NATO-nun Baş katibi Jens Stoltenberq dünən axşam Türkiyə prezidenti Ərdoğana zəng edərək şəxsən üzr istəyib.
Ovqat.com xəbər verir ki, məlumat Türkiyənin Prezident Aparatındakı qaynaqlardan mətbuata sızdırılıb.
Stoltenberq NATO-nun Norveçdə keçirilən manevrində baş verənlərin Alyansın mövqeyini əks etdirmədiyini bir daha dilə gətirərək, təxribatın müttəfiqlik əlaqələrinə zərər verməməyəcəyinə ümidvar olduğunu deyib.
Bu gün Türkiyə prezidenti Rizə əyalətində etdiyi çıxışında NATO böhranına toxunmuşdu. Stoltenberqin ikinci dəfə ona dünən axşam telefon açdığını nəzərə alsaq, Ərdoğanın bu üzrü yenə qəbul etmədiyi anlaşılır.
Qeyd edək ki, NATO-nun Norveçdə keçirdiyi təlimində əməliyyat stimuliyasiyasında düşmən hədəfi kimi Atatürkün heykəli və R.C.Ərdoğanın adı seçilmişdi. Bu hadisənin ortaya çıxmasından dərhal sonra Türkiyə manevrə qatılan 41 nəfərlik heyətini geri çağırmışdı.
NATO isə müttəfiqlər arasına nifaq toxumu səpən bu təxribatın Norveçdə yaşayan Türkiyəli kürd əsilli mülki əməkdaş tərəfindən törədildiyini bildirmiş və iki məsul şəxsi işdən qovmuşdu.
Paylaş: