Dubayın Avtomobil Yolları və Nəqliyyat İdarəsi Əmirliyin sakinləri üçün yeni xidmət növünü – evlərinin yanına avtobus sifariş edilməsini sınaqdan keçirir. Bu barədə “Khaleej Times” nəşrinin yaydığı məlumatda bildirilir.
Yeni xidmət növündən daha çox pik saatlarında istifadə etmək mümkündür. Bu, avtobus dayanacaqlarından uzaq məsafədə yaşayan əhaliyə ictimai nəqliyyatdan rahat istifadə etməyə imkan yaradır.
Yeni “onlayn-bronlaşdırma” texnologiyası Almaniyanın “MVMANT” şirkəti tərəfindən işlənib hazırlanıb. İlkin mərhələdə bu yenilik Əl Barşa və Əl Varka rayonlarında tətbiq ediləcək. Bu məqsədlə bir neçə mikroavtobus və iri avtobus dövriyyəyə buraxılacaq.
Avtomobil Yolları və Nəqliyyat İdarəsinin nümayəndələri bildiriblər ki, avtobuslar dəqiq müəyyən edilən marşrutlarda xidmət göstərir və əsasən də pik saatlarında dolu olur, adi saatlarda onların sərnişini az olur. Bu da ictimai nəqliyyat xidmətini təkmilləşdirmək baxımından vətəndaşların şəhərdə və şəhərətrafı rayonlarda hərəkəti zamanı tələbatını ödəməkdən ötrü “çağırılma avtobus” planının işlənib hazırlanmasına əsas səbəb olub. Sınağın əsas mərhələsinin gələn ay keçirilməsi nəzərdə tutulub.\\AZƏRTAC
Paylaş: