Xəbər lenti

Maşa Gessen

“Newyorker” (ABŞ)

 

Bəzən zarafatla deyirəm ki, Sovet İttifaqında böyüyüb-başa çatmam məni ABŞ-da jurnalist kimi işləməyə hazırlayıb. Prezident alqışı amerikalı siyasətinin nüvəsi tək qələmə verdikdə, bu zarafat daha az gülüş doğurur.

Bazar ertəsi günü Ohayo ştatındakı bir zavodda keçirilən yığıncaqda kütlə qarşısında çıxış edən Donald Tramp Konqresdə onu alqışlamayan demokratları tənqid etdi. Prezident dedi: "Onlar deyəsən, Amerikanı, ölkəmizi sevmirlər. Ölü kimi idilər. Özlərini əsla amerikalı kimi aparmırdılar. Bu, xəyanət idi. Bəli, bəli, niyə də olmasın? Buna xəyanət adını verə bilərikmi? Niyə də yox?"

Sovet siyasətində alqışlar mühüm məsələ idi, bəzən isə mərkəzi məsələ. Hər dəfə Mərkəzi Komitənin Siyasət Bürosunun iclası və ya Ali Sovetin sessiyası keçirildikdə, qəzetlərdə hər hansı bir məna verə bilən yeganə sətir mötərizə içində yazılan “alqışlar” sözü idi.

Sovet mətbuatında insan cəmiyyətdə və ya təbiətdə istənilən hadisə ilə müqayisədə, alqışları təsvir etmək üçün bir çox vasitələr vardı.

"Alqışlar" – ovucları bir-birinə vurma…

“Əzmli alqışlar" (sözün əsl mənasında "gurultulu alqışlar") ifadəsi çarxın çax-çaxını xatırladırdı. Əslində, heç bir coşqulu, gurultulu hissiyyat yox idi: sovet aparatının məmurları sadəcə ayaq üstə dayanıb, mexaniki olaraq əllərini bir-birinə toxundururdu.

Ancaq "gurultulu alqışlar" adi alqışlardan daha uzun sürürdü.

"Gurultulu alqışlar" "sürəkli alqışlar"dan daha coşqulu idi.

"Sürəkli alqışlara keçidən gurultulu alqışlar" hətta daha uzun olur və tez-tez ayaq üstə qalxmalarla müşayiət olunurdu.

"Coşquya keçən uzunmüddətli alqışlar. Hər kəs ayağa qalxır".

Xatırlayıram, bu, tez-tez qəzet hesabatlarının sonuncu sətri idi, lakin rus mətbuatının tərtib etdiyi media-lüğət daha çox seçim təklif edir (Bu lüğət neçə-neçə il əvvəl tərtib edilib və layihə ilə məşğul olmuş bütün insanlar artıq çoxdan işlərini itiriblər). "Sakitləşməyən, sürəkli alqışlara keçən gurultulu alqışlar. Hər kəs ayağa qalxır. Auditoriyada bir nəfər qışqırır: "Lenin partiyasına eşq olsun!" “Sakitləşməyən, sürəkli alqışlara keçən gurultulu alqışlar. Hamı ayaq üstə "Beynəlmiləl”i oxuyur".

Təbii ki, bu əlçalmanın qəribə halları vardı. Məsələn, 1937-ci ildə Böyük Terrorun yüksəliş dövründə çıxış edən İosif Stalinin iki yarım dəqiqəlik klipinə diqqət yetirək. Stalin seçki öncəsi bir kampaniya tədbirində çıxış edir (Rusiyada o vaxtlar da saxta seçkilər keçirilirdi). Beş saniyə davam edən "alqışlar"dan tutmuş on beş saniyə davam edən "gurultulu alqışlar" və "coşqulu alqışlar", "sürəkli alqışlarla keçən gurultulu alqışlar”a qədər hər növ əlçalmanı görə bilərsiniz. Sonra “Hamı ayağa qalxır”…

Növbəti on beş il ərzində, görünür, alqışlar əhəmiyyətli dərəcədə təlaşlı olub; müasir hesablar göstərir ki, insanlar, ilk növbədə, əl çalmanı dayandırmaqdan qorxurdular; bunu edən ilk şəxs yüzdə-yüz həbsxanaya atılan birinci adam olacaqdı.

Alqışlamamaq, əlbəttə ki, xəyanət hesab edilə bilərdi. Buna görə də dayanmadan deyirdilər: "Yaşasın yoldaş Stalin!", "Yaşasın əziz yoldaş Stalin!" və "Eşq olsun inqilaba!"

Taqətdən düşənədək əl çalırdılar.

Eyni zamanda, kütlənin əvvəlcədən baş natiqə kökləndiyi görünürdü: ötən əsrin qırxıncı və əllinci illərinə aid kadrları seyr edərkən, bəlli olur ki, hansısa anda insanlar birgə əl çalıb çığırmağa başladıqda, bunu ahəng uyğunluğu ilə edirdilər, tamamilə möhtəşəm bir şəkildə, möcüzə kimi və Stalin danışmaq üçün ağzını açdıqdan sonra onlar anidən susurdular.

Bir nəsil sonra bu nizam itdi.

Budur, 1974-cü ildə komsomolun (Ümumittifaq Kommunist Gənclər İttifaqının) qurultayının açılışında Leonid Brejnev danışır. Kremlin Qurultaylar Sarayında minlərlə insanın alqışı dayanmaq bilmir. Brejnev onları idarə etməkdə acizdir. Alqışlar və alqışlananlar arasında qarışıqlıq var: Brejnev kütləyə baxaraq onlara sakitləşdirmək, yerlərinə oturtmaq və s. üçün əl yelləyir, gülümsəyir, amma əbəs…

Bu artıq terror dövrü deyildi və komsomol üzvləri xəyanətdə ittiham edilməkdən və ya həbsxanaya göndərilməkdən qorxmurdular. Əlbəttə ki, əl çalmaqla ölkələrinə olan sevgini izhar etmənin ən yaxşı üsulu olduğunu da bilmirdilər.

Onların başqa iş-gücü yox idi: əlçalmanı dayandırdıqları zaman, oturmalı və axşam saatlarında qədər səfeh çıxışları dinləmələri idilər; ertəsi gün qəzet səhifələri başa düşülməyən, boş sözlərlə doldurulurdu. Anlaşılan sətirlər yalnız bu olurdu: "alqışlar", "gurultulu alqışlar" və "sürəkli alqışlara keçən gurultulu alqışlar, zaldakılar ayağa qalxır".

Ancaq bu sözlər insan ünsiyyətinə bənzər nəyi isə xatırladırdı…

 

Tərcümə: Strateq.az




Ana səhifəyə qayıt        Baxış: 704          Tarix: 8-02-2018, 14:31      

Xəbəri paylaş


Paylaş:   

Prizma