Tehran görüşünün siyasi əhəmiyyəti qədər iqtisadi əhəmiyyəti də böyükdür. Həm iştirakçı ölkələrin qarşılıqlı əməkdaşlığı, həm də bölgə üçün əhəmiyyətli layihələrin müzakirəsi baxımından olduqca vacib tədbir hesab oluna bilər.
Bu sözləri politoloq Nəzakət Məmmədova Axar.az-a açıqlamasında Putin, Əliyev və Ruhaninin Tehran görüşünü şərh edərkən deyib. O bildirib ki, üçtərəfli formatda bu cür faydalı əməkdaşlığın əsası hələ ötən ilin avqustunda Bakıda qoyulmuşdu:
“Məhz Bakı bəyannaməsində “Şimal-Cənub” beynəlxalq nəqliyyat dəhlizi üzrə sərnişin və yük daşımacılığını artırmaq üçün nəqliyyat-kommunikasiya infrastrukturunu inkişaf etdirmək niyyəti öz əksini tapmışdı. Prezident Əliyev isə Bakı, Moskva və Tehranın üç ölkə arasında elektrik enerjisi mübadiləsini təmin edən etibarlı enerji dəhlizinin yaradılması və yeni bazarlara çıxış strategiyasını bəyan etmişdi. Fin körfəzi sahillərindən, Sankt-Peterburqdan Ərəbistan körfəzi sahillərinə, Hindistanın Mumbayi limanınadək uzanan, Rusiya, Azərbaycan, İran da daxil olmaqla bir sıra ölkələri bir-birinə bağlayan “Şimal-Cənub” dəhlizi hazırda mövcud olan Süveyş kanalı vasitəsilə yükdaşıma yollarından iki dəfə qısadır”.
Politoloq qeyd edib ki, üç Xəzəryanı ölkənin iqtisadi potensialı çox yüksək olduğu üçün prezidentlər bu görüşdə də bir sıra vacib əməkdaşlıq məsələlərinin müzakirəsini zəruri hesab edib:
“Prezident İlham Əliyevlə ikitərəfli görüşdə Rusiya Prezidenti Vladimir Putin də Azərbaycanla Rusiya arasındakı münasibətlərin strateji xarakter daşıdığını və iki ölkə arasında bu ilin 9 ayı ərzində ticarət dövriyyəsi 62 faiz artdığını vurğulayıb. Prezident İlham Əliyev də öz növbəsində ölkələrin biznes strukturları arasında geniş əlaqələrin olduğunu qeyd edib. Doğrudur, bu gün münasibətlər bütün sahələrdə uğurla inkişaf edir. Azərbaycan prezidentinin keçirdiyi ikitərəfli görüşlərdə həm də Dağlıq Qarabağ münaqişəsinin müzakirə olunması bir daha sübut edir ki, Azərbaycan öz ərazi bütövlüyü məsələsini bir nömrəli problem kimi bütün beynəlxalq və regional tədbirlərdə gündəmə gətirir və bu mövqe dəyişməz olaraq qalır. Azərbaycan prezidentinin həm Rusiya, həm İran prezidenti ilə görüşlərində hərbi, hərbi-texniki əməkdaşlıq məsələlərinin müzakirə olunması Qarabağ probleminin həlli üçün Ali Baş Komandanın diplomatik fəaliyyətlə yanaşı, ərazi bütövlüyü üçün hərb variantını da gündəmdə saxladığını deməyə əsas verir”.
Politoloq vurğulayıb ki, görüşü üçtərəfli əməkdaşlığın daha da dərinləşməsi, regional və beynəlxalq tərəfdaşlıq münasibətlərinin inkişafı istiqamətində mühüm bir tədbir kimi qiymətləndirmək olar:
“Ermənistan isə Rusiya və İranla yaxın münasibətlərini hər zaman nümayiş etdirməyə çalışsa da, bu formatda tədbir onu göstərdi ki, bölgənin iki böyük dövləti - Rusiya və İran bərabərhüquqlu tərəfdaş kimi regionda məhz Azərbaycanı qəbul edir, onunla hesablaşırlar”.
Qeyd edək ki, İranın paytaxtı Tehran şəhərində Azərbaycan Prezidenti İlham Əliyev, Rusiyanın dövlət başçısı Vladimir Putin və İran Prezidenti Həsən Ruhani arasında üçtərəfli Zirvə görüşü keçirilib. Görüşdə “Şimal-Cənub” nəqliyyat dəhlizinin əhəmiyyətindən danışılıb.
Paylaş: