Rusiya prezidenti Vladimir Putin Misir və Suriyanın ardınca Türkiyəyə səfər edib. Putin Suriyanın Xmeymim bazasında yerləşən Rusiya hərbi bazasına baş çəkib. Rusiya liderinin Suriyada özünü bu ölkənin prezidenti, yaxud qalib rəhbər kimi nümayiş etdirməsi nəzərlərdən qaçmayıb.
Ötən gün qoşunların Suriyadan çıxarılmasını və qələbəni təntənəli şəkildə elan etmək üçün Xmeymin aviabazasına gedən Rusiya prezidenti Vladimir Putinin səfəri ilə bağlı videokadrlarda maraqlı detal diqqəti cəlb edib. Virtualaz.org xəbər verir ki, rus generallardan biri Suriya diktatoru Bəşər Əsədin qolundan tutaraq ləngidib və onun Putinlə yanaşı qırmızı xalı üzərində yeriməsinə mane olub. Kadrlara əsasən, Putinin təyyarəsi aviabazada yerə enəndə onu Rusiya qoşun qruplaşmasının komandanı qarşılayır və raport verir. Daha sonra Putin onu Xmeymin aviabazasında gözləyən Bəşər Əsədlə və rus hərbçiləri ilə görüşür, ardınca hərbçilərin qarşısında çıxış etmək üçün qırmızı xalı üzərində tribunaya tərəf gedir. Bu vaxt Bəşər Əsəd də onunla yanaşı getmək istəyir, ancaq rus generallarından biri onun qolundan tutaraq saxlayır, işarə verir ki, Putindən arxada qalmaq lazımdır. Yazıda qeyd olunduğu kimi, bu, Suriyada “xozeyinin” hazırda kim olduğunu göstərən simvolik kadrlardır.
Qeyd edək ki, Putin rus ordusunun bir qismini Suriyadan çıxarmağa qərar verib. Rusiyanın bu ölkədəki hərbi bazasında Putini Rusiyanın müdafiə naziri ordu generalı Sergey Şoyqu, Moskvanın Suriyadakı hərbi komandanlığının rəisi general-polkovnik Sergey Surovikin, BMT-nin Suriyada tanıdığı hökumətin başçısı Bəşər Əsəd qarşılayıb.
Misirin paytaxtı Qahirədə isə Putini Misir prezidenti Əbdülfəttah Sisi qəbul edib. Görüşdən sonra hər iki lider Misirin qərbində inşa edilən Daba nüvə stansiyasının fəaliyyətə başlaması ilə bağlı müqavilə imzalayıb.
Bu arada Türkiyə prezidenti Rəcb Tayyib Ərdoğan Suriyada nizamlanma prosesini müzakirə etmək üçün rusiyalı həmkarı ilə Soçidə görüşmək niyyətində olduğunu bildirib. RİA Novosti agentliyinin verdiyi xəbərə görə, bunu Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan rusiyalı həmkarı Vladimir Putinlə keçirdiyi birgə mətbuat konfransında bəyan edib. “Bölgədəki mühüm məsələləri müzakirə etdik. Bu gün Suriya ilə bağlı məsələyə, son görüşümüzdə qəbul edilən qərarlara toxunduq və Soçidə daha bir görüşün keçirilməsinə dair razılığa gəldik. Əsas məsələlərdən biri Qüdslə bağlı vəziyyətdir. ABŞ müsəlmanları, xristianları və hətta yəhudiləri də məyus edən qərar qəbul edib. İsrail bunu Fələstinə təzyiq etmək imkanı kimi görür” deyə, Ərdoğan qeyd edib. O həmçinin bir həftə ərzində Rusiyadan “S-400” zenit-raket komplekslərinin tədarükü ilə bağlı məsələnin həll olunacağını vurğulayıb.
Rusiya prezidenti Vladimir Putin, Suriyada müxalifətçilər ilə rejim qüvvələrini bir araya gətirəcək Milli Konqresə terror təşkilatı PKK-nın Suriya qolu PYD-nin qoşulmasını istəməyən Ankaraya “O zaman Konqresə PYD-dən kənar kürdlər qatılır” formulu təklif edib. Xəbərə görə, Ankara bu təklifə isti yanaşıb.
Ərdoğan və Putin arasında təkcə son aylarda sayca üçüncü olan bu görüşün ardınca daha bir görüşə ehtiyac duyulması çox ciddi mətləblərdən xəbər verir. Düzdür, Rusiya və Türkiyə arasındakı S-400 anlaşmasının NATO-da doğurduğu sərt reaksiyanın qarşılığında bu iki ölkənin məsləhətləşmələri anlaşılandır. Lakin o da istisna deyil ki, Suriya prezidenti B.Əsədi qəbulolunmaz sayan Ərdoğan iqtidarı ilə Dəməşq hakimiyyətinin legitimliyini qəbul edən və onun arxasında dayanan Putin arasındakı təmaslarda Suriyanın taleyi ilə bağlı məsələlər də ciddi müzakirə mövzudur.
Prezidentlərin Suriya və Qüds başda olmaqla bir sıra beynəlxalq məsələləri müzakirə edəcəkləri gözlənilir. Rusiya prezidentinin mətbuat katibi Dmitri Peskov Vladimir Putin və Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğanın müzakirə edəcəyi mövzularla bağlı danışarkən bunu deyib. Bildirib ki, Rusiya prezidenti Suriya səfəri barədə məlumat verəcək. Rusiya hərbçilərinin Suriyadan çıxarılmasından sonra atılacaq addımlar barədə fikir mübadiləsi aparılacaq.//Musavat.com.
Paylaş: