Fransanın Nitsa şəhərində saxlanılan Rusiya Federasiya Şurasının üzvü, sahibkar Süleyman Kərimov Fransaya qeyri-qanuni yolla 750 milyon avroya qədər pul gətirməkdə günahlandırılır.
Bunu Nitsa şəhərinin prokuroru Jan-Mişel Pretr bəyan edib.
"Fransaya 500 milyondan 750 milyonadək nağd pul gətirilib. Məqsəd çirkli pulların yuyulması olub. Süleyman Kərimov vergi orqanlarını Fransaya keçirdiyi milyonlarla avro barədə məlumatlandırmağı unudub. Söhbət yalnız nağd pullardan deyil, həmçinin bir hesabdan digərinə pul köçürmələrindən də gedir", deyə J-M.Pretr bildirib.
S.Kərimov noyabrın 20-də Nitsa hava limanında saxlanılıb, sonra isə 5 milyon avro məbləğində zəmanətlə azadlığa buraxılıb. "Nafta-Moskva" şirkətinin sahibi, 51 yaşlı Süleyman Kərimov vergidən yayınma və çirkli pulların yuyulmasında ittiham olunur.
Qeyd edə ki, Dərbənddə dünyaya gələn 51 yaşlı Süleyman Kərimov Rusiya parlamentində təmsil olunan qafqazlı milyardçıdır. O, Rusiyanın ən varlı və nüfuzlu şəxslərindən biri hesab olunur. Milliyətcə ləzgidir. 1998-ci ildən "Nafta-Moskva" kompaniyasının sahibi olan Süleyman Kərimov "Forbes" dərgisinin versiyasına əsasən milyonçuların reytinq cədvəlində 217-ci yerdə gedir.//APA
Paylaş: