Xəbər lenti

Natiq Miri: “Qətərə türk əsgərlərinin yeridilməsi qərarı doğrudur”
Türkiyənin Qətərdə hərbi baza yaratmaq qərarının ardınca Pakistan da bu ökəyə 20 min əsgər göndərməyə hazır olduğunu bildirib.

Türkiyənin bu addımı türk ordusu üçün hər hansı risk və təhlükə vəd edirmi? Mümkündürmü ki, Qətərə müxalif olan qüvvələr bundan sonra eyni mövqeyi həm də Türkiyəyə qarşı sərgiləsin?

Moderator.az-a açıqlama verən Azərbaycan Milli Strateji Təhqiqatlar Mərkəzinin prezidenti, politoloq Natiq Miri məsələ ilə bağlı maraqlı fikirlər səsləndirib:

“Böhrandan əvvəl də Türkiyə və Qətər arasında belə bir razılaşma var idi ki, Qətər ordusuna təlim vermək üçün minimal sayda türk ordusu bu ölkədə yerləşdirilsin. Bunun üçün müəyyən infrastruktur da yaradılmışdı. Sadəcə, indi Ərdoğan bu sazişi təsdiqləməklə daha 3 min türk əsgərinin Qətərə göndərilməsinə qərar verdi. Bu isə Qətərlə Körfəz ölkələri arasında yaranan böhranla bağlıdır.

Hesab edirəm ki, Körfəz ölkələri Türkiyəyə qarşı birmənalı şəkildə çıxmaq cəsarətində olmayacaqlar. Ayrıca, Türkiyənin bu addımı sadəcə Qətəri müdafiə etməyə hesablanmayıb. Bütövlükdə, Türkiyə müsəlman dünyası arasında yeni münaqişə ocağının yaranmasına qarşı çıxır və buna səbəb olan ölkələri də bu cür fitnə-fəsaddan çəkinməyə çağırır.

Türkiyə onu da anlayır ki, Yaxın Şərqdə bəzi oyunlar oynanılır. Hansı ki, bu oyuna daxil olaraq burdan qazanclı çıxmaq mümkün deyil. Türkiyə doğru olaraq bu savaşın qarşısını almaq istəyir. Türkiyə anlayır ki, Qətərin anidən işğal edilməsi məsələsi də gündəmdədir. Söhbət Qətər dövlətinin ləğvindən getmir. Sadəcə, Səudiyyə Ərəbistanına yaxın oyuncaq bir rejimin yaradılmasından gedir. Türkiyə bu oyunu pozmağa çalışır.

Qətər üzərindən İranla bağlı da böyük oyun oynanılır. Bu da ABŞ prezidentinin Səudiyyə Ərəbistanına səfərində bu istiqamətdə əldə edilən razılaşmadan xəbər verir. Düşünürəm ki, Türkiyənin bu addımı düşünülmüş bir addımdır. Əgər Türkiyə 3 min əsgəri Qətərdə yerləşdirərsə, bu, Körfəz ölkələri üçün caydırıcı güc olacaq.

Pakistan da 20 min əsgəri Qətərə göndərməyə hazır olduğunu bildirib. Türkiyə və Pakistanın birgə addımı müsəlman dünyasında yeni bir münaqişnin baş verməsini əsaslı şəkildə önləyəcək”.




Ana səhifəyə qayıt        Baxış: 1 120          Tarix: 9-06-2017, 12:49      

Xəbəri paylaş


Paylaş:   

Prizma