Xəbər lenti


Rusiya Gürcüstanın Msxeta-Mtianeti diyarında yeni ərazilər işğal edib.

Moderator.az xəbər verir ki, “Qruziya Online” nəşri  bu haqda İşğal Əleyhinə Hərəkatın üzvü David Katsaravaya istinadla informasiya yayıb. D. Katsarava hakimiyyət və ruhanilərin ciddi-cəhdlə gizlətdikləri məlumatları gündəmə gətirib. 



Hərəkat üzvləri monastırlardan birinin yaxınlığında yeni bir işğal xəttini aşkar ediblər; burada ələ keçirilmiş  təxminən 42 hektar ərazidə  rus əsgərləri patrulluq edirlər.   Ancaq ruhanilərin xahişi ilə Katsarava işğal məkanının dəqiq yerini açıqlamayıb. 

“Bu günədək rəsmən monastırdan 500-600 metr məsafədə yerləşdiyi qeyd edilən işğal xətti əslində monastırdan 50-60 metr məsafədə - rus işğalçılarının nəzarəti altndadır. Təxmini ölçmələrimizi yekunlaşdırdıq və məlum oldu ki, təqribən 42 hektarlıq sahə ələ keçirilib. Bu proses, öyrəndiyimiz kimi, təxminən bir il yarım öncə başlayıb və ictimaiyyətə bəlli olmayıb”- David Katsarava belə deyir.

Onun sözlərinə görə, hərəkat iştirakçıları ilə birlikdə bu məlumatlar “GPS” koordinatları və məkanın dəqiq göstərilməsi ilə Gürcüstanın diplomatik korpusuna çatdırılacaq.

Qeyd edək ki, Mtsxeta-Mtianeti diyarı  Gürcüstanın doqquz diyarından  biridir. İnzibati mərkəzi Gürcüstanın qədim paytaxtı hesab olunan Mtsxeta şəhəridir. Ölkə Rusiya ilə həmsərhəddir və bir neçə gürcü tarixi bölgələrini əhatə edir: Ertso-Tianeti, Mtiuleti, Xevi, Xevsureti, Pşaviya və Daxili Kartli. Diyarın bir hissəsi hal-hazırda Rusiyanın dəstəyi ilə separatçı Cənubi Osetiya qüvvələrinin işğalı altındadır...

Xatırladaq ki, hələ 2017-ci ildə “BBC” Rusiya Gürcüstan ərazisini "xəlvətcə və metr-metr" işğal edir” başlıqlı xəbər yaymışdı.

Sultan Laçın



Ana səhifəyə qayıt        Baxış: 2 575          Tarix: 15-06-2020, 21:27      

Xəbəri paylaş


Paylaş:   

Prizma