BMT baş katibi Antoniu Quterriş münaqişələrin qarşısının alınması və başa çatdırılmasının əsas prioritetləri olduğunu bildirib.
"Report" xəbər verir ki, o, bu barədə BMT Təhlükəsizlik Şurasının silahlı münaqişələr şəraitində mülki vətəndaşların və tibb müəssisələrinin müdafiəsi məsələsinə həsr olunmuş iclasında bildirib.
BMT baş katibi vurğulayıb ki, silahlı münaqişələrin əsiri olmuş dinc sakinlərin çəkdiyi əziyyəti gözəl başa düşür. O, BMT-nin Qaçqınların işi üzrə ali komissarı ikən qaçqın və məcburi köçkünlər üçün salınmış yüzlərlə düşərgədə olduğunu, onların nə yaşadıqlarını gözləri ilə gördüyünü və o vaxtdan bəri çox az şeyin dəyişdiyini qeyd edib.
Baş katibin fikrincə, silahlı münaqişə şəraitində mülki vətəndaşların müdafiəsini gücləndirməyin üç yolu var: "Birincisi, beynəlxalq humanitar hüquq və insan hüquqları normalarına əməl edilməsi təmin edilməlidir. İkincisi, BMT Təhlükəsizlik Şurasının humanitar və tibbi missiyaların personalının müdafiəsinin gücləndirilməsini nəzərdə tutan 2286 nömrəli qətnaməsinin tövsiyələrini yerinə yetirmək lazımdır. Üçüncüsü, məcburi köçkünlüyün qarşısını almaq üçün daha çox səy göstərmək və qaçqınlar və məcburi köçkünlərlə bağlı problemin davamlı həllini tapmaq lazımdır".
Paylaş: