Almaniyanın avtomobil nəhəngi olan “Daimler” İranda fəaliyyətini dayandırıb. Bundan cəmi bir neçə saat öncə ABŞ prezidenti Donald Tramp elan edib ki, İranda fəaliyyət göstərən istənilən şirkətin Birləşmiş Ştatlar bazarına girməsini önləyəcək.
“Sanksiyalara uyğun olaraq İranda onsuz da məhdud fəaliyyətimizi dayandırmışıq”, – “Daimler”in sözçüsü avqustun 7-də deyib.
“Daimler” İranda bəzi planlar qururdu, iki yerli şirkətlə birlikdə “Mercedes-Benz” yük maşınları yığmağı planlaşdırırdı.
Şirkətin Trampın hədələrinə qulaq verərək İrandan çıxmaq qərarı Avropa İttifaqı liderlərinə də zərbə sayıla bilər. Belə ki, Aİ İranla biznes əlaqələrini saxlamaq, 2015-ci il nüvə sazişinə əməl etmək vədi vermişdi.
Tramp mayda nüvə sazişindən çıxdığını, Tehrana sanksiyaların bərpa olunacağını bəyan edib.
Di gəl, Aİ-nin səylərinə baxmayaraq, “Daimler” də nəhəng Avropa korporasiyalarına qoşularaq İrandan çıxmaq qərarı verib.
Fransanın Total neft şirkəti, “PSA” və “Renault” avtomobil şirkətləri bundan öncə oxşar qərar açıqlamışdılar. Avropanın Airbus şirkəti isə İrana təyyarə göndərişlərini dayandırdığını bildirib.
“İranla iş görən heç kəs Birləşmiş Ştatlarla işləməyəcək”, – Tramp avqustun 7-də tvitində yazıb.
Avqustun 7-də açıqlanmış ilk sanksiyalar İranın avtomatika, təyyarə almasını, fars xalçalarını və digər sektorları hədəfləyib.
Ağ evin milli təhlükəsizlik müşaviri Con Bolton avqustun 7-də “Fox News”-a deyib ki, Avropanın böyük şirkətlərinin İrandan çıxması ABŞ sanksiyalarının artıq işlədiyini göstərir: “Avropa hökumətləri hələ də nüvə sazişinə əməl edirlər, ancaq şirkətləri bacardıqları qədər sürətlə oradan çıxır və bu da Amerika sanksiyalarının effektini göstərir”.
“Daimler” İranın nüvə proqramına görə illərlə qüvvədə olan sanksiyalardan sonra bu ölkəyə qayıdan ilk böyük Avropa şirkətlərindən olub. 2016-cı ildə İranın “Khodro Diesel” (IKD) və “Mammut Group” şirkətləri ilə birlikdə “Mercedes” yük maşınları istehsal edərək satmaq barədə niyyət məktubu imzalayıb.
“Daimler” avqustun 7-də bildirib ki, İranda yük maşınlarının hazırlanmasına və satışına başlamayıb, orada avtomobil də satmır.
“Siyasi prosesləri, özəlliklə də nüvə sazişinin gələcəyini diqqətlə monitorinq edirik”, – Daimler bildirib.
“PSA” İranla 700 milyon avroluq istehsal sazişləri imzalamışdı, “Renault” isə elan etmişdi ki, istehsal gücünü ildə 350 min avtomobilə çatdırmaq üçün yeni zavod tikintisinə investisiya qoyacaq.
Sanksiyalara görə hər iki şirkət həmin layihələrin dayandırıldığını bildirib. Total isə Cənubi Pars qaz yatağı üzrə bir neçə milyard dollarlıq layihəni dayandırıb.
(Azadlıq radiosu)
Paylaş: