NATO səfirləri Rusiya rəsmiləri ilə görüşdə Moskvanı özünün Avropa və başqa yerlərdəki “ziyanlı fəaliyyətlərinə” son qoymağa çağırıblar.
ABŞ-ın NATO-dakı səfiri Kay Bailey Hutçson mayın 31-də yazdığı tvitdə bildirir ki, Qərb alyansı həmrəy şəkildə Rusiyaya “güclü” mesaj verib: “Ukraynadakı müdaxiləni dayandır və alyansımızın arasına nifaq salmaq məqsədli fəaliyyətlərinə son qoy”.
NATO və Rusiya rəsmiləri 2018-ci ildə ilk dəfə keçirilən NATO-Rusiya görüşündə üz-üzə gəliblər. Bu görüşdən əvvəl alyansın sözçüsü demişdi ki, NATO özünün ikixətli siyasətinə sadiq qalır. Bu siyasət təşkilatın müdafiə qüdrətinin artırılması ilə yanaşı Rusiya ilə “mənalı dialoqu” nəzərdə tutur.
Bu görüşdə NATO rəsmiləri rusiyalı həmkarlarına məlumat veriblər ki, alyans oktyabr ayında Norveçdə 40 min hərbçinin iştirakilə manevrlər keçirməyi planlaşdırıb.
Kod adı “Trident Juncture” olan NATO manevrlərində 70 gəmi və 130 döyüş təyyarəsi də iştirak edəcək. Bu manevrlər zamanı habelə İtaliyadakı komanda postunun işi sınaqdan çıxarılacaq.
NATO bildirib ki, alyans və Rusiya arasında dialoq münasibətlərin əvvəlcədən proqnozlaşdırılmasına və gücləndirilmiş qarşılıqlı təhlükəsizliyə xidmət edəcək. Rusiya və Qərb arasında onsuz da pis olan münasibətlər Suriya müharibəsinə və İngiltərədə keçmiş casusun zəhərlənməsinə görə daha da gərginləşib.
Bu yaxınlarda NATO Rusiyadan 2014-cü ildə Ukrayna səmasında vurulmuş Malayziya təyyarəsinin məhvinə görə məsuliyyəti qəbul etməyi tələb edib. Bu hadisədə 298 nəfər həlak olmuşdu.
NATO Rusiya ilə praktik əməkdaşlığı 2014-cü ildə, Moskva Krımı ilhaq etdikdən sonra dayandırıb.
Bundan sonra iki il müddətində NATO ilə Rusiya arasında heç bir təmas olmayıb. Nəhayət 2016-cı ildə bu münasibətlərə təkrar baxılıb və son görüş 2017-ci ilin oktyabrında olub. (Azadlıq Radiosu)
Paylaş: