Dekabrın 18-də BMT Təhlükəsizlik Şurasının Yaxın Şərq nizamlanması üzrə iclası keçirilib.
İclasda Misirin təşəbbüsü ilə Qüdsün İsrailin paytaxtı kimi tanınmasına qarşı qətnamə layihəsi müzakirəyə çıxarılıb.
Layihə ilə bağlı səsvermə zamanı 15 üzv ölkənin 14-ü onun lehinə səs verib. Lakin Birləşmiş Ştatlar veto hüququndan istifadə edərək layihənin əleyhinə səs verib.
ABŞ-ın qətnamə layihəsinə veto qoymasından sonra məsələnin BMT Baş Məclisinin müzakirəsinə çıxarılacağı və bu platformada üçdəiki səs çoxluğu ilə qəbul edilməsi üçün fəal iş aparılacağı qərara alınıb.
Xatırladaq ki, ötən həftə BMT Təhlükəsizlik Şurasında yayılan qətnamə layihəsində qeyd olunur ki, müqəddəs şəhər olan Qüdsün statusunu, demoqrafik tərkibinin dəyişdirilməsini nəzərdə tutan istənilən qərar və fəaliyyət hüquqi qüvvəyə malik deyil və Təhlükəsizlik Şurasının müvafiq qətnamələrinə uyğun olaraq ləğv edilməlidir. Sənəd ölkələri BMT Təhlükəsizlik Şurasının müvafiq qətnamələri ilə ziddiyyət təşkil edən fəaliyyət və tədbirləri tanımamağa, həmçinin Qüdsdə diplomatik missiyaların açılmasından çəkinməyə çağırır.//AZƏRTAC
Paylaş: