Xəbər lenti

Möhsün Şəriətiniya

“Əl-Monitor”

 

ABŞ prezidenti Donald Trampın administrasiyası son aylarda Əfqanıstanda sülh prosesi üzrə səylərini artırıb. Bu məqsədlə və ilk dəfə olaraq ABŞ “Taliban”la birbaşa müzakirələrə girişib. Vaşinqton Avropa koalisiyası və Əfqanıstan hökuməti arasındakı danışıqlarda da iştirak edib. Bütün bunlara əlavə olaraq, ABŞ Dövlət Departamenti sabiq səfir Zalmay Xəlilzadı Əfqanıstan üzrə xüsusi nümayəndə seçib. Xəlilzad işğaldan sonra Bonn Konfransında Əfqanıstanda yeni siyasi quruluşun yaradılmasında mühüm rol oynayıb.

Tarixən Əfqanıstanda müharibə və sülh prosesində İran da böyük aktyor olub. Sual: Tehran və Vaşinqton yeni sülhyaratma işində əməkdaşlıq edəcəkmi?

İran və Birləşmiş Ştatlar Əfqanıstanda ümumi maraqları bölüşdürür və hər ikisi arasında məhdud əlaqələr mövcuddur.

“Taliban”ın süqutunda əsas oyunçulardan biri olan “Şimal Alyansı” İrana yaxın idi və ABŞ qoşunları tərəfindən dəstəklənirdi. Əfqanıstanda yeni siyasi sistemin təməlini qoyan 2001-ci ilin Bonn Konfransı zamanı İranla ABŞ arasında sıx əməkdaşlıq vardı.

“Elçi” kitabında Xəlilzad İranın BMT-dəki sabiq səfiri və hazırkı xarici işlər naziri Məhəmməd Cavad Zəriflə məsləhətləşmələr apardığını qeyd edir. Xəlilzadın sözlərinə görə, Bonn Konfransında İran təmsilçisi yekun razılaşmaya nail olmaqda əsas rol oynayıb. Son nəticədə bu müqavilə “Şimal Alyansı”nın hakimiyyətə qayıtmasına, Əfqanıstanda sabitliyin yaranmasına və demokratik sistemin yaradılmasına gətirib çıxarıb.

İran və ABŞ Əfqanıstanda, hətta mövcud vəziyyətdə belə ümumi maraqlara malikdir. Həm İran, həm də ABŞ Əfqanıstanda İŞİD-in artan təsirinin ləğvində ümumi mənafeləri bölüşür. Bu əməkdaşlığın bərpasına yol aça bilər. Bəlkə də birgə məqsədlərə görə Tramp administrasiyası Cənubi Asiya strategiyasında İranı deyil, Pakistanı sabitlik pozucusu kimi təsvir edib. Eyni zamanda, İran prezidenti Həsən Ruhaninin administrasiyası ABŞ-ın Əfqanıstanda iştirakına səssiz qalır və bunu Əfqanıstan hökumətinin qanuni seçimi sayır.

Bununla yanaşı, Əfqanıstanda sülhün bərqərar olmasına dair səylərin yeni mərhələsində potensial ABŞ-İran əməkdaşlığı üçün daha çox maneələr mövcuddur. Artıq Əfqanıstanda İran və ABŞ arasında əməkdaşlığın səviyyəsi “inam böhranı” və Əfqanıstanın dəyişən geosiyasi təsiri ilə çox kövrəkdir.

Əməkdaşlığının zirvəsi sayılan Bonn Konfransı ABŞ-a münasibətinə görə İranın sabiq prezidenti Məhəmməd Xatəmi üçün travma olub. Həqiqətən, Bonn Konfransından dərhal sonra prezident Corc Buş İranı “şər oxu”nun bir hissəsi kimi təsvir edib.

İran prezidenti Mahmud Əhmədinejadın (2005-2013) dövründə iki ölkə hətta Əfqanıstanda qarşı-qarşıya gəlib. Əfqanıstanın sabiq xarici işlər naziri Rəngin Dadfər Spantanın sözlərinə görə, İran ABŞ-ın Əfqanıstanda hərbi iştirakını azaltmaq üçün hətta Əfqanıstanın silahlı qüvvələri dəstəkləmək və beləliklə, ABŞ-a ehtiyacı azaltmaq üçün Kabilə ildə 2 milyard $ verməyi təklif edib.

Bu gün İran və ABŞ arasında “inam böhranı” Vaşinqtonun nüvə müqaviləsindən çıxması və Tehrana artan təzyiqləri ilə getdikcə daha çox güclənir. Eyni zamanda, Əfqanıstan müəyyən şəkildə Yaxın Şərq təhlükəsizlik kompleksinə qoşulub. Əfqanıstanın bəzi siyasətçilərinin fikrincə, Kabil Suriya və İraqdakı müharibələrdə birbaşa iştirak edir. Belə ki hökumət tərəfində döyüşmək və xüsusilə də Qərbi Kabildə Əfqanıstan şiələrinin İŞİD tərəfindən hədəflənməsi əleyhinə yaranan əfqan şiə milisi – “Fatemiyun” Briqadası Suriyadakı savaşa qatılıb.

İran rəsmiləri hazırda ABŞ-ın Əfqanıstanı İŞİD-ə təhvil verdiyini iddia edirlər. Beləliklə, Yaxın Şərqdə İran-ABŞ düşmənçiliyinin artması və aralarındakı “inam böhranı”na görə iki ölkənin Əfqanıstanda əməkdaşlıq edəcəyi şübhə doğurur.

Əfqanıstan geosiyasəti çökür və 9/11 hücumundan sonra keçirilmiş Bonn Konfransı dövrünə zidd olaraq, Əfqanıstanda baş verən böhran qütbləşmə yolundadır. Eyni zamanda, həm ABŞ, həm də Əfqanıstan hökuməti öz mövqeyində zəifləyir, “Taliban” və Pakistanda isə güclənir.

Bu arada, Rusiya və Çin, yeni oyunçular olaraq, bu böhranın həll yolunu formalaşdırmaqda səy göstərir. Bu tendensiya ilə təsirlənən Əfqanıstan milli birlik hökumətindəki qüvvələrin tarazlığı pozulur. Avqustun 25-də Əfqanıstanın milli təhlükəsizlik məsələləri üzrə məsləhətçisi prezident Əşrəf Qəni ilə, xüsusən Rusiya ilə münasibətlərdə fərqli baxışlarına görə vəzifəsindən istefa verib. Prezident və ölkənin xarici işlər naziri arasında da baxış fərqləri var.

Bu geosiyasi iflas, ehtimal ki, Tehranın strateji hesablamalarına təsir göstərib. Eyni zamanda, Tehran və Vaşinqton arasında “inam böhranı” artmaqda davam edərkən, Tehran və Moskva strateji əməkdaşlığı genişlənir. Beləliklə, Əfqanıstan bu yeni əməkdaşlığa səhnə ola bilər. Ancaq sözügedən ölkələr təklikdə Əfqanıstanda təhlükəsizliyi təmin edilə bilmir. Görünür, Birləşmiş Ştatlar bu böhranın idarə olunmasında ən təsirli oyunçudur, Tehran da bunu iddia edir.

İranın ABŞ-la münasibətləri son 40 ildə düşmənçiliklə doludur. Ancaq düşmənçilik mühitində Əfqanıstan onlar arasında məhdud və həssas əlaqənin mərkəzi olub. Buna görə, əgər iki ölkə əməkdaşlıq istəyirsə, Əfqanıstanda sülh prosesinin irəliləməsi bəlkə də başlanğıc nöqtəsi ola bilər.

 

Tərcümə: Strateq.az

 




Ana səhifəyə qayıt        Baxış: 432          Tarix: 27-09-2018, 14:21      

Xəbəri paylaş


Paylaş:   

Prizma