Xəbər lenti

Ermənistanın baş naziri vəzifəsini icra edən Nikol Paşinyan Birləşmiş Ştatların milli təhlükəsizlik müşaviri Con Boltona açıq şəkildə deyib ki, Ermənistan öz milli maraqlarını güdəcək, qonşusu İranla xüsusi münasibətlərini saxlayacaq.

Paşinyan bu barədə noyabrın 1-də Ermənistan parlamentində danışıb. Onun sözlərinə görə, ötən həftə Yerevanda səfərdə olan Boltona deyib ki, Ermənistan quruyla əhatələnib, qonşuları Türkiyə və Azərbaycanla diplomatik münasibətləri yoxdur. Bu səbəbdən iki digər qonşusu – İran və Gürcüstanla xüsusi münasibətləri saxlamalıdır, onlar Ermənistanın dünyaya yeganə “darvazaları”dır.

Mən bir daha vurğuladım ki, İran və Gürcüstanla xüsusi münasibətləri saxlamalayıq və bunlar kənar geosiyasi təsirlərdən mümkün qədər uzaq olmalıdır. Məncə, Ermənistanın mövqeyi aydın idi, ABŞ-ın nümayəndə heyətinin təmsilçiləri üçün də qəbuledilən idi”, – Ermənistan lideri deyib.

Bolton ötən həftə Ermənistan, Gürcüstan və Azərbaycanda olub. Səfərin məqsədi Birləşmiş Ştatların noyabrın 5-də İranın neft və maliyyə sektorlarına gözlənən sanksiyalarına dəstək almaq idi. Vaşinqton İranla 2015-ci il nüvə sazişindən çıxandan sonra sanksiyaları bərpa etməyə başlayıb.

Bolton oktyabrın 25-də “Azadlıq” radiosunun Ermənistan xidmətinə müsahibəsində deyib ki, o, Paşinyana ABŞ Prezidenti Donald Tramp administrasiyasının İrana sanksiyaları tam gücüylə bərpa edəcəyini bildirib. Bu səbəbdən, Ermənistan-İran sərhədi vacib məsələyə çevrilməkdədir. “Əlbəttə, biz proses zamanı dostlarımıza ziyan vurmaq istəmirik”, – Bolton vurğulayıb.

Paşinyan parlamentdə deyib ki, o, Boltona belə cavab verib: “Biz istənilən ölkənin bəyanatına, istənilən ölkənin milli maraqlarına sayqı göstəririk. Amma Ermənistan Respublikasının özünün milli və dövlət maraqları var və bunlar heç də həmişə digər ölkələrin maraqları və ideyaları ilə üst-üstə düşmür”.

Heç kəs bizim fəaliyyətimizi Ermənistanın milli marağı əsasında qurmağımıza şübhə etməsin – bu, Birləşmiş Ştatlarla, İranla, Rusiya və bütün ölkələrlə münasibətdə belədir”, – Paşinyan deyib. O, parlamentdə bir deputatın ABŞ-ın İrana sanksiyalarının Ermənistana təsiri barədə sualı cavablandırıb.

Paşinyan və digər liderlərlə danışıqlardan bir neçə gün sonra Bolton deyib ki, Ağ evin bu sanksiyalarla İranın neft ixracını sıfıra endirmək niyyətinə çatması real görünmür. Onun sözlərinə görə, Ağ ev İranın neft sektoruna sanksiyaların bu ölkənin iqtisadiyyatını təzyiq altında saxlamasını istəyir, amma neftdən asılı dostlara və müttəfiqlərə ziyan vurmasını da istəmir.

(Azadlıq radiosu)

 




Ana səhifəyə qayıt        Baxış: 510          Tarix: 2-11-2018, 13:31      

Xəbəri paylaş


Paylaş:   

Prizma