ABŞ prezidenti Donald Tramp Birləşmiş Ştatlar ərazisində ölkə vətəndaşı olmayan və qeyri-qanuni mühacirət edən şəxslərin doğulmuş övladlarına avtomatik olaraq vətəndaşlıq verilməsini ləğv edən sərəncam imzalamaq istəyir.
Prezident HBO kanalında Axios proqramında verdiyi müsahibədə xüsusi sərəncamla bu zəmində vətəndaşlıq verilməsini ləğv etmək istədiyini bildirib. “Proses başlayıb. Bu, baş verəcək”-deyə o bildirib.
“Biz dünyada yeganə ölkəyik ki, kimsə buraya gəlir, onun övladı olur və bu uşaq bütün imtiyazları əldə edərək Birləşmiş Ştatların vətəndaşına çevrilir. Bu ağlasığmazdır. Buna son qoymaq lazımdır”, Tramp bildirib.
Tramp deyib ki, o, məsələni öz vəkili ilə müzakirə edib və vəkil ona bu hüququn ləğvi üçün konstitusiyaya düzəlişə ehtiyac olmadığını bildirib. Trampın mənsub olduğu Respublikaçılar partiyasında qanunvericilər məsələyə müxtəlif yanaşma nümayiş etdiriblər.
Respublikaçı senator Lindsi Qraham “Twitter” səhifəsində prezidentin fikrinə dəstək bildirib.
“Nəhayət, prezident doğum hüququ ilə bağlı bu absurd siyasətə son qoymaq istəyir”, senator yazıb.
O, eyni təkliflə qanun layihəsi təqdim etməyi planlaşdırdığını bildirib. Lakin əhalisinin yarıdan çoxunu xaricilərin təşkil etdiyi Florida ştatını təmsil edən konqresmen Karlos Kurbelo deyib ki, prezident bu hüququ sərəncamla ləğv edə bilməz, çünki o, Konstitusiyadakı düzəlişə əsasən müdafiə olunur.
Konstitusiya üzrə mütəxəssislər hakimlərin məsələnin hüquqi tərəfi ilə bağlı müzakirələrinin qaçılmaz olduğunu və əsas məsələnin 14-cü düzəlişin necə izah ediləcəyi olacağını bildirirlər.
(Amerikanın səsi)
Paylaş: