Xəbər lenti

Məlum olduğu kimi, Rusiya prezidenti Vladimir Putin dekabr ayında Hindistana rəsmi səfər edəcək. Bu, Rusiya-Ukrayna müharibəsi başlandıqdan sonra Putinin Hindistana ilk səfəri olacaq.

Bəs Kremlin bu səfərlə bağlı əsas hədəfi nədir?

Mövzu ilə bağlı politoloq Elxan Şahinoğlu Musavat.com-a danışıb.

Politoloq qeyd edib ki, Rusiya bununla Hindistanı razı salmağa çalışır:

"Şanxay Əməkdaşlıq Təşkilatının (ŞƏT) Hökumət Başçıları Şurasının iclası Moskvada öz işinə başlayıb. Ukrayna müharibəsinə görə Qərb dövlətləri ilə münasibətləri gərginləşən və sanksiyalarla üzləşən Rusiya üzv olduğu təşkilatlarda rolunu artırmağa və üzv dövlətlərlə əlaqələrini gücləndirməyə çalışır. Bundan biri Şanxay Əəməkdaşlıq Təşkilatıdır. Rusiyanın Çinlə ikitərəfli əlaqələri yüksək səviyyədə olmaqla yanaşı, Moskva Pekinlə birgə Şanxay Əməkdaşlıq Təşkilatı çərçivəsində inteqrasiya proseslərinə təkan vermək istəyir.

Rusiyan xarici işlər naziri Sergey Lavrov Şanxay Əməkdaşlıq Təşkilatının Hökumət Başçıları Şurasının iclasına ilk qatılan Hindistanın xarici işlər naziri Subrahmanyam Caişankarı qəbul edib. Nazirlər iki ölkə arasında əməkdaşlığın inkişafı yollarını müzakirə ediblər.

Nazirlər Rusiya prezidenti Vladimir Putinin dekabr ayında Hindistana planlaşdırılan rəsmi səfərinə də toxunublar. Bu, Rusiya-Ukrayna müharibəsi başlandıqdan sonra Putinin Hindistana ilk səfəri olacaq. Kreml bu səfərin nəticələrinə xüsusi əhəmiyyət verir. Səfər çərçivəsində Yeni Dehlidə Rusiya-Hindistan sammiti keçiriləcək. Vladimir Putinin 2000-ci ildə Hindistanın keçmiş baş naziri Atal Bihari Vacpai ilə belə bir razılaşması var idi ki, liderlər hər il görüşməli idilər. Görüşlər mütəmadi olaraq Rusiya və Hindistanda keçirilməli idi. Ancaq bu razılaşmanı yerinə yetirmək mümkün olmadı. Vladimir Putin sonuncu dəfə Hindistanda 2021-ci ildə olub. Rusiyanın Ukraynaya qarşı işğalçı müharibəsi və Pekinin Moskvanın yanında yer alması Yeni Dehlini Kremldən məsafə saxlamağa məcbur etdi. 2023-cü ildə "böyük iyirmilərin" sammiti keçirilirdi. Putin həmin tədbirə öz yerinə xarici işlər naziri Sergey Lavrovu göndərmişdi. Görünür, Ukraynaya qarşı işğalçı müharibəyə başlayan Putin sammitdə təklənəcəyindən ehtiyat edirdi".

Politoloq xatırladıb ki, ABŞ prezidenti Donald Tramp da Hindistana səfər etməyi planlaşdırır. Ancaq bunun üçün iki ölkə arasında ticarət sazişi imzalanmalıdır:

"Bu istiqamətdə danışıqlar davam edir. Vaşinqton Yeni Dehli ilə əlaqələri gücləndirməyə çalışır. Donald Tramp Hindistanın Rusiyadann neft alışını dayandırmasını istəyir. Yeni Dehli Vaşinqonun tələbinə qarşı çıxsa da, Hindistanın neftayırma zavodları Rusiya neftinin alışını azaldıblar. Bu, Kremli narahat edir. Məsələ burasındadır ki, Hindistan hökuməti neftayrma zavodlarının hansı ölkədən neft alışı məsələsinə qarışmır".




Ana səhifəyə qayıt        Baxış: 4 597          Tarix: Dünən, 13:30      

Xəbəri paylaş


Paylaş:   

Prizma