Xəbər lenti
Dünən, 19:25

Məhəmməd Rza Səttari

“Ebtekar” qəzeti (İran), 10.02. 2020

 

Bir ildən çoxdur ki, Suriya ordusu İdlibin azad edilməsi uğrunda mübarizə aparır və əməliyyat dəfələrlə təxirə salınsa da, İdlib Suriyadakı vətəndaş müharibəsinin taleyinə çevrilib, həmçinin, Rusiya ilə Türkiyə arasında birbaşa qarşıdurma halına gəlib.

Bəşər Əsədin Suriyanın müxtəlif bölgələrini ələ keçirməklə, dramatik qələbələrindən və Türkiyənin Suriyanın şimal-şərqinə təcavüzü ilə kürdlərin sıxışdırılmasından sonra indi Suriyadakı vətəndaş müharibəsində əsas hədəf bu vilayətidir. Bölgədə bir çox müxalif qruplar, o cümlədən “Cəbhət əl-Nusra” və “Təhrir əş-Şam” terrorçuları mövcuddur və İdlib vilayətini geri alacağı təqdirdə, Bəşər Əsəd, mütəxəssislərin fikrincə, uzun illər davam edən Suriya vətəndaş müharibəsinin mütləq qalibi olacaq.

 

İdlib niyə vacibdir?

Rusiya və Suriyanın ortaq bir əməliyyata başlayacağına dair fərziyyələrin dövriyyəyə buraxıldığı andan, xüsusən də Qərb ölkələrindən olan buna müxalifət dalğası İdlibin geri alınması məsələsini əngəlləməyə çalışıb.

Müxaliflər İdlib əməliyyatının başlaması ilə vilayətdəki milyonlarla mülki şəxsin həyatını itirəcəyi və suriyalı qaçqın dalğasının bir daha Türkiyəyə və Avropa ölkələrinə üz tutacağını iddia ediblər. Lakin bəzi müşahidəçilər bu əməliyyatla, İdlibin azad edilməsindən əlavə, Suriyanın siyasi gələcəyində Əsədin mövqeyinin güclənəcəyinə inanır, rəsmi Dəməşqin müxalifətlə gələcək danışıqlarda mühüm kartlar qazanacağını, əleyhdarlarının isə əksinə, itirəcəyini düşünürlər.

Suriya ordusu son bir neçə ay ərzində İdlibə və Hələb-Dəməşq yoluna doğru irəliləyib, lakin vilayətin mərkəzinə çatma və bir neçə strateji nöqtəni ələ keçirmənin son mərhələsinə yaxınlaşdıqda, Türkiyə rəsmi olaraq Bəşər Əsədə qarşı müharibə təhdidi edib.

Türklərin indi İdlibdə çox sayda nəzarət məntəqəsi var və o, “Azad Suriya Ordusu”na da böyük dəstək verir. Eyni zamanda, Suriya ordusu Rusiyanın hava dəstəyi ilə İdlibə doğru irəlilədiyi bir vaxtda, Ərdoğan, keçən həftə Suriya ordusunun əməliyyatlarını dayandırmayacağı halda, birbaşa hərbi addım atacağını açıq şəkildə söyləyib.

Digər tərəfdən, İdlibdəki vəziyyəti araşdırmaq üçün Rusiya Ankaraya çağırış edib, Türkiyəyə nümayəndə heyəti göndərib. Moskva Putin və Ərdoğanın vilayətlə bağlı anlaşa biləcəyini söyləyərkən, Türkiyənin təhlükəsizlik mənbələri bölgədən ayrılmaq planları olmadığını açıqlayıblar.

Xatırladaq ki, hazırda rusların İdlib əyalətindəki nəzarət-buraxılış məntəqələrində əsgərləri yoxdur.

Suriya ordusunun Xan Tuman və Mərrə əl-Numan məntəqələrini ələ keçirməsi, İdlibə doğru irəliləməsindən sonra İdlib-Hələb magistralından cəmi 4 kilometr aralıda Türkiyə və Suriya qüvvələri arasında birbaşa qarşıdurmada türk əsgərləri öldürülüb. Bundan sonra Ərdoğan bu ayın sonunadək özü geri çəkilmədiyi halda, Suriya qüvvələrini İdlibdən püskürtməklə hədələyib.

 

İdlib əməliyyatında Rusiyanın rolu

Türkiyə ilə Suriya arasındakı mövcud münasibətlər rusiyalı analitiklər tərəfindən ciddi müzakirə olunur.

Ruslar Bəşər Əsədi dəstəkləmək və Suriya sahəsinə qayıtmaqla yanaşı, Ankara ilə də yaxın əlaqələri qoruyur, vətəndaş müharibəsinin yaratdığı siyasi tənlikləri səbrlə həll edirlər. İki ölkə Soçi razılaşması çərçivəsində münaqişənin siyasi həlli naminə birlikdə çalışıb və indi İdlib vilayətində, Suriya müharibəsinin mühüm mərhələsində bir-biri ilə üzləşmiş haldadır.

Bu baxımdan Türkiyənin Suriya ordusu ilə birbaşa toqquşması hər an mümkün olsa da, 2 gün əvvəl “əl-Quds əl-Ərəbi” qəzetində dərc olunmuş bir təhlildə İdlib vilayətinin taleyinin tam şəkildə Rusiyanın əlində olduğu qeyd edilib.

Məlumdur ki, öz hava dəstəyi ilə Moskva Əsədin əyalətdə böyük irəliləyişinə kömək edib, ancaq vilayətdə müharibə qaydaları dəyişənə oxşayır. Türkiyə ilə birbaşa qarşıdurma riski yarandığından Suriyadakı müharibə yeni bir mərhələyə qədəm qoyur. Rusların həm hərbi, həm də humanitar cəhətdən fəaliyyəti risk altına düşür.

Digər tərəfdən, Rusiya və Türkiyə nümayəndə heyətləri arasındakı danışıqlarla tanış olan bir mənbə gündəlik “Ray əl-Youm”-a açıqlamasında bildirib ki, İdlibdəki hadisələrlə əlaqədar 3 saatlıq müzakirələrdə Moskva və Ankara arasında razılıq əldə edilib. Bu, ehtimal ki, 2018-ci ildə iki ölkə arasında reallaşmış Soçi razılaşmasından daha əhatəli bir razılaşmadır.

Şərti olaraq “Adana – 2” adlandırılan bu müqavilə layihəsi Ankara və Şam arasında 1999-cu ildə imzalanan “Adana – 1” anlaşmasına oxşardır.

Bundan əlavə, tərəflər – Rusiya və Türkiyə atəşkəs və Suriyadakı siyasi prosesin davam etdirilməsi ilə bağlı danışıqları vacibliyini xüsusi vurğulayıb.

Strateq.az




Ana səhifəyə qayıt        Baxış: 1 274          Tarix: 10-02-2020, 13:27      

Xəbəri paylaş


Paylaş:   

Prizma