Xəbər lenti
 
 
 
ABŞ Konqresinin 27 üzvü dövlət katibi Entoni Bilinkenə Türkiyənin dron istehsalı bağlı məktub göndərib.
 
Ovqat.com-un məlumatına görə, iki səhifədən ibarət olan məktubda Türkiyənin dron istehsalının ABŞ-ın maraqlarını, müttəfiqlərini və tərəfdaşlarını təhdid etdiyi bildirilir. 
 
Məktubda həmçinin Türkiyənin Rusiyadan S-400 hava hücumundan müdafiə sistemləri alması nəticəsində iki ölkə arasında davam edən əməkdaşlığın pozulduğu və bu səbəbdən uzun illər boyu yaxın əməkdaşlığa baxmayaraq, Ankaraya CAATSA sanksiyalarının tətbiq olunduğu xatırladılır.
 
Məktubda Türkiyənin Rusiyadan ikinci bir S-400 almaqda israrlı olduğu və Ankaranın NATO üzvlərinə qarşı addım atmağa davam etdiyi vurğulanır.
 
Türkiyənin F-35 proqramından kənarda qaldığı kimi, oxşar davranışların sürətlə çoxalan pilotsuz uçan aparatları da əhatə etməsinin vacibliyini bildirən konqresmenlər məktubda 44 günlük Qarabağ müharibəsinə də toxunublar və ötən il sentyabrın 27-də başlayan savaş zamanı Türkiyənin Azərbaycana SİHA göndərdiyini bildiriblər. Bundan əlavə, konqresmenlər Suriyada YPG -yə qarşı SİHA -ların istifadə edildiyini və Liviyadakı vətəndaş müharibəsində də Türk SİHA -larının rol oynadığını xatırladıblar.
 
Silahlı dronların satışına dair Polşa və Pakistanla razılaşma əldə edildiyini bildirən müəlliflər Türkiyənin müştərək silahlı PUA və pilotsuz uçan müdafiə sistemlərinin istehsalı üçün Rusiya və Pakistanla danışıqlar apardığını yazıblar: "Türkiyənin istehsal etdiyi silahlı dronların Qafqaz, Cənubi Asiya, Şərqi Aralıq dənizi, Yaxın Şərq və Şimali Afrikada sabitliyi daha çox pozmaq potensialı göz nəzərdən qaçırılmamalıdır".
 
“Bayraktar TB2” PUA-larının istehsalında Amerika texnologiyasından istifadə olunduğunu, bunun 44 günlük savaşda toplanan dəlillərlə təsbit edildiyini vurğulayan konqresmenlər həmin hissələrin Türkiyəyə ötürülməsinin CAATSA sanksiyalarını pozduğunu dilə gətiriblər.
 
Dövlət katibi Blinkendən Türkiyənin pilotsuz uçuş aparatları haqqında geniş məlumat verilməsini istəyən 27 konqresmen ABŞ -dan “Bayraktar”ların istehsalında istifadə olunan hissələrin ixracını dərhal dayandırmasını tələb ediblər.
 
Qeyd edək ki, ABŞ konqresmenlərinin dövlət katibinə yolladığı bu məktub ilk deyil. İyul ayında Demokrat Partiya üzvü David Cicillin və Cümhuriyyət Partiyası üzvü Gus Bilirakis bənzər məktub yazaraq pilotsuz təyyarə texnologiyasının Türkiyəyə ixracatının dayandırılmasını tələb etmişdilər. Son məktuba da imza atan həmin konqresmenlərdən biri Gus Bilirakis yunan mənşəlidir və bu fakt sübut edir ki, ABŞ-dakı yunan və erməni lobbiləri Türkiyəyə qarşı birgə fəaliyyətə qərar veriblər.
 
Son məktubu imzalayan digər konqresmenlər: Colin Allred, Don Bacon, Judi Chu, Ted Deutch, Brian Fitzpatrick, Chuck Fleischmann, Al Green, Raja Krishnamoorthi, Barbara Lee, Zoe Lofgren, Carolyn Maloney, Brian Mast, James McGovern, Grace Meng, Frank Pallone, Chris Papas, John Sarbanes, Adam Schiff, Brad Schneider, Brad Sherman, Jackie Speier, Dina Titus, Norma Torres, David Valadao və Michael Waltz.
 
Bu konqresmenlərin demək olar ki hamısı bundan əvvəl də ermənilərin müdafiəsi üçün Azərbaycanın əleyhinə hazırlanan bütün sənəd layihələrinə imza atıblar.
 


Ana səhifəyə qayıt        Baxış: 6 500          Tarix: 12-08-2021, 08:29      

Xəbəri paylaş


Paylaş:   

Prizma