“Rusiya son 2 ildə 2 milyard, son 5 ildə isə 5 milyard dollar dəyərində silahı Ermənistana verib”.
Bu barədə Publika.az-a açıqlamasında politoloq Qabil Hüseynli deyib.
Onun sözlərinə görə, Ermənistana kreditlə silah verilməsi bəhanədir: “Rusiya hələ Yeltsinin dövründən başlayaraq, Ermənistanı silahlandırır. Yeltsinin dövründə 1 milyard dollara qədər silah əvəzsiz ermənilərə verildi. Gürcüstandan çıxarılan bütün döyüş texnikası Ermənistana aparıldı. Bu texnikaların ümumi dəyəri 800 milyon dollar idi”.
Q.Hüseynli qeyd edib ki, Rusiya Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatının xətti ilə hava hücumundan müdafiə sistemi qurmaq adı altında xeyli silahları, o cümlədən, “İskəndər” raketlərini, od püskürən texnikaları və s. silahları Ermənistana verdi.
“Axı bütün bu silahlar 200, yaxud 100 milyon dollar kredit dəyərində deyil. Təkcə “İskəndər”lərin 1 divizionun qiyməti yarım milyardır. Rusiya isə 4 divizion “İskəndər” aparıb. Bu, o deməkdir ki, Rusiya son 2 ildə 2, son 5 ildə isə 5 milyard dollara qədər silah-sursatı Ermənistana verib. Bu gün Ermənistan bölgədə silahlanmış zonadır və bu ölkə Avropada adi silahların və silahlı qüvvələrin saxlanılması kvotasını 20 dəfədən də çox keçib”, - deyə o bildirib.
Q.Hüseynli Rusiyanın bu addımının Ermənistanı işğalçılığa və təcavüzə stimullaşdırdığını hesab edir: “Bu proses danışıqlara son qoyulmasına və regionda hərbi gərginliyin artmasına gətirib çıxaracaq. Görünən budur ki, Rusiya danışıqlarda vasitəçi kimi yox, tərəf kimi çıxış edir. Buna görə də Ermənistanı silahlandıran Rusiyanın Minsk qrupunda həmsədr kimi fəaliyyəti mümkünsüzdür. Çünki onun addımları beynəlxalq hüquqa ziddir və regionda sabitliyin pozulmasına hesablanıb”.
Paylaş: