Zimbabvedə hərbçilər “ZBC” dövlət teleradio şirkətinin binasını ələ keçiriblər. APA-nın “RİA Novosti”yə istinadən verdiyi xəbərə görə, hərbçilər binaya daxil olan və çıxan şəxsləri yoxlayırlar. Məlumata görə, bir neçə televiziya işçisi hərbçilər tərəfindən döyülüb. Efirə çıxacaq xəbərlər blokunun yayımı dayandırılıb.
Bundan əvvəl Zimbabve hökuməti paytaxt Hararedə əsas obyektlərin hərbi mühafizəsini gücləndirməyə qərar verib. Hərbçilər şəhərin əsas magistral yollarında blokpostlar qururlar. Prezident sarayının da mühafizəsi xeyli gücləndirilib.
Yerli KİV-lər qeyd edir ki, bölgədə yerləşən hərbi hissələrin birindən paytaxta doğru zirehli texnika karvanı irəliləməyə başlayıb.
Qeyd edək ki, noyabrın əvvəlində Zimbabve prezidenti 93 yaşlı Robert Muqabe xələfi hesab edilən müavini, orduda böyük nüfuza malik olan Emmerson Mnanqaqvanı istefaya göndərib.
Ötən gün Baş Qərargah rəisi Konstantin Çivenqa prezidentdən hakim partiyanın sıralarında təmizləməyə son qoymağı tələb edib
Paylaş: