2016-cı il aprelin 6-da Ermənistan ordusunun Azərbaycanla sərhəddə (şərq istiqaməti) yerləşən mövqelərindən birində iki sıravi əsgəri güllələyənlər onların əsgər yoldaşı deyil, cinayətkar qruplaşmadır. Virtualaz.org xəbər verir ki, bu barədə əsgər Avetisyanın hüquqi varisi, hərbi ekspert Ruben Martirosyan epress.am saytına danışıb.
İnsident həmin gün gecə baş verib. İstintaqın versiyasına görə hər iki əsgəri onlarla birlikdə xidmət keçən David Dumikyan adlı əsgər avtomatla güllələyib. İddiaya görə Dumikyan gecə Aramyanın qaldığı çadıra daxil olub və avtomatla necə gəldi atəş açaraq onu öldürüb. Avetisyanı isə çöldə güllələyib. Dumikyan hərbi polisə gedərək “könüllü təslim olub” və bildirib ki, Aramyanla Avetisyanı onu təhqir edib alçatdığı üçün öldürüb.
Lakin Martirosyan bildirir ki, bu qətldə Dumikyanın əli yoxdur, əsgərləri eyni gündə, eyni saatda eyni cinayətka qruplaşma güllələyib. İstintaq isə cinayətkarcasına bu qətlləri əsgər Dumikyanın boynuna qoyur. Çünki elə həmin gün axşam Dumikyan verdiyi ifadədədən imtina edib. Bir neçə əsgər də təzyiq altında Dumikyanın əleyhinə ifadə versə də sonradan onlar da ifadələrindən imtina ediblər. Hazırda Avetisyanın qətli üzrə istintaq yekunlaşıb, Aramyanın işi üzrə istintaq davam edir.
Avetisyanın atası Qriqorun dediyinə görə insident baş verən gün müstəntiq Gevorqyan Dumkyanın xidməti silahını qanunun tələb etdiyi kimi qablaşdırıb və möhürləyib saxlamaq əvəzinə öz köməkçisinə verib. Köməkçisi isə avtomatı “Niva”nın baqajına atıb. Əsgərin atası bu qanun pozuntusu barədə dərhal xəbər versə də heç bir tədbir görülməyib.
Qeyd edək ki, Ermənistan ordusunda qeyri-döyüş itkiləri tez-tez baş verir, yaxud düşmən tərəf döyüş itkilərinin bir çoxunu “qeyri-döyüş itkisi” kimi rəsmiləşdirir. Övladları orduda qeyri-döyüş şəraitində ölən erməni anaları tez-tez prezident Sərkisyanın iqamətgahı, parlament və hökumət binası qarşısında aksiyalar keçirirlər. İki gün əvvəl bir qrup belə əsgər anası parlamentin qarşısına toplaşıb və deputatların qarşısını kəsməyə çalışıb, ancaq deputatlar əsgər analarını görən kimi onlardan üz çeviriblər və tələsik içəri daxil olublar.
“Deputatlar başa düşməlidir ki, bu məsələni dondura bilməyəcəklər. Biz onlara öz kreslolarında rahat əyləşməyə imkan verməyəcəyik. Onlar ordudakı qətllərin üstünü açmağa borcludur. Cinayətkarları cəzalandırmaq lazımdır ki, ordudakı qırğının qarşısı nəhayət alınsın”-Nina Muradyan adlı aksiya iştirakçısı deyib.
Övladı orduda öldürülən Qoar Sərkisyan isə deyib ki, onların tələbləri ilk növbədə müxalifətdən olan deputatlaradır. Çünki hakim Respublika partiyasından olan deputatlardan heç nə gözləmirlər. “Respublikaçılardan söhbət getmir, onlar cinayətkar, satqın və qatillərdir. Biz müxalifət deputatlarından başlayırıq. Bir ildir tələb edirəm ki, 2016-cı ilin aprel müharibəsində iştirak edən heç olmasa bir oliqarx və ya deputat oğlunu tapıb göstərsinlər, ancaq onlar bunu edə bilmirlər”-əsgər anası deyib.
Paylaş: