Çində havaya atılan karbon-dioksit birləşməsinin miqdarı ötən il 1,6 faiz artaraq 9 milyard 232 milyon tona çatıb.
AZƏRTAC Anadolu informasiya agentliyinə istinadla xəbər verir ki, Çin eyni zamanda istifadəsi zamanı havanı ən çox çirkləndirən kömür istehlakının təxminən 50 faizini həyata keçirərək bu yanacaqdan istifadəyə görə lider ölkədir. Dünya üzrə ötən il 2016-cı illə müqayisədə kömür istehlakı 3,2 faiz artaraq 3 milyard 768,6 milyon tona çatıb. Ən çox kömür isə Çində işlədilib – 1 milyard 747,2 milyon ton. İkinci yerdə 371,3 milyon tonla ABŞ, üçüncü yerdə isə 297,4 milyon tonla Avstraliya qərarlaşıb. Həmin dövrdə Monqolustan kömür istehlakı 41,4 faiz, İspaniya 47,6 faiz, Türkiyə isə 34,8 faiz artırıb.
Ötən il dünya miqyasında karbon-dioksit birləşmələrinin ümumi həcmi 1,6 faiz artaraq 33 milyard 444 milyon tona çatıb. Çin, ABŞ və Hindistan bu zərərli kimyəvi birləşmə ilə havanı ən çox çirkləndirən ölkələrin sırasında ilk yerlərdə dayanıb. 2017-ci ildə bir il əvvələ nisbətən Çində karbon-dioksit birləşməsinin miqdarı 1,6 faiz artaraq 9 milyard 232 milyon tonu ötüb. ABŞ bu tullantı növünü 0,5 faiz azaltmasına baxmayaraq, 5 milyard 870 milyon tonla Çinin ardındaca ikinci yerdə gedir. Onu isə 2 milyard 334 milyon tonla Hindistan izləyir.
Paylaş: