Xəbər lenti
 
 
ABŞ Milli Kəşfiyyat İdarəsi (DNI) 2018-ci ildə hazırladığı, lakin Donald Trump administrasiyası tərəfindən gizli tutulan "Qaşıqçı kəşfiyyat qiymətləndirməsi" adlı hesabatını yayımlayıb. Müvafiq kəşfiyyat qurumlarının, xüsusən Mərkəzi Kəşfiyyat İdarəsinin (CIA) iştirakı ilə hazırlanan hesabatda Səudiyyə Ərəbistanlı jurnalist Camal Qaşıqçının qətlinə fərman verən şəxsin vəliəhd olduğu bildirilib.
 
 
Ovqat.com-un məlumatına görə, hesabatın yayılmasından sonra ABŞ-da aləm bir-birinə qarışıb.
 
ABŞ-ın siyasi xadimləri Cozef Bayden rəhbərliyini "cinayətkar vəliəhdi məsuliyyətə cəlb etməyə" çağırıblar.  

Ən sərt açıqlama isə Nümayəndələr Palatasının sədri Nansi Pelosidən gəlib. Demokrat Partiyasının təmsilçisi olan Pelosi bəyanat verərək sözügedən hesabatın çoxdan bəri bilinən bir həqiqəti ortaya qoyduğunu vurğulayıb: “ABŞ hökuməti ciddi insan haqları pozuntularının bir parçası olan və bu hesabatda ortaya çıxan faktlara söykənərək Səudiyyə Ərəbistanı ilə əlaqələrini yenidən nəzərdən keçirməli və müəyyənləşdirməlidir", - bəyanatda belə deyilir.
 
Səudiyyə Ərəbistanındıkə insan haqları pozuntularını yaxından izləməyə davam edəcəklərini vurğulayan Pelosi, Bayden hakimiyyətinin bu qətlin hesabının sorulması ilə bağlı atacağı bütün addımları dəstəkləyəcəyini bildirib.
 
Nümayəndələr Palatası Kəşfiyyat Komitəsinin sədri, Demokrat Adam Şiff də özünün Twitter hesabında Bayden hakimiyyətini Qaşıqçı cinayətinin üstünə getməyə çağırıb:
 
 "Bayden rəhbərliyi Qaşıqçının qəddarcasına qətlinin nəticələrinin bu cinayəti içraçılarından uzağa getməsini və qətli sifariş verənlərə çatmasını təmin etməlidir. Səudiyyə vəliəhinin əli qana batıb - bir jurnalistin qanına. Bunun hesabını soruşmaq məcburiyyətindəyik”.
 
Konqresmen 2 ildir ki, Məhəmməd bin Salman (MBS) da daxil olmaqla Səudiyyə Ərəbistanı rəhbərliyinin yüksək səviyyəli şəxslərinin Qaşıqçı qətlindən məsul olduqları ilə bağlı həqiqətləri bəyan etməyə çalışdıqlarını vurğulayaraq bundan sonra cinayətin hesabını soruşmağa davam edəcəklərini bildirib.
 
Nümayəndələr Palatası Xarici Əlaqələr Komitəsinin sədri Demokrat Griqori Miks də Bayden rəhbərliyinin hesabatı elan etməsindən və bəzi Səudiyyə səlahiyyətlilərinə qarşı sanksiyalar tətbiq olunmasından məmnun qaldığını ifadə edərək vurğulayıb: “Ancaq sözügedən hesabatın nəticələrinə nəzər salanda Məhəmməd bin Salmanın bu işdə birbaşa əlaqəsini görürük. Onun hesabat verəcəyi günü səbirsizliklə gözləyirəm”.
 
ABŞ Nümayəndələr Palatası Xarici Əlaqələr Komitəsinin üzvü, respublikaçı Maykl Makkaul isə Qaşıqçı cinayətinin ABŞ-Səudiyyə Ərəbistanı münasibətlərinə ciddi ziyan vurduğunu düşünür.
 
Daha əvvəl Qaşıqçı qətlinə görə Səudiyyə Ərəbistanının vəliəhdinə qarşı sanksiya tətbiq edilməsinə dair bir qətnamə layihəsi hazırladığını qeyd edən Makkaul "ABŞ-ın Məhəmməd bin Salman da daxil olmaqla, bu vəhşi cinayətdə əli olanların hamısının sorğulanması ilə bağlı çağırışımı bir daha təkrarlayıram", - deyib.
 
ABŞ Senatı da hesabata laqeyd qalmayıb.  Senatın Xarici Əlaqələr Komitəsinin sədri Bob Menendez Bayden rəhbərliyinin şəffaflıq göstərdiyini vurğulayıb və sözügedən kəşfiyyat hesabatının bəyan olunmasını məmnuniyyətlə qarşılayıb.
 
"Eyni zamanda ümid edirəm ki, bu, yalnız ilk addımdır və Bayden rəhbərliyi Məhəmməd bin Salmanın törətdiyi çinayətdən məsul tutulması üçün konkret addımlar atmağı planlaşdırır", - Menendez belə deyib. 
 
Xatırladaq ki, “Washington Post” qəzetinin əməkdaşı, səudiyyəli jurnalist Camal Qaşıqçı 2018-ci ildə Səudiyyə Ərəbistanının İstanbuldakı Baş konsulluğunda əvvəl boğularaq, sonra isə elektrik mişarı ilə doğranaraq qətlə yetirilmişdi. Cinayətin aydınlaşdırılmasında Türkiyə prezidenti Rəcəb Tayib Ərdoğanın mühüm rolu olmuşdur. 
 
Məlumata görə, Türkiyəli nişanlısı Xədicə Çingizlə evliliyini rəsmiləşdirmək üçün Səudiyyə Ərəbistanının İstanbuldakı Baş konsulluğuna gedən jurnalist bir daha ordan çıxa bilməmişdi. Müəmmalı yoxoluşa bir neçə gündən sonra Türkiyə prezidenti Rəcəb Tayib Ərdoğan aydınlıq gətirmişdi. O bildirmişdi ki, Camal Qaşıqçı Baş konsulluqda öldürülüb və Türk kəşfiyyatının əlində bunu təsdiqləyən video-görüntü və səs yazıları var: “Səs yazıları əsl dəhşətdir. Hətta Səudiyyə kəşfiyyatçısı belə səs yazılarını dinlədiyi zaman "çox güman ki, bu şəxs heroin qəbul edib, belə şeyi ancaq heroin qəbul etmiş biri edə bilər" deyəcək qədər şoka düşdü. Ortada belə bir həqiqət var. Buna rəğmən, hadisənin yönünü dəyişdirmək istəyənlər var. Səudiyyə Ərəbistanının baş prokuroru gəldi, Türkiyənin baş prokuroru ilə görüşdü", -deyən prezident onu da vurğulamışdı ki, Türkiyə tərəfi bu dəlilləri Səudiyyə rəsmiləri başda olmaqla cinayətin təfərrüatını öyrənmək istəyən hər kəslə paylaşıb. 
 
R.T.Ərdoğanın bu çıxışından 17 gün sonra rəsmi Riyad da Qaşıqçının qətlə yetirilməsini etiraf etmişdi. Bununla belə, krallıq şübhələri vəliəhdin üzərindən yayındırmaq üçün bəzi icraçıları həbs etmiş və qətlin günahının onların üzərinə yükləmişdi. ABŞ xüsusi xidmət orqanının indiyədək gizli tutulan hesabatı isə vəziyyəti büsbütün dəyişdirə bilər.




Ana səhifəyə qayıt        Baxış: 5 677          Tarix: 27-02-2021, 09:59      

Xəbəri paylaş


Paylaş:   

Prizma