Ağ ev Donald Tramp Administrasiyasının immiqrasiya islahatı haqqında qanun layihəsində nəzərdə tutduğu və yeni konkret müddəaların yer aldığı təklifdən ibarət memorandum yayıb.
Azərtac xəbər verir ki, təklifə cari ilin mart ayında müddəti başa çatan “İmmiqrant uşaqları ilə bağlı təxirə salınmış tədbirlər” (DACA) proqramında nəzərdə tutulan insanların daimi qorunmasının davam etdirilməsi haqqında maddələr də daxildir.
Konqresdəki respublikaçılara göndərilmiş bir səhifəlik memorandumda Administrasiya ABŞ vətəndaşı olmaq üçün təkcə 700 minlik qeyri-leqal immiqrantlara deyil, həmçinin Barak Obama dövründə başlanmış və müddəti başa çatan DACA çərçivəsində qeydiyyata alınmış, hətta deportasiyadan qorunmayan və DACA proqramı çərçivəsində qeydiyyata alınmayan şəxslərə 10-12 illik vaxt ayrılması təklif olunur. Ağ evin hesablamalarına görə, bu insanların ümumi sayı 1,8 milyon nəfərdir.
Bu təklifin əvəzində Ağ ev yeni immiqrasiya siyasətinin Meksika ilə sərhəddə divar inşası üçün 25 milyard dollar ayrılmasını da ehtiva etməsini istəyir. Demokratlar əvvəlki danışıqlarda bu təklifdən imtina etmişdi. Ağ ev, həmçinin qanuni immiqrasiya sisteminə, o cümlədən ailə üzvlərinin, “yalnız ər-arvad və yetkinlik yaşına çatmayan uşaqlar” daxil olmaqla repatriasiyası qaydalarına da dəyişikliklər edilməsini istəyir. Administrasiya viza lotereyası (Qrin kart) sistemini də tamamilə aradan qaldırmaq fikrindədir. Memorandumda qeyd edilir ki, bu sistem “dələduzluq və sui-istifadə halları ilə müşayiət olunur və milli maraqlara cavab vermir”.
Ağ ev Tramp administrasiyasının bu təklifini “ikipartiyalı kompromis” kimi xarakterizə etsə də, qeyd olunmalıdır ki, demokratlar qanuni immiqrasiya sistemindəki dəyişikliklərin də daxil edildiyi təklifləri dəfələrlə rədd ediblər.
Paylaş: