İranda iqtisadi tələblərlə kütləvi aksiyalar davam etdiyi dövrdə xaricdəki iranlı fəalların səsi daha ucadan eşidilməyə başlayıb. Bugünlərdə onlar Parisdə “Azad İran’ toplantısı keçiriblər. Toplantıda yüzlərlə insan iştirak edib.
Bunun xaricdəki iranlıların indiyəcən keçirdiyi ən böyük toplantı olduğu deyiir. İyunun 30-da ABŞ prezidentinin yaxın tərəfdaşı Rud Culyani də toplantı iştirakçıları qarşısında çıxış edib. O deyib ki, İran rejiminin sonu çatıb və İrana qarşı sanksiyalar sərtləşəcək.
Toplantının təşkilatçıları arasında İranda fəaliyyəti qadağan edilmiş Mücahidin Xalq Təşkilatı da var.
Culyani deyib ki, İrandakı son etirazlar ABŞ prezidenti Donald Trampın İranla nüvə razılaşmasından çıxacağını və Tehran rejiminin daha sərt sanksiyalarla üzləşəcəyini deyəndən sonra başlanıb: “Əgər dünyanın iqtisadi cəhətdən ən qüdrətli ölkəsi səninlə biznes əlaqəsini kəsirsə, sən çökürsən”.
Culyani deyib ki, o, İran müxalifətinin silahlandırılması planını dəstəkləmir, düşünür ki, sadəcə, “İranın diktator ayətullalarına qarşı daha çox sanksiya qoyulmalıdır”.
Tədbirin təşkilatçısı İran Müqavimət Milli Şurasıdır. Bu təşkilatın çətiri altında müxtəlif təmayüllü mühacir təşkilatları birləşib. Mücahidin Xalq Təşkilatının rəhbəri Məryəm Rajavi deyib ki, İranda rejim dəyişikliyi heç vaxt olmadığı qədər real görünür və işgəncəsiz, zülmsüz gələcək yaxınlaşır”.
(Azadlıq radiosu)
Paylaş: