Xəbər lenti

"Şərq qapısı" qəzetinin 1 iyul nömrəsində Naxçıvan Muxtar Respublikasının əməkdar jurnalisti Hüseyn Əsgərovun Muxtar Respublikada kardioloji xidmətin bu günkü durumu ilə bağlı "Ürək deyir yaşa hələ.." adlı məqaləsi dərc edilib. 

Ovqat .com aktuallığını nəzərə alıb həmin məqaləni öz oxucularına təqdim edir.

  Tibbi statistika göstərir ki, xəstələnmə və ölüm hallarının səbəbləri arasında ürək-damar sistemi xəstəlikləri dünyada birinci yeri tutur. Ölkəmizdə də insanlar həkimə ən çox ürək-damar sistemi xəstəlikləri ilə əlaqədar müraciət edirlər. Muxtar respublikamızda isə bu amil tədricən arxa plana keçməklə üçüncü yerdədir. 

Artıq Naxçıvan səhiyyəsi ürək-damar sistemi xəstəliklərinin azaldılması, fəsadların aradan qaldırılması və ölüm hallarının maksimum dərəcədə qarşısının alınmasına görə ölkə üzrə ən yaxşı göstəricilərə malikdir. Bir neçə il əvvəl Naxçıvanda yüksək səviyyəli kardiocərrahiyyə əməliyyatlarının aparılması bizə möcüzə kimi gəlirdisə, artıq iki ildir ki, açıq ürək əməliyyatlarının aparılmasında yerli mütəxəssislərin müstəqil şəkildə iştirakı səhiyyəmizin uğurlarından sayıla bilər. Profilaktika, müayinə və müalicə işlərinin təşkilində də… 
Muxtar respublikada əhaliyə kardioloji xidmət kardiologiya, doğum, diaqnostika-müalicə mərkəzləri, rayon mərkəzi xəstəxanalarının kardioloji bölmə və kabinələri, Naxçıvan Muxtar Respublika, Mərkəzi Uşaq xəstəxanaları və Naxçıvan Şəhər Poliklinikasının kardioloji kabinələri tərəfindən həyata keçirilir.

Zirzəmi ilə birlikdə 4 mərtəbədən ibarət olan Naxçıvan Muxtar Respublikası Kardiologiya Mərkəzində ürək-damar xəstəliklərindən əziyyət çəkən insanlara ambulator, stasionar və fizioterapiya müalicə xidmətləri göstərilir. Burada təşkil olunmuş sinif otaqlarında ürək xəstəliklərinə dair müxtəlif seminarların, Naxçıvan Dövlət Universitetinin Tibb fakültəsi və Naxçıvan Tibb Kollecinin tələbələrinə dərslərin keçilməsi üçün lazımi şərait yaradılmış, elektron lövhə quraşdırılmışdır.
Mərkəzdə 13 həkim, 40 orta tibb işçisi çalışır. Onların əksəriyyəti müxtəlif illərdə ixtisaslaşma və təkmilləşdirmə kurslarında olub, sertifikasiya imtahanından keçiblər. Həkimlərdən iki nəfəri tibb elmləri namizədidir, dörd nəfəri ali, iki nəfəri isə birinci ixtisas kateqoriyalarına malikdir. 
Qızılgül Fətəliyevanın rəhbərlik etdiyi 24 çarpayılıq Stasionar şöbəyə 2016-cı ildə 1039 xəstə daxil olub. Onların arasında qeyri-stabil stenokardiya, miokard infarktı, hipertoniya, aorta koronar şuntlama və qapaqların protezləşməsi əməliyyatından sonrakı vəziyyətlə bağlı müraciət edənlər daha çoxdur. Ahılyaşlı vətəndaşların sosial müdafiəsinin gücləndirilməsi məqsədilə heriatrik xəstə­lərin müalicəsi üçün xüsusi palatalar ayrılmışdır. İmtiyazlı xəstələrin müayinə və müalicəsinə böyük qayğı ilə yanaşılır.
Reanimasiya şöbəsində yerləşən xəstələr daim monitor müşahidəsi altındadır. Qeyri-stabil stenokardiya, kəskin koronar sindrom, kəskin miokard infarktının ilk saatlarında xəstələrə ilkin yardım göstərilərək təcili koronar angioqrafiya müayinəsinin aparılması məqsədilə Naxçıvan Diaqnostika-Müalicə Mərkəzinə göndərilir. Angioqrafiya müayinəsi aparılmaqla xəstələrdə stend və ya cərrahi əməliyyat həyata keçirilərək qan dövranının erkən bərpasına nail olunur. Bu isə ağırlaşma və ölüm hallarının qarşısının alınmasına, xəstələrin stasionarda qalma müddətinin azalmasına kömək edir.
Poliklinika şöbəsinin EKQ-tredmil kabinetində fiziki yük sınağı vasitəsilə gizli koronar çatışmazlıqlar aşkar olunur. Kabinə lazımi avadanlıqlarla (defibliyator, dərmanlarla təchiz olunmuş təcili yardım şkafı) təchiz edilib. EKQ-tredmil müayinəsində sınağı müsbət olan xəstələrə koronar angio­qrafiya müayinəsi tövsiyə olunur.
Burada 3 ExoKQ aparatı fəaliyyət göstərir. Portativ aparatdan reanimasiya xəstələrinin müayinəsində istifadə olunur. Digər iki aparat isə Poliklinika şöbəsində yerləşdirilib. Gizli koronar çatışmazlığı, ritm və keçiricilik pozğunluqlarını aşkar etmək üçün Holter monitoru mövcuddur. 
Mərkəzdə baş verən stasionar ölüm və ağırlaşmalar Tibbi Şurada müzakirə olunur. Əksər hallarda ağırlaşmalar hospitalizasiyanın yubanması, ixtisas və qeyri-ixtisas həkimləri tərəfindən evlərdə infarktlı xəstələrə ambulator müalicələrin aparılması, rayonlardan, xüsusən ucqar kəndlərdən xəstələrin xəstəxanaya göndərilməsinin gecikməsi səbəbindən baş verir. Qeyd olunanların aradan qaldırılması məqsədilə muxtar respublika ərazisində çalışan kardioloqların iştirakı ilə seminar keçirilmiş, “Kəskin koronar sindrom hallarında ilkin tibbi yardım və tibb işçisinin taktikası” barədə həkimlərə, həkim ambulatoriyalarında, feldşer-mama məntəqələrində çalışan tibb işçilərinə tövsiyələr verilmişdir.
Buradakı həkim briqadası Naxçıvan Muxtar Respublikası Səhiyyə Nazirliyi tərəfindən tərtib olunmuş qrafik əsasında ucqar dağ kəndlərində əhalinin müayinəsində iştirak edir. Mərkəzdə dezinfeksiya tədbirləri təlimata uyğun həyata keçirilir. Kadrların yerləşdirilməsində maliyyə intizamı qaydalarına və Səhiyyə Nazirliyinin göndərişlərinə ciddi əməl olunur.
Bölgədə analoqu olmayan Naxçıvan Diaqnostika-Müalicə Mərkəzində kardioloji xəstələrin müayinəsi müasir tibbi avadanlıq və cihazlarla, EKQ, ExoKQ, Holter monitorinqi, Təzyiq holteri, Tredmil testi vasitəsilə həyata keçirilir. Eyni zamanda Periferik damarların Dopler müayinəsi, Koronar angioqrafiya, Kateterizasiya müayinələri, İnvaziv ürək, açıq ürək və damar əməliyyatları da icra olunur. Exokardioqrafiya kabinəsində həkim Mahir Əhmədov müxtəlif illərdə Türkiyə Respublikasında, Bakı şəhərində ixtisaslaşma kurslarında olub. Periferik damarların Dopler müayinəsi bu gənc mütəxəssis tərəfindən həyata keçirilir. 
Uşaqlarda ürək boşluqlarının kateterizasiyası, eləcə də Pulmonar arteriyanın balon valvuloplastikası əməliyyatı Bakı şəhərindən müntəzəm olaraq mərkəzə dəvət edilən Elnur İmanov tərəfindən icra olunur. 
Kardiocərrahiyyə bu səhiyyə müəssisəsinin mühüm sahələrindən biridir. 2016-cı il may ayının 26-da Naxçıvan Diaqnostika-Müalicə Mərkəzinin kardiocərrahları İntiqam Fətullayev, Cabir Gülmalıyev və anestezioloq-reanimatoloq Şahin Mazan­ov tərəfindən ilk dəfə olaraq müstəqil şəkildə 2 açıq ürək əməliyyatı aparılmışdır. Hazırda kardioloji xəstə­lərin invaziv müalicələri, açıq ürək-damar, protez qapaqların implantasiyası əməliyyatları yerli mütəxəssislər tərəfindən müvəffəqiyyətlə həyata keçirilir. Qeyd edilməlidir ki, indiyədək belə mürəkkəb əməliyyatlar üçün xəstələr ölkəmizin paytaxtına və digər ünvanlara üz tutmalı olurdular. Azərbaycan Səhiyyə Nazirliyi Mərkəzi Neftçilər Xəstəxanası Ürək-damar xəstəlikləri şöbəsinin yüksəkixtisaslı həkim heyətinin bir sıra mürəkkəb əməliyyatları, o cümlədən açıq ürək əməliyyatlarını Naxçıvan Diaqnostika-Müalicə Mərkəzində həyata keçirməsi yerli mütəxəssislərin peşə bacarıqlarının yüksəldilməsində mühüm rol oynamışdır. Diaqnostika-Müalicə Mərkəzində koronar angioqrafiya müayinələri uğurla icra olunur. Əminliklə demək olar ki, bu müasir səhiyyə ocağı öz tibbi təminatı və kadrları ilə ən yüksək səviyyədə yardım göstərmək iqtidarındadır. 
Gələcəyimiz olan uşaqların sağlamlığı müstəqil dövlətimizin sosial siyasətində mühüm istiqamətlərdən biridir. Əziz Əliyev adına Naxçıvan Muxtar Respublikası Mərkəzi Uşaq Xəstəxanasında uşaq əhalisinə digər xidmətlərlə yanaşı, kardioloji xidmət də göstərilir. Bu məqsədlə Poliklinika şöbəsinin kardiorevmatoloji kabinəsində EKQ, ExoKQ aparatları ilə müayinələr aparılır. Cərrahi müdaxiləyə ehtiyacı olanlar əməliyyat üçün Naxçıvan Diaqnostika-Müalicə Mərkəzinə göndərilirlər. 
Naxçıvan Muxtar Respublikası Doğum Mərkəzində hamilələrə, dölə və yenidoğulanlara kardioloji xidmət göstərən, EKQ və ExoKQ ilə təchiz olunan ayrıca kabinə fəaliyyət göstərir. Həkim-kardioloq Elnurə ­Bağırovanın səyi ilə indi bütün yenidoğulmuşlar müvafiq müayinələrdən keçirilirlər. Belə müayinələr­dən olan fetal exokardioqrafiya ana bətnində uşağın ürəyinin inkişafını, fəaliyyətini səs dalğaları ilə müşahidə edən və dəyərləndirən mühüm müayinə metodudur. Xromosom anomaliyaları, ürəkdən kənar anatomik qüsurlar, kardial aritmiyanın mövcudluğu, ilk trimestrdə dölün inkişafdan qalması və digər hallarda fetal exokardioqrafiya müayinəsinin aparılması zəruridir. ExoKQ müayinəsi həmçinin hamiləlik kardiomi­patiyalarının erkən diaqnostikasında əvəzedilməz əhəmiyyətə malikdir. Odur ki, doğuşa 2 ay qalmış bütün hamilələrdə ExoKQ müayinəsinin aparılması və ürəyin yığılma funksiyasının xüsusi olaraq dəyərləndirilməsi vacibdir.
Naxçıvan Muxtar Respublika Xəstəxanasında stasionar və ambulator müalicə alan xəstələrin konsultasiyası məqsədilə Poliklinika şöbəsində EKQ və ExoKQ kabinələri fəaliyyət göstərir. Kabinədə cari ilin ötən dövründə 650 stasionar, 490 ambulator xəstədə EKQ, 650 stasionar, 48 ambulator xəstədə ExoKQ müayinəsi aparılıb.
Şərur rayonunda kardioloji xidmət stasionar xəstələr üçün Terapiya şöbəsində 4 çarpayılıq bölmədə, ambu­lator xəstələr üçün isə Poliklinika şöbəsində icra olunur. Xəstələrin müayinəsi üçün iki EKQ, bir ExoKQ aparatı işlək vəziyyətdədir. Sədərək, Kəngərli, Şahbuz, Culfa, Ordubad rayonlarında EKQ, Babək rayonunda isə EKQ və ExoKQ müayinələri aparılır. Ehtiyac olan hallarda müayinə və müalicə məqsədilə xəstələr Naxçıvan şəhərinə göndərilir. Rayonlar üzrə dispanser qeydiyyatda olan kardioloji xəstələrin müalicə-profilaktika tədbirləri daim nəzarət altındadır.
Muxtar respublika səhiyyəsinin bu uğurlarından bəhs edərkən Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Naxçıvan Muxtar Respublika Xəstəxanasının açılışında dediyi bu sözləri xatırlayıram: “Biz elə etməliyik ki, Azərbaycanın hər bir yerində insanlar keyfiyyətli tibbi xidmət ala bilsinlər. Bəzi hallarda bəzi vətəndaşlar müalicə üçün xaricə üz tuturlar. Hesab edirəm, biz elə sistem yaratmalıyıq ki, əksinə, xaricdən Azərbaycana müalicə və müayinə üçün gəlsinlər. Əminəm ki, bu xəstəxanada müalicə üçün qonşu ölkələrdə yaşayan, Naxçıvana yaxın bölgələrdən vətəndaşlar da gələ bilərlər və gələcəklər”.
Bu gün muxtar respublikada istər xəstələrin müayinəsində, istərsə də müalicəsində tibb elminin son nailiyyətlərindən səmərəli istifadə olunduğundan, onlara ambulator və stasionar tibbi xidmət, xüsusən də reanimasiya xidməti təlimata uyğun aparıldığından heç bir kardioloji xəstənin Bakı şəhərinə, qonşu xarici ölkələrə getməsinə lüzum yoxdur. Bu gün Naxçıvan səhiyyəsində peşə bacarıqlarına güvənərək ürəyimizi etibar edə biləcəyimiz bir xidmət sahəsi var: inkişaf etmiş kardioloji xidmət. Bu xidmətdən vətəndaşlarımızın yararlanması, etibarlı şəkildə müayinə və müalicə edilməsi üçün hər bir imkan vardır. Bu, bir tərəfdən Naxçıvan səhiyyəsinin qələbəsidirsə, digər tərəfdən muxtar respublikada həyata keçirilən sosial siyasətin təntənəsi, əhalinin sağlamlığının qorunmasına göstərilən dövlət qayğısının parlaq ifadəsidir.
...Ömür axıb gedən zamanın bizə düşən kiçik bir hissəsi, çətin, əzablı yollardan, xoş və gərgin günlərin təəssüratından, xatirələr və arzularla qovuşan anlardan bütövləşmiş vaxt ölçüsüdür. Arzularla, istəklərlə dolu olan insan ömrü ürəyin döyüntüləri ilə hesablanır. Ürək mərd orqandır, lakin onun hipertoniya, şəkərli diabet, oturaq həyat tərzi, siqaretçəkmə, alkoqol, artıq çəki, emosional streslər kimi namərd düşmənləri də var. İnsan o namərdləri vücudundan qovanda, ürəyə sadiq olanda ürək də insana sadiq qalır, döyüntüləri ilə qoluna güc verib unudulmaz bir nəğmə pıçıldayır qulaqlarına: “Ömür deyir: – Qocalmışam. Ürək deyir: –Yaşa hələ”.




Ana səhifəyə qayıt        Baxış: 1 585          Tarix: 2-07-2017, 12:26      

Xəbəri paylaş


Paylaş:   

Prizma