Xəbər lenti

 

Son zamanlarda stent üçün xəstəxanalara müraciət edənlərin sayı artır. Bəs, stent nədir? Nə zaman taxılır?  

Suallarımızı Respublika Diqonostika Mərkəzinin nəzdində fəaliyyət göstərən Bakı Ürək Mərkəzinin invaziv kardioloqu Şahin Xəlilov cavablandırıb.

- Stent nədir?

- Bütün ürək-damar xəstəlikləri, ani qəfləti ölüm, infarkt, stenokardiya, ürəyi qidalandıran damarın daralmasından ya da tutulmasından qaynaqlanır. Əgər ürəyi qidalandıran damar tutulubsa və ya kritik həddə daralıbsa, o xəstə daimiözündə həyati təhlükə daşıyır. Bu vəziyyət xəstənin həyatına son qoya, ciddi ağrılara, infarkta və s. gətirib çıxara bilər. Ürək-damarında tutulma varsa və bu damar əhəmiyyətlidirsə,  tutulma aradan qaldırılmalıdır, çünki ürəyi qidalandıran damarlarda tutulma olmamalıdır. Bunu aradan qaldırmaq üçün 3 müalicə metodu var.

Çox ciddi daralma olmadıqda, dərman müalicəsi;

Açıq ürək-damar cərahiyyə əməliyyatı, yəni, ayaqdan, qoldan, sinədən damar götürülməklə tutulan damarı əvəz etmək;

Günümüzdə ən çox yayılmış müasir cərrahiyyə metodlarından - balon və stentləmə əməliyyatı

Stentləmə əməliyyatı artıq 40 ildir ki, tətbiq edilir. Bu illlər ərzində stent milyonlarla insana qoyulub. Stentlər artıq neçə illərdir ki, araşdırılıb və ən müasir vəziyyətə çatıb. Stentlər xüsusi dərman ifraz edir. Onlar təkrar daralmanın qarşısını alır. Çox saylı damarlara haşiyə yerinə, ana damarlara stent yerləşdirmək olur. 

Ürək-damarda tutulma olduqda insanın normal həyatına da mənfi təsir edir. Xəstələrdə ağrı, göynəmə əmələ gəlir, bəzən adi ev işlərini görə bilmirlər. Daralma açıldıqdan sonra isə xəstə normal həyata qayıdır. Bu stentin bir nömrəli işidir. Xəstə əməliyyatdan sonra normal sosial həyata qayıda, fiziki işlə məşğul ola bilər. Xəstədə ani ölüm riski 50-60 faizdən sıfır faizə düşür.

Stent qoyulduqdan sonra xəstə yaşam tərzini dəyişdirməlidir.

Stent xəstəlik törədən fəsadı aradan qaldırır, xəstəlik yenə də insanda qalır, necə ki stent qoyulan damar tutulubsa, müəyyən müddətdən sonra digər damarlar da tutula bilər. Ona görə, xəstə stent qoyuldusa, artıq "tam sağlamam" - deyə düşünməməlidir. Xəstələr ömrü boyu profilaktik, təkrar daralmanın qarşısını alacaq müalicə almalıdır. Əfsuslar olsun ki, günümüzdə xəstələr bu qaydalara əməl etmir. Stent qoyulduqdan bir müddət sonra dərman qəbulunu da dayandırırlar. Bu da fəsadlara gətirib çıxara bilər.

Stent günümüzdə dünyanın ən aparıcı ölkələrində, ən çox yayılmış müalicə metodudur. Azərbaycanda da stent qoyma əməliyyatı dünya səviyyəsində həyata keçirilir. Stent insanın həyat keyfiyyətini yaxşılaşdırır, ömrünü uzadır.

- Stentləmə əməliyyatından sonra xəstə nələrə diqqət etməlidir?

- Əməliyyat olunmuş xəstə dərman qəbuluna davam etməlidir. Ümumiyyətlə, xəstənin həyatında edəcəyi dəyişikliklər stentlə yox, xəstəliklə əlaqədardır.

Bir insanın qanda xolesterini yüksəkdirsə, əməliyyat olunsa da, olunmasa da, dərman içməli, pəhriz saxlamalı, siqaretdən uzaq olmalı, fiziki məşqlər etməlidir. Həmin xəstələr stent qoyulmasa belə bu şərtlərə əməl etməlidir, çünki onlarda artıq xəstəlik var. Stent isə xəstəliyin yaratdığı ürəyə olan fəsadın qarşısını alır.

- Ürək-damar xəstəlikləri qadınlar, yoxsa kişilər arasında daha çox yayılıb?

- Xəstəlik daha çox kişilər arasında yayılıb. Qadınlarda isə irəliləyən yaşlarda daha yayğın və daha çətin olur.

- Ürək-damar xəstəliklərinə gətirib çıxaran səbəblər hansılardır?

- Siqaret, stress və s. xəstəliyə gətirib çıxarır. Belə ki, Azərbaycanda qadınlar kişilərə nisbətdə daha az siqaret çəkir, kişilər isə daha çox stressə məruz qalır.

Aysel Yaqubqızı / Metbuat.az





Ana səhifəyə qayıt        Baxış: 8 546          Tarix: 9-08-2017, 18:33      

Xəbəri paylaş


Paylaş:   

Prizma