Rusiya və ABŞ növbəti məhbus mübadiləsi imkanı müzakirə ediblər.
Oxu.Az-ın xəbərinə görə, bu barədə Rusiya Birbaşa İnvestisiyalar Fondunun rəhbəri və Rusiya Prezidenti Vladimir Putinin xarici ölkələrlə investisiya-iqtisadi əməkdaşlıq üzrə xüsusi nümayəndəsi Kirill Dmitriyev "Axios" nəşrinə müsahibəsində məlumat verib.
Ən azı səkkiz ABŞ-li Rusiya həbsxanalarındadır. Portal qeyd edir ki, saxlanılanların evə qayıtması Prezident Donald Tramp üçün prioritetdir və mübadilə Kremlə, Ukrayna ilə bağlı gərginliyə baxmayaraq, onun administrasiyası ilə münasibətləri yaxşılaşdırmaq səylərində kömək edə bilər.
"Mən bəzi ABŞ rəsmiləri və Trampın komandasının üzvləri ilə müəyyən humanitar xarakterli mövzular, məsələn, ABŞ tərəfinin üzərində işlədiyi mümkün məhbus mübadiləsi məsələsi ilə bağlı görüşdüm", - deyə Dmitriyev bildirib.
Portalın mənbəsinin sözlərinə görə, Kirill Dmitriyev bu ideyanı ABŞ-nin xüsusi nümayəndəsi Stiv Uitkoff və administrasiyanın digər rəsmiləri ilə müzakirə edib.
O, həmçinin danışıqların müsbət məcrada keçdiyini, lakin heç bir razılaşmanın əldə olunmadığını da bəyan edib. Dmitriyev və "Axios"un mənbəsi mübadilə siyahılarına kimin daxil edilə biləcəyini isə açıqlamayıblar.
Paylaş:




























