Ermənistanın baş naziri Nikol Paşinyan dünən – sentyabrın 18-də Azərbaycanın işğal altında olan Dağlıq Qarabağ bölgəsində olub.
“Ön cəbhədə vəziyyət yetərincə gərgindir, amma onu sabit və nəzarətdə hesab etmək olar. Ermənistanın silahlı qüvvələri duruma inamla nəzarət edir”, – baş nazir Facebook səhifəsində canlı yayımda bildirib.
“Biz sülhə də, müharibəyə də hazırıq. Bu, çox vacib bəyanatdır və hesab edirəm ki, bu, həm Ermənistanda, həm də ondan kənarda hamıya aydın olmalıdır”, – o, sözlərinə əlavə edib.
“Bu gün Ermənistan ordusu bizimlə rəqabət apara bilməz. Ermənistan indi çox ağır vəziyyətə düşüb. İyirmi il Ermənistana rəhbərlik etmiş kriminal diktatura rejimi çöküb”.
AZƏRTAC-ın xəbərinə görə, bu fikirləri sentyabrın 18-də prezident İlham Əliyev Biləsuvar rayon ictimaiyyətinin nümayəndələri ilə görüşdə söyləyib.
İlham Əliyev vurğulayıb ki, Ermənistanda rəhbərliyə gəlmiş yeni simalar öz məsuliyyətini dərk etmir, sarsaq bəyanatlar verirlər və gərginliyə rəvac verən addımlar atırlar. “Azərbaycan Ordusu onlara layiqli cavabını verir və verəcək”, – deyə o qeyd edib.
Qarabağ münaqişəsi 1988-ci ildə Ermənistanın Azərbaycana ərazi iddiaları ilə başlayıb. 1994-cü ildə gerçəkləşən atəşkəs razılaşmasına qədər Azərbaycanın Dağlıq Qarabağ bölgəsi, ona bitişik 7 rayon və bəzi əlavə kəndlər işğal edilib.
Azadlıq radiosu
Paylaş: