Səudiyyə Ərəbistanı kralı Salman bin Əbdüləziz əl-Səud Fransa prezidentinə məktub göndərib. Məktubda bildirilir ki, əgər Qatar dövləti Rusiyadan S-400 zenit-raket kompleksləri alarsa, Səudiyyə Ərəbistanı bu ölkəyə qarşı hərbi əməliyyat keçirməyə hazır olacaq.
APA-nın xəbərinə görə, bu barədə “Monde” qəzeti məlumat yayıb.
Kral məktubunda Moskva və Doha arasında bu mövzuda aparılan danışıqlardan narahatlığını ifadə edib. O, narahatdır ki, Qatarda S-400 sisteminin qurulması Səudiyyə hava məkanının təhlükəsizliyinə mənfi təsir edəcək. “Belə bir vəziyyətdə krallıq hərbi tədbirlər də daxil olmaqla, bu sistemi ləğv etmək üçün bütün lazımi addımları atmağa hazır olacaq”, - deyə məktubda bildirilib.
Kral Fransa prezidentindən xahiş edib ki, bu sövdələşmənin qarşısını alsın.
Qeyd edək ki, 2017-ci ildə Qatar və Rusiya arasında hərbi-texniki əməkdaşlığa dair hökumətlərarası saziş imzalanıb. Qatarın Moskvadakı səfiri Rusiyadan hava hücumundan müdafiə sistemi ala biləcəklərini açıqlayıb.
Paylaş: