Cəmi bir neçə həftə ərzində prezident Vladimir Putinin ən iddialı layihələrindən biri – Soyuq müharibə dövrünə yox, yeni geosiyasi reallığa uyğun olan Rusiyanın təbii qaz ixrac sistemi son şəklini alıb. Çox güman ki, bu sistemin sayəsində, böyük dəyişiklik olmadan, Rusiya ən yaxşı enerji ixracatçısı kimi fəaliyyət göstərəcək.
2001-ci ildə Türkiyəyə uzanan “Mavi axın” boru kəmərinin inşası ilə başlayan böyük layihəyə son cizgilər vurulub: Çinə uzanan “Sibir gücü” boru kəməri istismra verilib, ABŞ “Şimal axını-2” boru kəmərinə sanksiya tətbiq edib, Ukrayna ilə yeni qaz tranziti sazişi imzalanıb və yanvar ayında “TürkStream” boru kəmərinin istismara verilməsi gözlənilir.
Xarici təzyiq və bazar şəraiti yeni qaz ixrac sistemini elə formalaşdırıb ki, o, Putinin yaramaz xarici siyasətinin bədxah vasitəsi kimi istifadə olunmasın. Bu arada, o həm də elə qurulub ki, Putindən sonrakı Rusiya hələ də enerji bazarındakı payını qoruyub saxlaya və bundan faydalı ticarət tərəfdaşlığı üçün istifadə edə bilsin. Bu, Putin irsinin müsbət hissəsini təşkil edir.
İrs və qondarma problemlər
Avropaya təbii qaz tədarükünə dair müqavilələr Rusiyaya Sovet İttifaqından miras alıb; o, Rusiyanın post-kommunist iqtisadiyyatı üçün ən böyük valyuta mənbəyindən biridir. Lakin sovet boru kəmərləri imperiyanın tərkibindəki Ukrayna və Belarus ərazilərindən çəkilib. Onlar hazırda Rusiyadan Avropaya nəql müqabilində tranzit haqqı və ucuz qiymətə enerji tədarükü tələb edən müstəqil dövlətlərdir.
Eyni zamanda, Orta Asiya və Azərbaycanda qaz tədarükçüləri rəqabət təhlükəsi yaradıb: onların Türkiyəyə qaz nəql etməsi daha asandır və enerjini Avropaya da çatdıra bilərlər.
2000-ci illərdə Putin və onun müşavirləri Rusiyanın “enerji gücü” anlayışını formalaşdırdıqda, Kreml strateqlərinə Avropa və Asiyadakı qonşulara tədarükü artırmaq və daha çox iqtisadi alət əldə etmək üçün çeviklik lazım idi.
Qara dənizin dibindən Türkiyənin Samsun limanına uzanan və 2003-cü ildə istismara verilən “Mavi axın” Putinin qaz oyununun açılışı idi.
İllik 16 milyard kubmetr təbii qaz tutumu olan “Mavi axın” Ukrayna və Belarus vasitəsilə Avropaya ixrac edilə biləcək qazdan təqribən 180 milyard kubmetr az idi. Bu, Rusiyada Türkiyədə rəqabət aparmağa kömək edib, lakin Rusiyanın Ukrayna və Belarusdan asılılığı problemi dəyişməz qalıb.
2011-ci ildə Rusiya güzəştli qaz tədarükü müqabilində Belarus qaz tranzit sistemi üzərində tam nəzarət əldə edib. Lakin Ukrayna Rusiyanın ixrac gücünün əsas payını təşkil edən boru kəmərlərini ciddi şəkildə nəzarətdə saxlayıb.
Putin cənub və qərbi Avropaya daha çox birbaşa çıxış istəyirdi. Həm iqtisadi, həm də siyasi səbəblərdən Ukraynadan yan keçməklə. “Naftoqaz Ukrayna” ASC tərəfindən idarə olunan Ukrayna boru kəməri sistemi demək olar ki, müflisləşib və boru kəməri qaz ixracı üzrə Rusiya inhisarçısı olan “Qazprom” investisiya qoymaq məcburiyyətində qalacağından qorxub.
Bununla yanaşı, Putin Ukrayna hökumətindən Moskvanın orbitində qalmasını istəyib. 2000-ci illərdə Rusiya iki dəfə Ukraynaya qaz tədarükünü dayandırıb, lakin alternativ ixrac yolları olmadan bu taktikalar qeyri-işləkdir.
2012-ci ildə Rusiya Baltik dənizinin dibi ilə Almaniyanın şimalına qədər uzanan “Şimal axını”nın açılması ilə daha bir böyük addım atıb. İllik 55 milyard kubmetr tutumu ilə o, Rusiyanın Avropa idxalındakı payını artırıb. Eyni zamanda, Rusiya Cənubi Avropaya “Cənub axını”, Yunanıstana, İtaliyaya, Serbiyaya və mərkəzi Avropaya qaz nəqli üçün Qara dənizdən Bolqarıstana qədər böyük boru kəməri çəkməyi planlaşdırırıb.
2014-cü ildə Krımın ilhaqı Putinin qaz ixracı xəritəsini yenidən tərtib etməsi zərurətini yaradıb. İndi Ukrayna sadəcə əlverişsiz tərəfdaş deyil, düşmən idi və onu adlamaq Putin üçün geosiyasi zərurətə çevrilib. Avropa da Rusiyadan qaz ixracını artırmaqla, Moskvanın bundan həm də siyasi təsirini genişləndirmək üçün istifadə edə biləcəyindən narahat olub. Avropa İttifaqı Bolqarıstana təzyiq edərək 2014-cü ilin sonlarında “Cənub axını”nı məhdudlaşdırıb. “Şimal axını-2” olaraq bilinən iki paralel boru kəmərinin çəkilişi ilə “Şimal axını”nı genişləndirmək planları, xüsusilə ABŞ-ın bu layihəyə müqavimətini nəzərə alaraq, siyasi baxımdan problemli olub. Hazırda ABŞ Avropaya mayeləşdirilmiş təbii qaz göndərir.
Mümkün olmayanı mümkün etmə
Son 5 ildə Rusiyanın qaz ixracı planlarını dəyişdirməsi onun geosiyasi düşüncəsində böyük dəyişiklik olduğunu göstərir. Putinin əsas avtoritar rejimlərlə – Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan və Çin prezidenti Si Zinpinlə tərəfdaşlığı qaz boru kəmərləri ilə dəstəklənməli idi. Eyni zamanda, Putin Almaniyada maraqlarını qorumaq üçün kansler Angela Merkellə dostlaşıb. Rusiyanın Avropa ilə münasibətlərinin ziddinə.
Beləliklə, “Cənub axını” Türkiyənin qərb hissəsinə qədər uzanan 31,5 milyard kubmetr güclü “TurkStream”-ə çevrilib. Noyabrın sonlarında o, qazla doldurulub, Putin və Ərdoğan yanvarın 8-də kəmərin açılışını planlaşdırıblar.
2024-cü ilə qədər ildə 38 milyard kubmetr qaz tədarük etməli olan və Çinə uzanan “Sibir gücü” kəməri bu ayın əvvəlində istismara verilib.
Eyni zamanda, Rusiya maye qaz satışı üzrə Avropa bazarında ABŞ və Yaxın Şərq tədarükçüləri ilə rəqabətdədir. “Qazprom”un Fransanın “Total SA” şirkəti ilə birlikdə minoritar pay sahibi olduğu özəl şirkət “Novatek PJSC” 2018-ci ildə Yamal yarımadasındakı nəhəng LNG qurğusunu istismar etməyə başlayıb və bu il ikinci LNG zavoduna 21 milyard dollarlıq investisiya paketi təsdiqlənib.
2019-cu ilin üçüncü rübündə Rusiya Aİ-in Qətərdən sonra ikinci ən böyük tədarükçü olub – 15%; ABŞ 12% ilə dördüncü sıradadır. Doğrudur, ABŞ Enerji Məlumat İdarəsinin informasiyasına əsasən, Birləşmiş Ştatlar son zamanlarda Rusiyanı üstələyib.
“Şimal axını-2” ABŞ sanksiyası ilə üzləşdiyindən İsveçrə podratçısı “Allseas” ABŞ hökumətinin təsirinə düşməmək üçün layihə üzrə işləri dayandırıb. Amma “Qazprom”un öz boru kəməri çəkənləri var. Almaniya hökumətinin Transatlantik məsələlər üzrə koordinatoru Peter Beyer “Nord Stream-2”-un 2020-ci ilin ikinci yarısında fəaliyyət göstərəcəyini söyləyib.
Gecikmə Rusiyanı Ukrayna ilə daha yaxşı bir razılaşma etməyə məcbur edib. Ukrayna “Qazprom”dan ildə təxminən 3 milyard dollar tranzit haqqı alır və bu vəsait olmadan büdcəsində böyük boşluq yaranacaq.
Rusiya 2020-ci ildə minimum 65 milyard və sonrakı illərdə 40 milyard kubmetr həcmində 5 illik müqaviləyə razılıq verib. Digər kompromislər də əldə oluna bilər. Rusiya Ukraynanın öz ehtiyacları üçün birbaşa qaz tədarükünü bərpa edə bilər. Hazırkı prezident Zelenski Poroşenkodan daha praktikdir və Rusiyanın Ukraynanın şərq bölgələrində başlatdığı silahlı qarşıdurmaya son qoymaq istəyir. Aİ-nin vasitəşiliyi ilə yeni qaz sazişi Putinin Zelenski ilə sövdələşməyə və güzəştə getməyə hazır olduğunu göstərir.
2018-ci ildə 49,1 milyard dollar dəyərində təbii qaz ixrac edən və büdcə gəlirlərinin təxminən 7%-ini təşkil edən qaz sənayeli ölkə üçün bu vacibdir.
Əlbəttə, Rusiyanın ixrac tərəfdaşları, həm Avropa, həm də Çin kömürü əvəz etmək üçün daha çox qaza ehtiyac duyacaqlar. Rusiyanın Aİ-nin ən azı 2040-a qədər qaz tədarükünün üçdə birini təmin edəcəyi proqnozlaşdırılır.
Putindən sonra, daha xeyirxah Rusiya hökumətləri bundan təzyiq vasitəsi kimi deyil, yaxşı qonşuluq münasibətləri üçün əsas kimi istifadə edə biləcəklər.
Strateq.az
Paylaş: