Xəbər lenti

Rusiya prezidenti Vladimir Putin bu ilin sonunadək baş tutacaq üç sammit zamanı amerikalı həmkarı Donald Tramp ilə danışıqlar apara bilər.

Bu sözləri Putinin sözçüsü Dmitri Peskov avqustun 31-də “Izvestia” qəzetində dərc olunmuş müsahibəsində deyib. O, Sinqapur, Fransa və Argentinada gözlənən beynəlxalq tədbirlərdə iki lider arasında danışıqları mümkün sayır. Peskov deyir ki, Kreml belə danışıqların keçirilməsini istəyir, amma “hər şey qarşılıqlı” olmalıdır.

Noyabrın 11-də 1-ci Dünya Müharibəsi iştirakçıları olan ölkələrin başçıları Fransaya yığışacaq, müharibənin bitməsinin 100 illiyini qeyd edəcək. Putinlə Tramp noyabrın 11-dən 15-dək Sinqapurda keçiriləcək Şərqi Asiya sammitinə də qatılmalıdır. Noyabrın 30-da isə Argentinada Böyük İyirmiliyin (G20) ikigünlük sammiti keçiriləcək.

Tramp və Putin iyulun 16-da Helsinkidə üzbəüz danışıqlar aparıblar. Hər ikisi danışıqları məhsuldar və uğurlu adlandırıb. Prezidentlik kampaniyası və bu vəzifədə olduğu müddətdə Rusiyayla münasibətlərin yaxşılaşdırılmasına çağıran Tramp Helsinki görüşündən sonra konqresmenlərin kəskin tənqidinə tuş gəlib. Hətta respublikaçılar belə onun sammitdən sonra mətbuat konfransında özünü aparmasını pisləyib.

Mətbuat konfransında Tramp Putini dəstəkləmiş kimi görünüb, Rusiya lideri ölkəsinin 2016-cı il prezident seçkisinə müdaxiləsini bir daha danıb. Baxmayaraq ki, ABŞ kəşfiyyat orqanları Moskvanın dövlət səviyyəsində təşkil olunmuş kampaniyayla seçkiyə müdaxiləyə çalışması qənaətinə gəliblər.

Bir çox tənqidçilər təkbətək görüşdə əldə olunmuş razılaşmaların qeydinin aparılmamasından şikayətlənib. Danışıqlarla yalnız tərcüməçilər qatılıb və liderlərin heç biri söhbətin detallarını açıqlamayıb.

 




Ana səhifəyə qayıt        Baxış: 235          Tarix: 31-08-2018, 17:11      

Xəbəri paylaş


Paylaş:   

Prizma