Xəbər lenti

 

“Pervıy Armyanskiy informasionnıy” portalında Sarkis Arsruninin “Yerevanın Moskvaya layiqli cavabı: Rusiyada başa düşməlidirlər ki, vəziyyət dəyişib” sərlövhəli məqaləsi dərc edilib.

Müəllif əvvəlcə Ermənistanın baş naziri Nikol Paşinyanın “Nuvel de Armeni” nəşrinə müsahibəsindən bir sitat gətirir. Paşinyan həmin müsahibədə belə mülahizə yürüdür ki, Yerevan Rusiya ilə münasibətlərdə çoxəsrlik komplekslərdən yaxa qurtarmalı və özünü bərabər tərəfdaş kimi göstərməlidir. Jurnalist baş nazirdən soruşur ki, Yerevan Ermənistan ilə Rusiyanın müttəfiqlik münasibətlərinin qorunub saxlanmasına Moskvanın şübhələrini aradan qaldıra bilibmi? Paşinyan bu sualın cavabında deyib: “Biz suveren tərəfdaşlarıq və əgər onların bizə şübhə etmək hüququ varsa, bizim də onlara şübhə etmək hüququmuz var”.

Paşinyan daha sonra deyib: “Mən hesab edirəm ki, bizim münasibətlərimiz bütövlükdə bu əsasda inkişaf etməli və fasiləsiz yaxşılaşmalıdır. Biz hər kəsin ləyaqətinə hörmət edən münasibətlər qurmalıyıq. Əminəm ki, bizim bugünkü münasibətlərimiz bu cür ləyaqətlə əlamətdardır. Kimsə bizə nə qədər şübhə edə bilərsə, bizim də həmin tərəfə eynilə o qədər şübhə etmək hüququmuz var. Əgər birisi hesab edirsə ki, biz tərəfdaş kimi öz öhdəliklərimizi lazımi səviyyədə yerinə yetirmirik, bizim də belə hesab etməyimizə icazə verilir. Qoy heç kəs elə düşünməsin ki, şübhələrin aradan qaldırılması yalnız bizim işimizin bir hissəsi olmalıdır”.

Arsruni baş nazirin söylədiklərində “müsahibənin ən mühüm epizodu” adlandırdığı məqamlara əsaslanaraq belə bir “dərin mənalı” nəticəyə gəlir ki, Paşinyan Ermənistan-Rusiya münasibətlərində “mütiliyi aradan qaldırır”. Müəllifin fikrincə, rusiyalı siyasi fəal, Rusiyada qadağan edilmiş “Rus etnosiyasi birliyi” təşkilatının Kaluqa bölməsinin sabiq rəhbəri, Ermənistanda qaçqın statusu almış Vitali Şişkinin ətrafında yaranmış vəziyyət buna əyani sübut hesab edilməlidir. Eyni zamanda, Arsruni gileylənir ki, Moskvada, elə Ermənistanın siyasi həyatının müəyyən seqmentində də keyfiyyətcə yeni Ermənistan-Rusiya münasibətlərini qəbul etməyə hazır deyillər.

Müəllif ondan narazıdır ki, özünün təbirincə desək, “köhnə sistem”in nümayəndələri Ermənistan-Rusiya münasibətlərinə “öldürücü zərbə vurulmasına” - Şişkinə siyasi sığınacaq verilməsinə görə Paşinyanı amansızcasına tənqid edirlər. O vurğulayır ki, prinsip etibarilə müttəfiq ölkələr bir-birinin vətəndaşlarına, xüsusən həmin vətəndaşların əməllərində siyasi iz olduqda, qaçqın statusu verməkdən qarşılıqlı imtina edirlər. Arsruni bunun həqiqət olması ilə razılaşır, lakin onun xoşuna gəlmir ki, Paşinyanın bugünkü opponentləri Ermənistan-Rusiya münasibətlərini, onun yazdığı kimi, vassal rejimində təsəvvür edirlər. Bu halda Moskva nə istəsə edə bilər, Yerevan isə özünü təmizə çıxarmağa çalışan “kiçik qardaş” statusunda çıxış etməlidir.

Müəllif yazır: “Köhnələr unudurlar ki, kriminal oliqarxiyanın görkəmli nümayəndəsi Miqran Poqosyana və 1 Mart işinin iki mühüm fiqurantına himayədarlıq etməklə müttəfiqlik münasibətlərinin ruhunu birinci pozan məhz Moskva olub”.

Onun sözlərinə görə, Ermənistanın hakimiyyət orqanları “Moskvaya elə onun özü kimi cavab verməklə” tam layiqli hərəkət ediblər.(AzərTAc)




Ana səhifəyə qayıt        Baxış: 386          Tarix: 5-09-2019, 21:41      

Xəbəri paylaş


Paylaş:   

Prizma