və b.arının (Azərbaycan, Qazaxıstan, Türkmənistan, Özbəkistan, İran İslam Respublikası, İraq, Suriya və b.) və qeyri-müsəlman toplumlarının problemləriylə bağlı araşdırmalar aparmalı, bu Türk toplumlarının birlik və bərabərliyini əngəlləyən amilləri aradan qaldıraraq onu gücləndirəcək həll yolları göstərməlidir. Yəni Türkiyəni təmsil edən bir Türk aydını ölkəsinin yalnız İslam dünyasının bir parçası deyil, eyni zamanda Türk dünyasının da bir parçası olduğunu unutmamalıdır. Bu anlamda Türkiyənin problemlərini İslam dünyasının deyil, ən azından başlanğıc olaraq Türk dünyasının problemləri olaraq görməli, daha sonra İslam dünyası çərçivəsində Türk-İslam xalqları və onların problemləriylə maraqlanmalıdır. Ancaq bir Türk aydını bunun etmək əvəzinə, daha çox İslam dünyası düşüncəsiylə türk, qeyri-türk bütün müsəlman xalqlarının problemlərini həll etməyi üstünə götrürsə, o zaman işini çox qəlizləşdirmiş olur.

Əlbəttə, öncəlliklə müsəlman Türk xalqlarının problemlərinin ələ alınması məsələsini ortaya atmaqla İslam dünyasını hansısa hissələrə bölmək fikrimiz yoxdur. Sadəcə, məqsədimiz odur ki, İslam dünyasının istər-istəməz parçaları olanlar arasında məntiqə və məqsədəuyğun olaraq daha ağıllı, soyuqqanlı bütövləşmə baş versin. Şübhəsiz, bu gün İslam dünyasının önəmli birisi olan, bəlkə də mərkəzini təkşil edən bir qüvvət varsa o da müsəlman türklərdir. Hər halda ərəblərin, farsların, pakistanlıların və digər müsəlman xalqlarının İslam dünyasının mərkəzi olması istəyi olsa da, faktiki olaraq bu gün onların arzuları gerçəkçi görünmür. Bunu, zaman zaman bütün müsəlman xalqlarını incələyən Qərb institutları və onların alimləri də yaxşı bilirlər. Əslində son iki əsrə yaxındır ki, Avropada Qərb-Xristian dünyasına İslam dünyasının alternativliyi daim diqqət mərkəzində olmuşdur. Ancaq  Qərb-Xristian dünyasına alternativ olmaq üçün İslam dünyasına aid dövlətlərdən ya da millətlərdən biri avanqard rolunu oynamalıdır. Qərb də həm keçimş tarixdən, həm də bugünkü vəziyyətdən nəticə çıxararaq İslam dünyasında avanqard, super güc olacaq bir dövlətin-xalqın ortaya çıxmasına yol vermək istəmir. Biz bu kimi nümunələri bir qədər fərqli formada 150-100 il bundan öncə İslam dünyasına aid Osmanlının, Qacarların çöküşü və həmin çöküşdən sonra yeni yaranan dövlətlərin (Türkiyə, “İran”, Suriya, İrak və b.) Qərb ideyalarına yoluxdurulmasında görmüşük. 

Bu baxımdan son iki əsrdə Qərbdən müsəlman Şərqinə gələn ideyalar geniş anlamda “məzhəbçilik” və “milliyyətçilik” olmuşdur. Bununla da uzun müddət Şərq, o cümlədən İslam şərqi dünyasının lideri olmuş müsəlman türkləri və onların dövlətlərini-imperiyalarını çökdürdükdən sonra Qərb siyasətində hər hansı müsəlman xalqının İslam dünyasında yeni bir gücə çevrilməməsi məsələsinin həlli də iki əsas üzərundə qurulmuş­dur: 1. İslam dünyasını Qərbin ixrac etdiyi demokratiya, kommunuzm, tolerantlıq, vətəndaş cəmiyyəti, multikulturalizm kimi ideyalarla zəhərləmək; 2. İslam dünyası xalqaları arasında super güc olmaq istəyən dövlətləri ya da millətləri daima birbirinə qarşı qoymaq, bunun üçün milliyyət­çilik və dini məzhəbçilik hisslərindən maksimum istifadə etmək.  Şübhəsiz, Qərbin “zəhərləmək” istədiyi həmin müsəlman dövlətləri arasında birinci yeri Türkiyə tutur.

Hesab edirik ki, bu gün Türkiyə Türk Dünyasının sözün həqiqi mənasında aparıcı dövləti olub dünyanın da super güclərindən biri olmaq istəyirsə, hədəfini dörd mərhələdən ibarət olaraq müəyyənləşdirməlidir: 1. Türkiyə daxilində islamlıq və türklük ideyaları dəqiqləşməli; 2. Müsəlman və qeyri-müsəlman Türk Dünyasına hesablanmış hədəflər müəyyənləşməli; 3. İslam dünyasındakı hədəflər bəlirlənməli; 4. Dünyanın hansı simada super güclərindən biri olmaq istəyi konkretləşməli. Biz eyni sözləri Qazaxıstan, Özbəkistan, Türkmənistan, Qırğızıstan, Azərbaycan haqqında da deyə bilərik. Ancaq bu günün gerçəkliyi daha çox Türkiyənin üzərində dayanmağımızı ortaya qoyur. Təbii ki, bu günün Qazaxıstanı da sabah Orta Asiya və Qafqazda güclü bir dövlətə çevrildiyi halda, təxminən 20-30 ildən sonra Türk dünyasının, ardınca da İslam dünyasının da lideri ola bilər. Yaxud da iki əsr bundan öncə (1828-ci il) bir hissəsi çar Rusiyası tərəfindən işğal olunan və yenicə müstəqilliyini qazanan Şimali Azərbaycan, digər hissəsi isə bir əsr bundan öncə sözdə “İran İslam Cümhuriyyəti” adlanan molla-fars rejiminin hakimiyyəti altında qalan Cənubi Azərbaycan bir-vahid Azərbaycan olacağı təqdirdə Türk dünyasının və İslam dünyasının lider dövləti olmaq gücündədir. Sadəcə, bu günün gerçəklikləri Qazaxıstanın, Azərbaycanın ya da digər bir müsəlman türk dövlətinin deyil, daha çox Türkiyənin Türk dünyası və İslam dünyasının lideri olmasını önə çıxarır.

Ancaq bu gün Türkiyənin özü də müsəlman türklər olaraq təkbaşına İslam dünyasının yenidən mərkəzi olmaqda çətinlik çəkir. Çünki Osmanlı yerinə qurulan Türkiyə Cümhuriyyətinin (1923) İslam dünyasının, Türk dünyasının belə öncülü olması məsələsində doğru yol xəritəsi cıza bilməmişdir, ya da belə bir yolu cızmağa imkan verməyən iç və xarici qüvvələr olmuşdur. Bu baxımdan təxminən son bir əsrdə Türkiyənin digər Türk-İslam xalqlarıyla istənilən münasibətləri qura bilməməsi təsadüfi deyildir. Osmanlını İslam dünyasından, Türkiyəni isə Türk dünyasından uzaqlaşdırılması üçün antitürk qüvvələr nə lazımdırsa etməyə çalışmışlar. Hələ, antitürk qüvvələr 1920-ci illərdə  Türkiyə türklərinə yalnız Cümhuriyyət daxilində türkçülük və islamçılıqla məşğul ola biləcəklərini açıqca ifadə etmişlər. Bunun nəticəsi olaraq da Atatürklər, Ziya Gökalplar, Xalidə Ədib Adıvarlar Turançılıq məfkurəsini Türkiyəçiliklə məhdudlaşdırmaq zorunda qalıblar. Xüsusilə, 1923-cü ildə yazdığı “Türkçülüyün əsasları” kitabında Ziya Gökalp Türkçülük (Türk Birliyi) və Turan ülküsünü yenidən dəyərləndirmişdir. Ziya Gökalp yazırdı ki, artıq Türkiyə üçün utopik türkçülük, turançılıq deyil, real olaraq Türkiyəçilik önəmlidir. Ona görə, Türkçülük-oğuzçuluq və Turancılıq isə bütün Türklərin gələcək idealları idi. Əslində bütün bunları Gökalpın Türk birliyi, Turançılıq ideyasından vaz keçməsi kimi anlaşılması qətiyyən doğru deyildir. Bütün ruhu və varlığıyla Turan ülküsünə bağlı olan Gökalp, Türkiyə Cümhuriyyətinin tək müstəqil bir dövlət olaraq mövcudluğu naminə türkçülük fikirlərində bəzi dəyişikliklər etmişdir. Aşağı-yuxarı bu proses Türkiyənin dövlət siyasəti olaraq 20-ci əsrin sonlarına qədər davam etmiş, hətta, son zamanlara qədər Türkiyənin dövlət başçıları, bir çox bilginləri Türkiyəçilkdən qurtula bilməmişlər. Yalnız 1960-cı illərdən başlayaraq Alparslan Türkeş yenidən bütün türklər üçün keçərli olan Türk birliyini irəli sürmüşdür ki, onun bu Türk birliyi ideyası da Türk-İslam məfkurəsinə əsaslanmışdır.

Müəllif: Dos., dr. Faiq ƏLƏKBƏRLİ




Ana səhifəyə qayıt        Baxış: 1 684          Tarix: 2-07-2017, 21:29      

Xəbəri paylaş


Paylaş:   

Prizma