Xəbər lenti

 
ABŞ Dövlət Departamentinin sədri Antoni Blinkenin “Şimal axını-2” layihəsi ilə bağlı növbəti açıqlaması yenə ciddi polemikalara səbəb olub.
 
Ovqat.com-un məlumatına görə, Blinken 2 gün öncə ABŞ Senatı qarşısında verdiyi hesabatda bildirmişdi ki, Vaşinqton Almaniya ilə danışıqlarında "Şimal Axını-2" layihəsinin mənfi nəticələrinə qarşı "avtomatik" tədbirlər görülməsini tələb edir.
 
Blinkenin fikrincə, Vaşinqton Rusiya qazının Ukrayna ərazisindən axışını davam etdirməyə yönəlmiş bütün hiylələrinin qarşısını ala bilməsə, ukraynalılara itirilmiş tranzit haqları üçün maddi təzminat ödənilməsini tələb edəcək. "Bu, avropalıların həll etməli olduqları məsələdir", - deyən Blinken təzminatı ödəyəcək ünvanı da açıq göstərmişdi.
 
Dövlət katibinin bu sözlərindən Vaşinqtonun Almanyanı nəzərdə tutduğu anlaşılır. Çünki Avropa tərəfindən “Şimal axını-2” layihəsnin çəkilməsində Almaniya xüsusi can-fəşanlıq edir. Blinkenin sözündən isə çıxır ki, Berlin əgər bu kəmərin çəkilməsində bu qədər maraqlıdırsa, o zaman layihənin işə düşməsi ilə Ukraynanın kəsilən transit xərclərini və daha bahaya alacağı qazın pulunu Kiyevə ödəməlidir. Kiyevin hesablamalarına görə isə, bu itki hardasa ildə 4-5 milyard dollara bərabər olacaq. 


 
Maraqlıdır ki, Almaniyanın boynuna qoyulmağa çalışılan bu təzminat haqqına etiraz Berlindən yox, Moskvadan gəlib. Bu gün həftəlik ənənəvi mətbuat konfransında çıxış edən Rusiya XİN-in sözçüsü Mariya Zaxarova Blinkenin "Şimal Axını-2" qaz kəmərinin istismarının mənfi nəticələrini azaltmaq” deyəndə nəyi nəzərdə tutduğunu anlamadığını bildirib: “Qaz kəməri əməliyyatının mənfi nəticələrini azaltmaq üçün yollar axtarmağın zərurəti barədə iddiaları başa düşmürük. Bu barədə fikirlər indi ABŞ dövlət katibindən, bir çox mütəxəssisdən eşidilir. Bu mövzuda hər hansı arqument ya haqsız rəqabəti, ya da vəziyyəti siyasiləşdirmək cəhdlərini nəzərdə tutur. Hər ikisi də məna yükündən tamamilə məhrumdur. Çünki istənilən iddiaların arxasında faktlar dayanmalıdır”.
 
Qeyd etdiyimiz kimi, Kiyev “Şimal axını-2” layihəsi çəkildikdən sonra Ukrayna üzərindən qaz nəqlinin tamamilə dayandırılacağını, nəticədə ölkənin 4-5 milyard dollar itirəcəyini dəfələrlə dilə gətirib. Prinsip etibarilə “Qazprom” yetkililəri də yeni layihə işə düşəndən sonra Ukrayna üzərindən qaz nəqlinin dayandırılacağını inkar etməyiblər. Onlar bunu Avropanın enerji tələbatı və Rusiyadan aldığı qaz miqdarı ilə əlaqələndiriblər. Məlum olduğu kimi, Avropanın illik qaz tələbatı 500 milyard kub metrdir. Onun 220 milyard kub metrə yaxınını isə Rusiya tədarük edir. “Şimal axını-2” layihəsi düşərsə, Rusiyanın Avropaya ixrac etdiyi qazın hardasa yarısı şimal xətti ilə ixrac olunacaq: 55 milyard kub metr “Şimal axını-1”, bir qədər də “Şimal axını-2” layihəsilə. Üstəlik, Rusiyanın Avropaya qaz nəqlini nəzərdə tutduğu “Türk axını, Belarus vasitəsi ilə göndərdiyi və s. kimi kəmərlər də var. Bütün bu kəmərlər Rusiyadan nəql olunan qaz həcmini tam ödəyəcək böyüklükdədir.


 
Ən əsası isə, sözügedən kəmərlər Ukrayna variantından daha ucuz başa gəlir və Avropanın enerji təhlükəsizliyi standartlarına daha uyğundur. Çünki Ukrayna üzərindən kəmər 1970-80-ci illərdə çəkilib. Həm o günün texnologiyası ilə, həm də üzərindən 40 ildən artıq zaman keçib. Hazırda bu boru xətti yenidən inşa olunmalıdır. Rus yetkililərin fikrincə, məsələ bununla da bitmir. Kiyev tez-tez transit haqqını artırır və bu, “Qazprom”u əlavə xərcə salır.
 
“Qazprom”-un iddialarının nə dərəcədə haqlı olub-olmadığını müzakirəyə çıxarmaq istəmirik. Bu arqumentlərdə haqlı olsa belə, görünən budur ki, Ukrayna Rusiyadan üz çevirib Avropaya inteqrasiya yolunu tutduğu üçün Moskva tərəfindən cəzalandırılır. Yəqin ki, “mənfi nəticələr” deyəndə Bliken bunu nəzərdə tutur. 
 
Zaxarova isə bunu “qaz kəməri əməliyyatının mənfi nəticələri” hesab etmir. Xanım diplomatın fikrincə, “Şimal axını-2” iqtisadi layihədir və onun necə çəkilməsini tərəflərin iqtisadi maraqları müəyyənləşdirir.
 
ABŞ niyə başqa qitədə özünə heç bir dəxli olmayan, tamamilə kommersiya xarakterli, gəlirli və şəffaf enerji layihəsinin qarşısını almağa çalışır? Bu, avropalıların, bizim işimizdir, qitədə yerləşən ölkələrin işidir - qarşılıqlı fəaliyyətimizi necə quracağıq, buna özümüz qərar verməliyik. Buna görə də, bu dəhşətli siyasi kampaniyanın sona çatması ilə əlaqədar mənfi nəticələr barədə fikir irəli sürülürsə, nə demək istədiklərini özləri şərh etsinlər”, - diplomat belə deyib.


 
Mariya Zaxarovanın Blinkenin sözlərindən bu qədər narahat olması, sözsüz ki, Almaniyanın maraqlarını müdafiə etməkdən qaynaqlanmır. ABŞ-ın əsas hədəfi Rusiyanın layihəsinin qarşısını almaqdır və bu səbəbdən də Almaniya üzərinə ağır təzminatlar yükləyib onu kəmər çəkmək sevdasından vaz keçirmək istəyir. Blinken bunu gizlətmir də. O, Senatdakı çıxışında boru kəmərinin tamamlanmasında və istismara verilməsində fərqli fərqli niyyətlər güdüldüyünü və Vaşinqtonun bu xəttin işləməməsi üçün çalışmalarını davam etdirəcəyini bildirmiş və atacaqları addımların konturlarını da göstərmişdi: "Bütün bunlar danışıqlar masasının üstündədir və üzərində çox fəal işləyirik. Təbii ki, boru kəmərinin işləməsi üçün sığorta və digər icazə verənlərə qarşı hərəkət etmək imkanımız da var".

Heydər Oğuz,
Ovqat.com


Ana səhifəyə qayıt        Baxış: 6 169          Tarix: 10-06-2021, 21:30      

Xəbəri paylaş


Paylaş:   

Prizma