Xəbər lenti

 
ABŞ-ın dövlət katibi Entoni Blinken CNN-ə verdiyi müsahibədə bildirib ki, Amerika tərəfi "Şimal axını-2"nin tikintisi ilə bağlı mövqeyini dəfələrlə Almaniyaya çatdırıb, amma fikir ayrılıqları hələ də davam edir.
 
Ovqat.com-un məlumatına görə, dövlət katibi Vaşinqtonun layihəyə qarşı sanksiyaların bundan sonra da davam etdirmək niyyətində olduğunu gizlətməyib.
 
Almaniyanın “Şimal axını-2” layihəsində iştirakı ilə bağlı israrını şərh edən Blinken bunu “pis fikir” kimi qiymətləndirib.
 
“Bunun pis bir fikir olduğunu düşünürük və mövqeyimizi yaxın tərəfdaşımız Almaniyaya birbaşa çatdırmaq bizim üçün vacib idi. Mən də bunu eləmişəm. Konqres də eyni fikirdədir. Biz ABŞ qanunvericiliyini əsas götürüb tikinti ilə məşğul olan və boru kəmərini tamamlamağa çalışan şirkətlərə qarşı sanksiyalar tətbiq etdik. Bu siyasətimizi davam edəcəyimizi açıqladıq", - ABŞ yetkilisi müsahibəsində belə deyib.
 
Blinkenin əvvəlki çıxışlarında da bildirmişdi ki, qaz kəmərinin çəkilişində iştirak edən firmalar sanksiyalara məruz qalma riski daşıyırlar. Dövlət Departamentinin rəsmi bəyanatlarında da qeyd olunub ki, ABŞ prezidenti Co Bayden “Şimal axını-“2”-ni “pis razılaşma” hesab edir.


 
ABŞ-ın basqıları bununla da kifayətlənməyib. Vaşinqton NATO vasitəsilə də Berlinə təzyiqlər göstərib. Bunu Şimali Atlantika Alyansının baş katibi Jens Stoltenberg də özünün son çıxışlarının birində rəsmən etiraf edib. O, rəhbərlik etdiyi NATO-da “Şimal axını-2” tərəfdarlarının olduğunu deyib və təəssüflə vurğulayıb ki, təşkilat bu qüvvələrin müxalifliyi sayəsində layihə ilə bağlı ortaq bir mövqe işləyib hazırlaya bilməyib. Baş katib açıq ad çəkməsə də, ekspertlər söhbətin Almaniyadan getdiyinə şübhə etmirlər.
 
Ovqat.com


Ana səhifəyə qayıt        Baxış: 5 529          Tarix: 28-03-2021, 19:52      

Xəbəri paylaş


Paylaş:   

Prizma