Xəbər lenti


Liviyada general Xəlifə Haftarın rəhbərlik etdiyi “Liviya Milli Ordusu” (LMO) qüvvələri Tripoli şəhərinin cənubundakı bütün mövqelərdən 2-3 kilometr cənuba doğru çəkilib. LMO sözçüsü bu qərarın qarşıdan gələn Ramazan (Fitr) bayramı münasibəti ilə verildiyini, insanların rahat şəkildə bayramı qeyd etməsi üçün şərait yaratmaq məqsədi daşıdığını bildirib. 

Tripoli hazırda “Milli Razılıq Hökuməti”nin paytaxtıdır. 2011-ci ildə Liviyada Qəddafinin devrilib qətlə yetirilməsindən sonra baş qaldıran siyasi anlaşılmazlığın nəticəsi olaraq, 2014-cü ildə ölkə faktiki olaraq iki hissəyə bölünüb.

Qərbdə mərkəzi Tripoli olmaqla “Milli Razılıq Hökuməti” (MRH), şərqdə isə mərkəzi Tobruk şəhəri olmaqla “Təmsilçilər Məclisi Hökuməti” formalaşıb. 2015-ci ildə isə “Liviya Milli Ordusuna” rəhbərlik edən keçmiş baş qərargah rəisi Xəlifə Haftar ölkəni birləşdirmək məqsədi ilə MRH iqtidarına qarşı müharibə elan edib.

Liviya ərazisinin böyük hissəsini, təxminən 90 faizə yaxınını nəzarətə götürən Haftar 2019-cu ilin 5 aprelində Tripoliyə hücum edib. 
Lakin generalın Tripolini ələ keçirməsi mümkün olmayıb. Ciddi müqavimət göstərən MRH qüvvələri Tirpolini qorumağa nail olublar.

Ötən il noyabrın 28-də isə Türkiyə və MRH hökuməti arasında hərbi əməkdaşlıq haqqında saziş imzalanıb. Bundan sonra yanvarın 2-də Türkiyə parlamenti sazişi ratifikasiya edib və Türkiyə ordusu dərhal Liviyaya hərbi məsləhətçilər, təchizat dəstəyi göndərməyə başlayıb.

Bu isə öz nəticəsini tezliklə göstərib. Türkiyənin təmin etdiyi pilotsuz uçuş aparatları, artilleriya və zirehli texnika döyüşün gedişatına ciddi təsir edib. Haftar qüvvələri Liviyanın qərbində bir sıra şəhər və rayonları itirib. 

Ancaq buna baxmayaraq, Tripoli ətrafında, xüsusən də cənubdan hücum əməliyyatları davam edir. Məsələ ondadır ki, MRH-ni formal olaraq BMT Liviya hakimiyyəti kimi tanıyır. Eyni zamanda, Qətər və Türkiyə MRH-ni dəstəkləyir. 

Xəlifə Haftar və onun təmsil etdiyi “Təmsilçilər Məclisi Hökuməti” isə bir sıra Avropa ölkələri, o cümlədən Rusiya tərəfindən dəstəklənir. Həmçinin, Misir, Səudiyyə Ərəbistanı və BƏƏ Haftara ciddi həcmdə silah və maliyyə yardımı edir. Bu mənada Liviyadakı müharibə həm də regional və beynəlxalq maraqlar mübarizəsinə çevrilib. 

Yanvarın əvvəlində Moskvada, həmin ayın 19-da isə Berlində keçirilən Liviyaya həsr olunmuş beynəlxalq konfranslarda ölkədə atəşkəs razılaşdırılsa da, bu qərara riayət edən olmayıb. Berlində 16 dövlət və beynəlxalq təşkilatın iştirakı ilə keçirilən beynəlxalq konfransın yekun bəyannaməsində tərəflər Liviyada doqquz ildir elan olunan silah embarqosuna riayət etmək öhdəliyi də götürmüşdü.

Ancaq bu öhdəliyə də riayət edən olmadı. 
Məsələn, bu günlərdə məlum oldu ki, Liviyada barış prosesində əsas vasitəçi və danışıqlara ev sahibliyi edən Almaniya təkcə Berlin sülh konfransının keçirildiyi yanvar ayından bu yana ölkədə münaqişə tərəflərini dəstəkləyən dövlətlərə 331 milyon avro dəyərində silah və sursat satıb.

Bu satışın əsas hissəsi Misirə, həmçinin, Türkiyə və BƏƏ-yə edilib. Qeyd olunan hər üç ölkə Liviyada müharibə aparan tərəfləri dəstəkləyir, onlara silah və sursat tədarük edir.
 
Halbuki, Almaniya hökuməti Liviyada sülh yaradılması üçün əsas beynəlxalq təşəbbüskarlardan biridir. Ancaq məlum olur ki, sülh təşəbbüsçüsü ölkələrinin özləri öhdəliklərə əməl etmirlər. Bu səbəbdən də hazırda Liviyada qanlı toqquşmalar davam edir, hər gün insanlar ölür. 

Mayın əvvəlində isə bir neçə Avropa ölkəsi, o cümlədən Misir və BƏƏ Türkiyəni qınayan bəyanat qəbul edib. Bu bəyanatın əsas səbəbi son günlər Liviyada Türkiyənin dəstəklədiyi “Milli Razılıq Hökuməti”nin cəbhədə üstünlüyü ələ alması olub.

Ümumilikdə, son iki ayda MRH qüvvələri cəbhədə üstünlüyü ələ alıb. Ötən həftə isə strateji əhəmiyyətli Vattiye hərbi hava bazası MRH qüvvələrinin əlinə keçib.

 
Təbii ki, cəbhədəki ciddi dəyişikliyin əsas səbəbi Türkiyənin dəstəyidir. Türkiyə prezidenti noyabrın 28-də MRH baş naziri Faiz Sərracla Ankarada hərbi dəstək və Aralıq dənizində əməkdaşlıq sazişi imzalayanda MRH-nin mövqeləri xeyli zəif idi və Haftar qüvvələri Tripolinin ətrafına toplaşmışdı.

Lakin indi vəziyyət xeyli dərəcədə dəyişib və MRH qüvvələri şəhərin qərb sahilində böyük bir ərazini geri ala bilib. 

İndi isə görünür ki, general Haftar qüvvələrini yenidən toparlamaq və hücuma hazırlaşmaq üçün Ramazan bayramı ərəfəsində geri çəkilməyə qərar verib. Çünki son iki ayda ciddi geriləmə yaşayan Haftarın indi mövqelərini möhkəmləndirmək üçün hücuma ehtiyacı var. Əks təqdirdə, üstünlüyünü itirə bilər. Bu isə yalnız cəbhə xəttində deyil.

Məsələ ondadır ki, indiyə qədər regionun ərəb ölkələri, o cümlədən Avropa müttəfiqləri Haftarı ölkəni birləşdirəcək əsas güc sahibi kimi görüb. İndi isə Haftar bu gücü itirir. Əgər məğlubiyyət seriyası davam edərsə, o zaman Haftara heç də xoş olmayan sürprizlər yaşana bilər. İlk növbədə ona alternativ çıxarıla bilər.

Daha əvvəl Haftara sekulyar və qərbyönümlü qüvvələrin əsas alternativ kimi Müəmmar Qəddafinin oğlu və varisi Seyfəlislam Qəddafinin adı çəkilirdi. Hətta həbsdən azad edildikdən sonra onunla Liviyanın böyük tayfa liderləri arasında toplantılar olub. Ancaq görünür ki, Haftarın daha güclü olması Seyfəlislam versiyasının arxa plana keçməsi ilə nəticələndi. 

Bu günlərdə isə Haftar cinahına Liviyanın gələcək hakimiyyəti üçün daha bir alternativ ortaya çıxıb. 1969-cu ildə Qəddafinin devirdiyi kral İdris əs-Sanusinin nəvəsi Məhəmməd əl-Həsən ər-Rza əs-Sanusi dolayısı ilə olsa da, Liviya hakimiyyətinə iddia edib.

Səudiyyə Ərəbistanının “Şərq əl-Ovsat” qəzetinə müsahibə verən nəvə Sanusi ölkəni yalnız kral hakimiyyətinin birləşdirə biləcəyini deyib. Ancaq o əlavə edib ki, buna Liviya xalqı qərar verməlidir. 

Doğrudur, hazırda Liviyanın 80 faizdən çox ərazisi Haftarın nəzarətindədir.

Ancaq cəbhədəki ardıcıl məğlubiyyətləri yaşlı generala olan dəstəyi azalda və müttəfiqlərin yeni alternativlərə müraciət etməsinə səbəb ola bilər.

Artıq mediada tayfa rəislərinin Haftarın arxasından çəkilə biləcəyi haqqında ehtimallar müzakirə olunur. 

Buna görə də indi general Haftar tezliklə qüvvələrini toplayıb, MRH ilə yeni toqquşmaya gedəcək. Əks təqdirdə, Liviya üçün yeni alternativlər səhnəyə gələ bilər

. Hazırda görünən odur ki, Liviyanın islamçı “Milli Razılıq Hökuməti” Türkiyənin dəstəyi ilə məğlubiyyət seriyasından çıxıb. Lakin indi gücünü göstərmək üçün MRH də Haftarla növbəti və daha qanlı qarşıdurmaya hazırlaşır. Qəddafinin ölkəsinin gələcək hakimiyyətini silahlar müəyyən edəcək.

Rəşad Quliyev

OXU.AZ



Ana səhifəyə qayıt        Baxış: 2 449          Tarix: 21-05-2020, 12:26      

Xəbəri paylaş


Paylaş:   

Prizma