Xəbər lenti

 

İran Parlamentinin spikeri bazar günü başlayan üç günlük Moskva səfərində Rusiya prezidenti Vladimir Putinlə görüşməyəcək. 
 
Ovqat.com İran mediasına istinadən xəbər verir ki, Qalibaf rusların ondan istədiyi koronavirus karantini şərtlərini qəbul etmədiyi üçün görüş baş tutmayıb.
 
Məlumata görə, Kreml görüşdən əvvəl Qalibafdan 15 günlük karantinə alınmasını tələb edib. Qalibaf isə bu tələblə razılaşmadığı üçün Putinlə görüşməkdən vaz keçib. 
 
Bildirilir ki, Qalibaf Moskvaya gələrkən Tehran hava limanında koronavirus testindən keçib, sağlamlığına dair qəbz alıbmış. Kreml isə İran səhiyyə sisteminin qəbzinə etibar etməyib. Maraqlıdır ki, Qalibaf ötən ilin oktyabr ayının sonlarında koronavirusa yoluxub və sağalıb. Tibb mütəxəssisləri koronavirus xəstələrinin ən azı bir neçə ay ərzində yenidən bu bəlaya yaxalana biləcəyini istisna edirlər. Kreml bu faktı da 15 günlük karantində qalmamaq üçün yetərli səbəb kimi görməyib.
 
Hazırda İran parlamentinin sədri vəzifəsini icra edən Qalibaf yayda keçirilməsi planlaşdırılan prezident seçkilərindən sonra ölkənin siyasi rəhbəri ola biləcək şanslı namizədlərdən sayılır. Təxminlərə görə, o, mühafizəkar qanadın əsas namizədi kimi seçkilərə qatılacaq. Bəzi ekspertlərin fikrincə, onun Moskva səfəri də əslində seçkiöncəsi siyasi divident qazanmaq üçün təşkil olunmuşdu. Kreml isə Qalibafa bunu çox gördü.
 
Üstəlik, Qalibafın Moskva səfərinin əsas məqsədlərindən biri İran dini lideri Ayətullah Seyid Əli Xamaneinin Putinə yazdığı məktubu Kremlə çatdırmaq idi. Kreml Qalibafın bu mühüm missiyasına belə əhəmiyyət vermədən “dost məktubunu” “qasidin” əlində qoyub.
 

 
İranın İngilis dilli Press TV kanalı Qalibafın Putinlə ticarət, neft satışı və nüvə sazişini müzakirə etmək üçün Moskvaya səfər etdiyini bildirmişdi.
 
Qalibaf İranın hazırkı prezidenti Həsən Ruhaninin sərt tənqidçilərindəndir. Ruhani hökumətinin bağladığı nüvə sazişinin ləğv edilməsi ilə bağlı parlamentdə başladılan kampaniyanı açıq şəkildə dəstəkləmişdi. Qalibafın Kreml tərəfindən rədd edilməsində bu amilin də mühüm rolu ola bilər. Bəzi ekspertlərin fikrincə, Putinin Qalibafdan koronavirus karantini tələb etməsinin tibbi səbəbindən çox, siyasi əsası var. Kreml bu aşağılayıcı tövrlə əslində növbəti seçkilərdə islahatçı qanadı dəstəkləyəcəyi mesajını vermiş ola bilər.
 
İddialara görə, Qalibaf ABŞ-la müəyyən gizli razılıqlara gəldiyi üçün Moskva tərəfindən etinasız qarşılanıb.

Ovqat.com




Ana səhifəyə qayıt        Baxış: 5 796          Tarix: 7-02-2021, 03:11      

Xəbəri paylaş


Paylaş:   

Prizma