Türkiyə Liviya məsələsində qərarlıdır və geri addım atmayacaq.
Bu sözləri Axar.az-a açıqlamasında politoloq Qabil Hüseynli Türkiyənin Liviya Milli Razılıq Hökuməti ilə Tripoli yaxınlığında hərbi baza tikilməsi üçün aktiv danışıqlar aparmasını şərh edərkən deyib. O bildirib ki, Liviya ətrafında gedən siyasi proseslər olduqca qəliz bir müstəviyə keçib:
“Türkiyənin Liviyada hərbi baza yaratmaq istəyi olduqca çətin bir prosesdir. Çünki yaradılacaq hərbi baza təkcə quru qoşunları üçün nəzərdə tutulmayıb. Burada həmçinin Hərbi Dəniz Qüvvələrinin xüsusi təyinatları, zirehli texnikalar, hərbi təyyarələr üçün uçuş yerlərinin də olması nəzərdə tutulur. Bu isə olduqca böyük vəsait deməkdir. Lakin Türkiyə bu məsələdə qərarlıdır. Düşünürəm, hazırkı vəziyyətdə nəsə demək tezdir. Sadəcə onu deyə bilərik ki, artıq Türkiyə tankları və xüsusi təyinatlıları Liviyanın qanuni hökumətini qorumaq məqsədilə paytaxt Tripolidədir. Türkiyə hərbi donanması isə Liviya sahilləri ətrafında lövbər salıb”.
Politoloq qeyd edib ki, Türkiyənin Liviyadakı fəaliyyətlərini NATO-dakı müttəfiqləri dəstəkləmir:
“ABŞ Türkiyəyə Liviyadakı hərbi fəaliyyətləri ilə bağlı xəbərdarlıq edib. ABŞ-la birgə Almaniya və digər Avropa ölkələri də Türkiyəyə narahatlıqlarını bildiriblər.
Moskva və Cenevrə görüşlərində Xəlifə Haftar heç bir rəsmi sənədə qol çəkmədi. Daha sonra da Liviyaya qayıdaraq atəşkəsi dərhal pozdu və hərbi əməliyyatlara davam əmrini verdi. Bu baxımdan deyə bilərəm ki, Liviyada atəşkəsi pozan Haftardır. Türkiyə isə sadəcə olaraq Liviyanın qanuni hakimiyyətini dəstəkləyir. Bu, Türkiyə büdcəsinə olduqca ağır təsir göstərsə də, gələcəkdə Liviya-Türkiyə münasibətləri və Türkiyənin regional mövqeləri baxımından faydaları da olacaq”.
Paylaş: