Avstriyanın paytaxtı Vyananın mərkəzində dekabrın 11-dən etibarən “Teddiber” Oyuncaq Xəstəxanası öz qapılarını uşaqlar və onların “xəstə” oyuncaqları üçün açacaq.
Vyana Tibb Universiteti, Avstriya Tələbələr Assosiasiyası və Vyana Həkimlər Palatasının birgə təşəbbüsü əsasında baş tutan bu layihə çərçivəsində üç gün ərzində uşaqlar öz oyuncaqlarını həkim yoxlanışından keçirə biləcəklər. Layihənin məqsədi uşaqların xəstəxana və həkimlərə qarşı qorxularını azaltmaq, xəstəxanalardakı mürəkkəb prosesləri sadələşdirilmiş formada izah etmək, eyni zamanda, uşaqların gələcək peşə seçimləri ilə bağlı tibb elminə maraq artırmaqdır.
Vyana Həkimlər Palatası nəzdində fəaliyyət göstərən “xəstəxana”da real xəstəxanalarda olduğu kimi bütün tibbi şərait və prosedur qaydaları mövcuddur. Burada qeydiyyat bölməsindən tutmuş buraxılış məntəqəsinə kimi çoxlu sayda şöbələr var. Uşaqlar öz sevimli oyuncaqlarını həkim müayinəsindən keçirdə, müxtəlif müayinə aparatlarında yoxlada bilərlər. Vyana Tibb Universitetinin 50 tələbəsindən ibarət “Teddi” həkimlər briqadası uşaqlara qızdırma və qan təzyiqinin ölçülməsi kimi sadə yoxlanışlarla yanaşı, reanimasiya məşqləri, ilk təcili tibbi yardım qaydalarını da izah edirlər. Buraya həmçinin təcili tibbi yardım maşınının izahı da daxildir.
“Xəstəxana”da əməliyyat otaqlarında oyuncaqlar üzərində əməliyyat da aparılır. Öz sevimli oyuncağından ayrılmaq istəməyən uşaqlar üçün əvəzedici oyuncaqlar təqdim olunur. Sözsüz ki, uşaqlar bu tibbi müdaxilələr zamanı həkim köməkçisi kimi əməliyyat stolunda yer alırlar.
4-8 yaş arası uşaqlar üçün nəzərdə tutulmuş layihə artıq 17-ci dəfə baş tutur. Vyana Tibbi Universitetinin tədris işləri üzrə vitse-rektoru Anita Rider bildirib ki, artıq ənənə halını almış bu layihə Tibb Universiteti üçün mühüm əhəmiyyət daşıyır və universitetin tələbələri bu layihədə həvəslə iştirak edirlər.
Layihə çərçivəsində uşaqlar günün birinci yarasında məktəb qrupları şəklində, günün ikinci yarısında isə valideyn müşayiəti ilə fərdi qaydada “xəstəxana”ya baş çəkə bilərlər.//AZƏRTAC
Paylaş: