ABŞ prezidenti Donald Tramp İŞİD lideri Əbu Bəkr Əl-Bağdadinin öldürülməsi məqsədilə həyata keçirilən əməliyyat barədə Demokrat partiyasının liderlərinə xəbər etmədiyinə nəinki haqq qazandırıb, hətta onları təhqir edib.
Musavat.com xarici agentliklərə istinadən xəbər verir ki, bu barədə məlumat “Fox News” kanalında yayılıb.
Qeyd olunur ki, Birləşmiş Ştatların dövlət başçısı bununla bağlı Nümayəndələr palatasının spikeri Nensi Pelosiyə və bir sıra dövlət məmurlarına xəbər etməyi lüzum bilməyib. Onun sözlərinə görə, bu missiyanın uğursuzluqla başa çatmaması üçün atılmış addım olub.
Bundan başqa, jurnlistlər qarşısında çıxış edən Donald Tramp aşağı palatanın Kəşfiyyat komitəsinin sədri Adam Şiffə qarşı tənqidi hücuma keçib.
“Məndən hələ də hansı səbəbə görə Adam Şiff və onun komitəsinə informasiya vermədiyimi soruşurlar? Cavab isə belədir: Hesab edirəm ki, Adam Şiff xəbərçinin yekəsidir və əsl korrupsiyalaşmış siyasətçidir. Bu dünyada onun qədər başqalarına informasiya sızdıran adam görməzsiniz”,-deyə ABŞ prezidenti qəzəbini bu sözlərlə ifadə edib.
Bundan başqa, Ağ Evin sahibi müxalif siyasətçini impiçment prosedurundakı roluna görə qınayıb. Trampın fikrincə, Adam Şiff onun Ukrayna prezidenti Vladimir Zelenski ilə söhbətini bəzəyərək ictimaiyyətə çatdırıb və bununla da cinayətə yol verib.
Prezidentin qanunverici orqanın təmsilçilərini dünyanın ən təhlükəli terroçularından birinin məhv edilməsi ilə bağlı məlumatlandırmaması Vaşinqtonda böyük hay-küyə səbəb olub.
“Bizim hərbçilərimiz və müttəfiqlərimiz Ağ Ev tərəfindən daha güclü, ağıllı və strateji düşünən rəhbərliyə layiqdirlər”,-deyə Nümayəndələr palatasının spikeri Nensi Pelosi jurnalistlərə bildirib.
Paylaş: