Angela Merkelin mühafizəkar bloku hökuməti formalaşdırmaq üçün Almaniya sosial-demokrat partiyası ilə danışıqlara hazırdır.
Bunu noyabrın 27-də Xristian-Demokratik İttifaqının (XDİ) başçısı Angela Merkel partiyanın idarə heyətinin Berlində keçirilən iclasından sonra jurnalistlərə müsahibəsində bildirib. “Biz məhz belə hökumətin qurulmasını istəyirik və ASDP ilə danışıqlara hazırıq”, - deyə o qeyd edib.
Bununla yanaşı, Angela Merkelin sözlərinə görə, Almaniyanın avropalı tərəfdaşları hesab edirlər ki, AFR Aİ çərçivəsində vacib rol oynamağa qadirdir. “Yaxın Şərq münaqişəsini, Rusiya ilə vəziyyəti, ABŞ-da cərəyan edən hadisələri nəzərə alsaq, Almaniyanın qərar qəbuletmə bacarığının olması daha yaxşıdır”, - XDİ lideri belə deyib.
Almaniya sosial-demokrat partiyasının (ASDP) rəhbərliyi Prezident Frank-Valter Ştaynmayerin vasitəçiliyi ilə mühafizəkarların başçısı Angela Merkellə danışıqlar aparmağa razılıq verib. Bunu bazar ertəsi günü ASDP lideri Martin Şults bəyan edib.
Xatırladaq ki, Xristian-demokratik və Xristian-sosialist ittifaqı bloku (XDİ/XSİ), Azad demokratik partiya və “yaşıllar” arasında koalisiya hökumətinin qurulması üzrə bir aydan çox davam edən danışıqlar nəticəsiz başa çatıb. Bundan başqa, sosial-demokratlarla indiyədək razılıq əldə olunmaması ölkədə vəziyyəti siyasi böhran həddinə çatdırıb.//TASS informasiya agentliyi
Paylaş: