Xəbər lenti

"Türkiyənin "C-130" tipli hərbi yük təyyarəsi qəzaya uğradıqdan dərhal sonra Gürcüstan və Azərbaycan bütün imkanlarını səfərbər etdilər".

Oxu.Az "Milliyet" qəzetinə istinadən xəbər verir ki, bunu Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Nazirlər Kabinetinin iclasından sonra xalqa müraciətində deyib.

Onun sözlərinə görə, hər iki ölkə axtarış-xilasetmə briqadasının hadisə yerinə çatdırılmasında, təyyarənin qalıqlarının tapılmasında, qəza yerinin təhlükəsizliyinin təmin edilməsində Türkiyə ilə əməkdaşlıq edib.

Türkiyə lideri əlavə edib ki, qəzanın araşdırılması üzrə komissiyanın əldə etdiyi məlumatlar və təyyarənin qara qutusunun tədqiq edilməsi faciənin başvermə səbəblərini üzə çıxaracaq. O, hadisənin səbəbi məlum olduqdan sonra bu barədə ictimaiyyətə məlumat veriləcəyini də vurğulayıb.

Qeyd edək ki, noyabrın 11-də Türkiyə Hərbi Hava Qüvvələrinə məxsus "C-130" hərbi yük təyyarəsi Gəncə hava limanından qalxdıqdan 27 dəqiqə sonra Gürcüstan ərazisində radarlardan itərək qəzaya uğrayıb. Qəza nəticəsində təyyarənin göyərtəsində olan heyət üzvləri də daxil olmaqla 20 hərbçi həlak olub.

Ərdoğan, həmçinin noyabrın 8-də Zəfər Günü münasibətilə keçirilən hərbi paradda iştirak etmək üçün Bakıda səfərdə olduğunu xatırladaraq bildirib:

"Bundan sonra da bir millət, iki dövlət düsturu ilə bütün imkanlarımızla Azərbaycanın yanında olacağıq. Xüsusilə Cənubi Qafqazda davamlı sülhün təsisi və iqtisadi inkişafın sürətlənməsi üçün üzərimizə düşəni etməkdən çəkinməyəcəyik".




Ana səhifəyə qayıt        Baxış: 3 578          Tarix: 17-11-2025, 22:46      

Xəbəri paylaş


Paylaş:   

Prizma