Səudiyyə Ərəbistanı kralı Salman bin Əbdüləziz Əl-Səudun hakimiyyətə gəldiyi 2015-ci ilə qədər beynəlxalq arenada kimsənin tanımadığı oğlu Məhəmməd bin Salman Əl-Səudun iki il ərzində az qala ölkədə bütün orqanlara nəzarəti ələ keçirməsi və son olaraq əmisi oğlu Məhəmməd bin Nayifin yerinə birinci vəliəhd şahzadə vəzifəsinə gətirilməsi Yaxın Şərqdə ən çox müzakirə edilən mövzu olaraq qalmaqdadır.
Publika.az xəbər verir ki, mövzu ilə bağlı növbəti iddia İran mediası tərəfindən ortaya atılıb.
İddiaya görə, kral Salman bir müddət sonra vəzifəsindən gedəcək, Məhəmməd bin Salman kral olacaq. Baş verən prosesləri “səssiz çevriliş” adlandıran İran mediası yazır ki, şahzadəyə yaxın şəxslərin hələ onun vəliəhd təyin edilməsindən əvvəl əhəmiyyətli vəzifələrə gətirilməsi kralın tezliklə dəyişəcəyini göstərir.
Məhəmməd bin Salmana sadiq olduğu deyilən və hələ 20 yaşlarında olan qardaşı Xalid bin Salmanın aprel ayında ABŞ-a səfir təyin edilməsi də gözlənilən dəyişikliyin nişanəsi olaraq göstərilir.
Xatırladaq ki, iyunun 20-də Səudiyyə Ərəbistanı Krallığı vəliəhd şahzadə Məhəmməd bin Nayifin yerinə Məhəmməd bin Salmanı təyin edib. Məhəmməd bin Nayif həmçinin daxili işlər naziri vəzifəsindən də çıxarılıb. Beləliklə, ölkədə kralın varisi dəyişib.
Məhəmməd bin Salman “Vizion 2030” adı verilən və Səudiyyə Ərəbistanı tarixinin ən böyük iqtisadi islahat proqramı adlandırılan layihəni idarə edir. Layihə ölkə büdcəsinin neftdən olan asılılığın azaldılmasını, turizm sektorunun hüquqlarının Məkkə və Mədinədən çıxarılmasını və “Aramco” neft şirkətinin qismən özəlləşdirilməsini nəzərdə tutur.
Paylaş: