Xəbər lenti

“Google” İranın dövlət televiziyasına bağlı onlarla “YouTube” kanalını və digər hesabları bağlayıb, televiziyanın siyasi təbliğat apardığını bildirib.

Şirkətin avqustun 23-də bildirməsinə görə, araşdırmalar həmin hesabları İranda dövlətə məxsus IRIB televiziyasına bağlı şəxslərin yaratdığını üzə çıxarıb.

Texnologiya nəhəngi bağladığı 39 kanalına Birləşmiş Ştatlarda cəmi 13 min 466 dəfə baxıldığını bildirir. Şirkət Blogger-də 6 hesabı, Google+ sosial şəbəkəsində isə 13 hesabı bağladığını qeyd edir.

FireEye kibertəhlükəsizlik firması texnologiya şirkətlərini şübhəli fəaliyyətdən xəbərdar edib. Şirkət bu həftə yaydığı hesabatda bildirib ki, bu fəaliyyət əsasən İrandan qaynaqlanır, Birləşmiş Ştatlar və başqa yerlərdə İranın maraqları təbliğ edilir. IRIB məsələyə münasibət bildirməyib.

“Facebook” və “Twitter” sosial şəbəkələri avqustun 21-də İranın yaratdığı bildirilən saxta hesabları bağladığını bəyan edib. FireEye qeyd edir ki, bütün bunlar, İranın “YouTube”-da apardığı kampaniya onu göstərir ki, sosial mediada siyasi kampaniya aparan təkcə Rusiya deyil.

“Facebook” Rusiya və İrana bağlı 652 şübhəli vebsayt və hesabın, “Twitter” isə 300-dək hesabın bağlandığını bildirib.

“Google” həmçinin dövlətin sponsorluq etdiyi hücumların da önləndiyini vurğulayıb. Bu hücumlar zamanı istifadəçilərə yalançı mesajlar göndərilir, onların parollarını ələ keçirməyə cəhd olunur.

Kaliforniyada yerləşən internet nəhənginin məlumatına görə, son bir ildə Rusiyanın İnternet Araşdırmaları Agentliyinə “bağlı oyunçular”a qarşı müdafiəni gücləndirib.

Sankt Peterburqda yerləşən bu agentlik troll fabriki adlanır, 2016-cı ildə ABŞ-da prezident seçkisinə müdaxilədə suçlanır. Seçki kampaniyası zamanı rusiyalı agentlərin sosial şəbəkələrdə təbliğat aparmasına görə Facebook, Google və “Twitter” tənqid olunublar.

İndi bir sıra şirkətlər noyabr seçkisindən öncə ABŞ-da siyasi namizədlərin rusiyalı hakerlərdən qorunması üçün kömək təklif edirlər.

Microsoft AccountGuard xidmətini işə salıb, “Google” isə ötən il haker hücumlarına qarşı xüsusi qoruma proqramını tətbiq edib. Di gəl, bəzi ekspertlər konqres seçkilərinə xarici müdaxiləni önləməyin çox gec olduğunu bildirir.

Ötən il “Facebook”-un təhlükəsizlik rəhbəri vəzifəsindən istefa vermiş Alex Stamos onlayn essesində yazır ki, ABŞ rəsmiləri bu hədələrə yetərincə ciddi yanaşmayıblar.

Elə bu səbəbdən də “Birləşmiş Ştatların 2018-ci il seçkilərini qorumağa hazır olmadığını” deyən ekspert “2020-ci ildə Amerika demokratiyasını mühafizə etmək şansının qaldığını” vurğulayıb.

Konqresə seçkilər noyabrın 6-da keçiriləcək, ancaq bir çox ştatlarda ilkin seçki artıq baş tutub.

(Azadlıq radiosu)

 




Ana səhifəyə qayıt        Baxış: 472          Tarix: 24-08-2018, 18:07      

Xəbəri paylaş


Paylaş:   

Prizma